Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş
ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl
enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük
Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar
2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının
yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə
kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilmişdir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji”
zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq
məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası
istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılmış və müvafiq
Konsepsiya sənədi hazırlanmışdır.
Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa
olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz
yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə
malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər
formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin
enerji tələbatı modelləri hazırlanmışdır.
Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə
bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji
səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin
damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin)
qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi
əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa
olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə
texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi
tədbirlər nəzərdə tutulmuşdur.
Bununla yanaşı, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo
şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə
müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-ə qədər
azaldılması və işğaldan azad edilmiş ərazilərdə "xalis sıfır emissiya" zonası
yaradılması niyyəti bəyan edilmişdir. Bu da öz növbəsində işğaldan azad edilmiş
ərazilərin yaşıl enerji zonasına çevrilməsinə töhfəsini verəcəkdir.
İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli
rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu
texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda,
ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək
enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir.
Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük
hidroenerji potensialı mövcuddur.
İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi
enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə
xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal
güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən
20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilmişdir:
“Güləbird” SES - 8 MVt;
“Suqovuşan-1” KSES - 4,8 MVt;
“Suqovuşan-2” KSES - 3,0 MVt;
“Kəlbəcər-1” KSES - 4,4 MVt.
Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü
Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası")
olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir.
Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi
planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan
azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə
verəcəkdir.
Bundan başqa, 3 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika
Nazirliyi ilə bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə
günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata
keçirilməsi fəaliyyəti üzrə İcra Müqaviləsi imzalanmışdır.