Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan
fəaliyyətinin ətraf mühitə mənfi
təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə
nəticələnmişdir. Ekoloji tarazlığın
qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və
atmosfer havasının çirklənmədən
mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir.
Demoqrafik artımla yanaşı istehlakın kəskin artması, gələcəkdə bərpası mümkün
olmayacaq təbii
ehtiyatların tükənməyə başlaması kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə
bağlı düşüncə və
fəaliyyətlərə də öz təsirini göstərmişdir.
Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında
zəruri balansın saxlanması
yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin-davamlı
inkişafın formalaşdırılması hesabına ola bilər.
Hər bir ölkənin özünəməxsus ətraf mühit strategiyası və siyasət xətti olsa da,
qlobal məqsədlər insanların
sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit
dəyərlərinin qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir.
Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin
görülməsi, ekoloji
vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı
inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin
minimuma endirilməsi və
mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək
məqsədilə təbii
sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və
enerji effektivliyinə nail
olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların
qiymətləndirilməsi, həlli yollarının
müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi
ölkənin ekoloji siyasətinin əsas istiqamətləridir.
Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin
koordinasiyasının
gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii
ehtiyatların mühafizəsi, elmə
əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi və insan
resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.
Azərbaycan hələ 2003-cü ildə Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf
üzrə Milli proqram qəbul
etmişdir. Minilliyin İnkişaf Məqsədlərindən biri olan Ətraf mühitin
davamlılığını təmin etmək üzrə fəaliyyət
planına əsasən davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına
daxil edilmişdir.
Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin
miqyasının artırılması,biomüxtəlifliyin mühafizəsi, arid ərazilərdə torpaqların münbitləşdirilərək
yaşıllaşdırılması, Xəzər
dənizinin dəniz ətraf mühitinin qorunması, iqlim dəyişikliklərinin mənfi
təsirlərinin azaldılması,
hidrometeoroloji müşahidə sistemlərinin və monitorinq şəbəkəsinin
modernləşdirilməsi, qanunvericiliyin
təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, əhalinin ekoloji şüur səviyyəsinin
artırılması fəaliyyət istiqamətlərindən olmuşdur.
Hazırda neft və neft məhsulları ilə çirklənmiş ərazilərin ekoloji bərpası
məqsədilə “Suraxanı rayonunda
keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji
vəziyyətinin sağlamlaşdırılması və
landşaftın bərpası”, Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində
“Çuxurdərə gölməçələrinin
ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası”, “Abşeron
yarımadasında çirklənmiş
torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi” və s. layihələr həyata
keçirilir.
Bununla yanaşı tullantıların, o cümlədən plastik tullantıların idarə olunması
istiqamətində müvafiq
tədbirlər həyata keçirilir, tullantıların təkrar emalının təşkili üçün təşviqat
işləri aparılır.
Meşə ilə örtülü ərazilərin miqyasının artırılması istiqamətində aparılmış
meşəsalma və meşəbərpa
tədbirləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi hazırda ölkə ərazisinin
12 faizini təşkil edir. Son 17
ildə 152,4 min ha meşəsalma və meşəbərpa tədbirləri aparılmış, 96,445 milyon
ağac əkilmişdir.
Qeyri-meşə fondu torpaqlarında yaşıllaşdırma tədbirləri çərçivəsində arid
ərazilərlə səciyyələnən
ərazilərdə ümumilikdə 4438 hektar ərazidə 5 386 min ağac əkilmişdir.
Yaşıllaşdırma layihələrinin
davamlılığının təmin edilməsi üşün ərazilər damcılı suvarma sistemləri ilə təmin
olunmuşdur. Suvarmada
alternativ su mənbələrindən - duzsuzlaşdırılmış dəniz suyundan, həmçinin
tullantı sularından təkrar
istifadə olunur. Bundan başqa, məhsul verən ağaclara, o cümlədən zeytun və digər
meyvə ağaclarının əkilməsinə üstünlük verilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildəki 478 min
hektardan 893 min
hektara qədər artırılaraq ölkə ərazisinin 10,3%-nə çatdırılmışdır (10 milli park,
10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı).
Su hövzələrində bioloji resursların artırılması istiqamətində son 17 ildə 7
milyard ədədə yaxın balıq, o
cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə
buraxılmışdır.
Müasir dövrdə enerji təhlükəsizliyi və ətraf mühitin çirklənməsi, qlobal iqlim
dəyişmələri bəşəriyyəti
narahat edən əsas problemlərdəndir. Bütün dövlətlər özlərinin yanacaq-enerji
balansına yeni enerji
mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, biokütlə,
dalğa, qabarma-çəkilmə, kiçik
çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur.
Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji
problemlərin həll edilməsi
üçün təmiz texnologiyaların tətbiqinə yer verilir. “Yaşıl iqtisadiyyata”
sərmayələrin cəlb olunması üçün
ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək,
istilik effekti yaradan qazları
azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli
istifadə üzrə tədbirlər həyata keçirilir.
Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas bir ölkədir
və ölkə artıq iqlim
dəyişmələrinin mənfi təsirlərini - daşqınlar, sellər, quraqlıq, istilik
stressləri və s. kimi təbiət hadisələrinin sayının artmasını özündə hiss edir.
Bu da adekvat adaptasiya tədbirlərini ön plana çəkir.
Bununla bağlı iqlim dəyişmələrinə həssas olan sahələrdə ətraf mühitə dost
texnologiyalar tətbiq etməklə
bir sıra infrastruktur layihələri - su anbarları və elektrik stansiyalarının
inşası, meşəsalma və su layihələri
həyata keçirilir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 2015-ci ildə Paris
şəhərində keçirilmiş 21-ci
Tərəflər Konfransında qlobal iqlim dəyişmələri üzrə 2020-ci ildən sonrakı dövr
üçün iqlim dəyişmələri ilə
mübarizə sahəsində qlobal səviyyəli beynəlxalq-hüquqi sənəd olan Paris Sazişi
qəbul edilmışdir. Paris
Sazişi, Konvensiyanın həyata keçirilməsinin genişləndirilməsi ilə davamlı
inkişafa nail olmaq və yoxsulluğu
aradan qaldırmaq üzrə səylər kontekstində iqlim dəyişmələri təhlükəsinə qlobal
cavab tədbirlərini
gücləndirmək məqsədini daşıyır.
Azərbaycan özünün nəzərdə tutulan müəyyən edilmiş milli töhfələri sənədində
ölkənin milli şəraitini,
gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal
iqlim dəyişmələrinə təsirlərin
yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili olan 1990-cı il ilə
müqayisədə 2030-cu ilə istilik
effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf
kimi götürmüşdür.
Azərbaycanda iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində bərpa
olunan enerji mənbələrindən
və enerji səmərəli texnologiyalardan istifadənin artırılması, istilik elektrik
stansiyalarında mazutdan
istifadənin dayandırılması və onun əvəzinə daha təmiz yanacaq olan təbii qazdan
istifadə edilməsi, meşə
ərazilərinin genişləndirilməsi, səmt qazlarının atmosferə atılma həcminin və
elektrik enerjisi istehsalında
sərf olunan şərti yanacaq vahidinin ildən-ilə azaldılması və s. kimi tədbirlər
həyata keçirilmişdir. Gələcəkdə
də iqtisadiyyatın müxtəlif sektorlarında bu cür fəaliyyətin davam etdirilməsi
nəzərdə tutulur ki, bu da
qlobal iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində göstərilən səylərə
milli töhfənin daha da
artmasına gətirib çıxaracaqdır.
Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji
hadisələrə nəzarətin
gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün
hidrometeorologiya
sahəsində yeni texnologiyaların tətbiqi işləri aparılmış, müasir tələblərə uyğun
məlumatların təhlükəsiz
saxlanması və idarə olunmasına imkan verən müvafiq telekommunikasiya sistemi
qurulmuş, avtomat
meteoroloji stansiyaların sayı 68-ə çatdırılmışdır.
Eyni zamanda monitorinq sistemi təkmilləşdirilmiş, ətraf mühitdə gedən
proseslərin qiymətləndirilməsi
və proqnozlaşdırılması sahəsində yeni texnologiyaların tətbiqinə yer verilmiş,
atmosfer havasının
çirklənməsinin fasiləsiz monitorinqinin aparılması üçün avtomatik stansiyalar
kompleksi qurulmuş,
atmosfer havasının vəziyyəti barədə məlumatların onlayn qaydada ictimaiyyətə
çatdırılması təmin
edilmişdir.
Son illərdə Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normativ
hüquqi aktların ölkənin
qoşulduğu beynəlxalq müqavilələrin müddəalarına, həmçinin Avropa İttifaqının
qanunvericiliyinə
uyğunlaşdırılması istiqamətində tədbirlər görülmüşdür. Ətraf mühitə dair
qanunvericiliyin
təkmilləşdirilməsi istiqamətində bir sıra yeni qanunlar qəbul edilmiş, mövcud
qanunlara əlavə və
dəyişikliklər edilmişdir. Qanunvericilik əsasən atmosfer havası, su ehtiyatları,
məişət və istehsalat
tullantıları, su bioresursları, biomüxtəlifliyin qorunması sahələrini əhatə
etmişdir. Yeni qanunların qəbul
edilməsi, mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bərabər,
həmçinin onların icrasının təmin
edilməsi məqsədilə müvafiq normativ aktlar, qaydalar hazırlanıb təsdiq
olunmuşdur.
Mövcud problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən beynəlxalq
təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət
verilir. Belə ki, BMT-nin
İnkişaf , Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, Qlobal Ekoloji Fond,
Avropa İqtisadi
Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı,
Asiya bankı, Ümumdünya
Vəhşi Təbiət fondu və s. təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla
bərabər müvafiq sazişlər
əsasında inkişaf etmiş ölkələrlə iki tərəfli əməkdaşlıqlar qurulur.
Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət
yetirilir. Belə ki, Azərbaycan
Respublikası bu günə kimi 21 konvensiyaya qoşulmuş, müvafiq protokollar
imzalamışdır.
|