Ümumilikdə ölkəmizdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların
mühafizəsi və bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə
çevrilmişdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, ekoloji təhlükəsizliyin təmin
olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin
təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə
təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən
yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə
milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının
müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi
Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. Ekologiya və
Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş
tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o
cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.
Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks
həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət
proqramları təsdiq edilmiş və onların icrası
istiqamətində tədbirlər görülmüşdür. Ölkədə mövcud qoruq və yasaqlıqların
ərazisi genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının
gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət
əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata
keçirilməsini təmin etməkdən ibarət olmuşdur. Ətraf mühitlə bağlı qəbul olunmuş
proqramların uğurla reallaşdırılması, ekoloji problemlərin daha səmərəli həlli
məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet
məsələlər sırasına qaldırılmasına aydın misaldır.
Təbii ehtiyatların istismar intensivliyi nəzərə alınaraq Xəzər hövzəsinin
Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində
ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə
saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya
standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı
dönüşün yaranmasına gətirib çıxarmışdır.
Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər
Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində
ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına
səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların
tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin
mühafizəsi
sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və
maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.
Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və
gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji
sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli
istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.
İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət
zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf
mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.
|