E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

ECOLOGICAL CALENDAR

 

Dünyada insanlar tərəfindən hər il qeyd olunan müxtəlif ekoloji günlər var. Belə günlərin qeyd olunmasının məqsədi ictimaiyyətin diqqətini planetimizdə olan ekoloji problemlərə cəlb etməkdir. Bunlardan ən məşhurları Ətraf Mühitin Mühafizəsi, Su, Yer, Parklara yürüş, Ozon Qatının Qorunmasıdır.

2 FEVRAL – ÜMUMDÜNYA SU - BATAQLIQ GÜNÜ 2 fevral 1971-ci ildə İranın Ramsar şəhərində “Sudaüzən quşlar üçün beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq hövzələrinə dair Konvensiya” imzalanmışdır.


19 FEVRAL - ÜMUMDÜNYA SU MƏMƏLİLƏRİNİN MÜHAFİZƏSİ GÜNÜ-19 fevral tarixində Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü qeyd edilir (Balinalar Günü). Bu gün təkcə balinalar deyil, bütün dəniz məməliləri və dəniz və okeanlarda yaşayan bütün canlı varlıqlar mühafizə olunur.
Bu gün 1986-cı ildən keçirilməyə başlamışdır, 200 il ərzində balinaların məhv edilməsindən sonra Beynəlxalq balinalar komissiyası onların ovlanmasına qadağa qoymuşdur. Bu qadağa hələ də qüvvədədir və iri balinaların ovlanması və balina ətinin ticarəti qanunla qadağan edilmişdir. Hər il müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları balinaların və digər su məməlilərinin mühafizəsinə diqqəti cəlb etmək məqsədilə çoxsaylı aksiyalar keçirirlər.

 22 Mart –Ümumdünya su günü- BMT-nin Baş Assambleyası 22 dekabr 1992-ci il, 47/193 nömrəli qətnaməyə əsasən 22 mart tarixini “Ümumdünya su resursları günü” elan etmişdir. Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir.


23 Mart - Ümumdünya meteoroloq günü 1961 ildə Ümumdünya meteoroloji təşkilat 23 mart tarixini Ümumdünya meteoroloji gün kimi qeyd etməyi qərara almışdır. Bu günü qeyd etməkdə məqsəd – əhalinin sağlamlığını təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqəti cəlb etməkdir. Hər il bu gündə insanlara 38 meteoroloji xidmətin mənasını başa salan təzə şüar seçilir.


 1 aprel – Beynəlxalq quşlar günü- 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb və bu gün dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaqdır. Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən “İnsan və Biosfer” adlı ilə həyata keçirilən xüsusi proqram çərçivəsində qeyd edilir. Bu gün məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, quş yuvalarını yeniləmək və təzədən tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar.


 22 aprel – Yer günü- Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer gününün bayram edilməsi XIX əsrin 40-cı illərindən başlayır. 1872-ci ildə C. Morton Nebraska ştatında il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq “Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur. 1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliğatı, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri əhatə etməsi ilə əlaqədar olaraq bayram “Yer günü” adlandırılmışdır. Dünyanın bir çox ölkəsində Yer günü qeyd olunur. Əgər 1970-ci ildə birinci Yer gününün qeyd olunmasında 20 milyon insan iştirak etmişsə, indi bu rəqəm on dəfə çoxdur. Bu gün yalnız maarifləndirmə tədbirləri (sərgilər, mühazirələr, söhbətlər) təşkil olunmur, həmçinin mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər yığılır.


 22 may – Beynəlxalq biomüxtəliflik günü- 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməyə əsasən 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin “Beynəlxalq bioloji müxtəliflik günü” elan etmişdir. Əvvəllər isə 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli qətnamə ilə həmin gün dekabrın 29-da qeyd olunurdu.


 23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramı- 2007-ci il 16 may tarixində Prezident İlham Əliyev tərəfindən hər il may ayının 23-ü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalanmışdır.


