“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi
idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il
29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən ətraf mühitin
qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin
qiymətləndirilməsi məqsədilə yaradılmış Əməliyyat Qərargahlarında təmsil olunan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qubadlı, Zəngilan,
Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazilərində monitorinqlərə
başlanılmışdır.
Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərib ki, yaşayış
məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbristanlıqlar
tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə
ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılib.
Konkret fakta müraciət etsək, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan
ərazilərində 13197, 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə
məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitir.
Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın,
Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi qorunan ərazilərdə “Qırmızı kitab”a
daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv
edilib. Hətta müharibə dövründə ermənilər qadağan olunmuş fosfor bombalarından
istifadə etməklə həmin ərazidəki bütün bitki örtüyünü məhv edib. Azərbaycanın
işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində, təxminən 110
min hektar ərazi sıradan çıxıb. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün
olmayan və istifadəsi qadağan olunmuş ağ fosfor bombalarından istifadə etməklə,
Şuşa meşələrinə sağalmaz yaralar vurub.
Ermənistanın son 30 ilə yaxın müddətdə işğal edilən ərazilərin təbii
sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan
vurması göz qabağındadır. Həmin ərazilərin ətraf təbii mühitinə vurulan ziyan
isə regionda ekoloji tarazlığın pozulmasına yol açıb. Rəsmi qurumların işğaldan
azad edilən ərazilərdə apardıqları monitorinq zamanı təbii sərvətlərimizin talan
edilməsinin, meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin (daşınmasında
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus olan hərbi
texnikadan istifadə edilib) bir daha ortaya çıxıb. Qazax rayonu istiqamətində,
Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə
ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s.
çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb.
Erməni vandallığını sübut edən faktlardan biri də, keçmiş Sovet dövründən xüsusi
qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik
qədim ağacların qəsdən kəsilməsi və zəngin təbiət tarixinin bilərəkdən
silinməsinə şərait yaradılmasıdır. Belə ki, bir neçə gün ərzində aparılan
monitorinqlərin nəticələrinə görə, Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının
ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarının məhv edildiyi müəyyən
olunub. Bu ağacların yerində bitən 2 metrə qədər pöhrələr bu qədim çinarların
bir neçə il əvvəl kəsildiyini təsdiq edir.
|