 5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi günü- Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 05 iyunun «Ümumdünya ətraf mühit günü» kimi qeyd olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlandı.


 17 iyun – Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü- Səhralaşma - qlobal ekoloji və sosial - iqtisadi problemdir. Bununla əlaqədar 1994-cü ildən 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir. 17 iyunda qeyd olunan “Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü” 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunmuşdur. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilmişdir. Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.


 12 avqust - Xəzər günüdür- “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” beş Xəzəryanı dövlət arasında təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. O, “çirkləndirici ödəyir” və məlumatın əldə edilməsi prinsipləri də daxil olmaqla bir sıra rəhbər prinsiplərə söykənir. Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, həmçinin Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar əksini tapmışdır.
Konvensiya beş Xəzəryanı dövlət tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minmişdir. Bundan sonra hər ilin 12 avqust tarixi Xəzəryanı dövlətlərdə “Xəzər günü” kimi qeyd edilməyə başlamışdır.
“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.


 16 sentyabr – Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü- Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur və beləliklə, planetimizdə həyatı mühafizə edir. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması problemi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: “Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”. 1994-cü ildə BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü” elan etmişdir. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilmişdir. “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulmuşdur.


 Sentyabrın sonuncu həftəsi - "Xəzər həftəsi"- 1978-ci ildən Beynəlxalq Dəniz Təşkilatı (BDT) Ümumdünya dəniz gününü qeyd edir. Bu günün tarixi hər dövlət üçün həmin ölkənin Beynəlxalq Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Azərbaycanda isə bu tarix sentyabr ayının son həftəsinə təsadüf edir. Bu gün ictimaiyyətin diqqəti gəmiçiliyə və dənizlərin mühafizəsinə cəlb olunur.
1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 10-cu sessiyasında qərara alınmış Ümumdünya Dəniz günü 1978-ci ildən qeyd olunur. 1980-ci ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırki dövrdə isə bu gün sentyabrın axırıncı həftəsi qeyd olunur.
Bütün dünyada bu bayramın keçirilməsinin məqsədi ictimaiyyətin, hökumət və özəl strukturların diqqətini dənizlərin və onların bioresurslarının qorunmasına cəlb etməkdir. Ənənəvi olaraq Dəniz günü dənizlərin və okeanların insanlar üçün əhəmiyyətindən, sualtı dünyanın sərvətlərindən və həmçinin hər bir Yer planeti sakininin onun qorunması üçün nə edə biləcəyindən bəhs edən konkurs, festival formasında keçirilir. Adətən ictimai təşkilatlar bu bayramı dənizlərin qorunması, çimərliklərin təmizlənməsi üçün mitinqlərin və yürüşlərin keçirilməsi ilə qeyd edirlər.


 1-2 oktyabr - Ümumdünya quşların müşahidəsi günü

 


 4 oktyabr – Ümumdünya heyvanların mühafizəsi günü- Bu gün hər bir insan “insanların dostları” olan heyvanlar və onların həyatının yaxşılaşdırılması barədə düşünməlidir.
İlk dəfə olaraq 1983-cü ildə fermalarda və sallaqxanalarda öldürülən milyonlarla heyvanın iztirabını insanların nəzərinə çatdırmaq üçün “Ümumdünya heyvanların mühafizəsi günü” keçirilmişdir.
4 oktyabr tarixi təsadüfi olaraq seçilməmişdir. Bu gün heyvanların müdafiəsinə qalxan ilk kəslərdən olan Mahatma Qandinin ad günüdür. Həmçinin, bu gün müqəddəs Fransisko Assizkonun ölüm günü kimi yad olunur. Orta əsr İtaliyasında yaşamış əfsanəvi zahid nəinki Fransis ordeninin əsasını qoyan, həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransisi heyvan və quşların əhatəsində təsvir ediblər.
 


 11 dekabr - Beynəlxalq Dağlar Günü- Beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbirdir.
BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq “Dağlar Günü” kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. “Dağlar Günü” hər il bir başlıq altında qeyd olunur.


<< Geri