"Azərbaycan
xalqının böyük sənətkarı ölməz Səməd Vurğunun övladı və ədəbi xələfi
kimi siz bir tərəfdən klassik irsimizə istinad edən, digər tərəfdən
müasir Avropa ədəbi ənənələrindən bəhrələnmiş yaradıcılığınızla
milli ədəbiyyatımızda böyük iz buraxmış, oxucuların dərin hörmət və
məhəbbətini qazanmısınız. Yüksək sənətkarlıq nümunəsi olan
əsərlərinizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda belə
tanıyır, böyük maraqla oxuyurlar.
Siz vətənimizin azadlığı və müstəqilliyi uğrunda göstərdiyiniz
ictimai-siyasi fəaliyyətlə Azərbaycanda milli- azadlıq hərəkatının
inkişafında, demokratiyanın, insan hüquqlarının bərqərar olmasında
mühüm rol oynamısınız".
Heydər Əliyev,
Azərbaycan Respublikasının ümummilli lideri
"Yazıçıya, adətən təkcə onun
ədəbi yaradıcılığına görə deyil, həm də cəmiyyətdəki mövqeyinə,
ictimai-siyasi mühitdəki fəaliyyətinə görə qiymət verilir, müasir
ədəbi hərəkatda yeri müəyyənləşdirilir. Yazıçını cəmiyyət
yetişdirir, sonra özü onun ardınca gedir; yazıçı və cəmiyyət
həmrəyliyi buna deyilir. Heç də təsadüfi deyilməyib ki, xüsusi
istedadı olan adamlar hökmdarla yanaşı dayanırlar. Bizim müasirimiz
olan Yusif Səmədoğlu bədii təxəyyülünə, dövlətçilik təfəkkürünə görə
belə, xüsusi istedada malik qələm şahibiydi.
Yusif nadir adamlardan və sənətçilərdən idi.
Söhbətlərə çox da müdaxilə etməzdi, az danışardı, sözünü sərrast
deyərdi, dediyi də yadda qalardı. Ciddi sözünün gözünə həmişə yumor
qatardı. Qarşısındakını düşündürərdi. Sadəliyi (adiliyi yox),
mərhəmətli olması, xeyirxah hissləri və intellekti həmişə onu
insanlara yaxınlaşdırmış, özü olan yerdə bir Yusif mühiti yaratmışdı".
Nəriman Həsənzadə,
Xalq şairi
"Yusif dünyaya çox yuxarıdan baxırdı. O yerdən ki,
aşağıda baş verənlərin hamısı ona məzəli oyunu xatırladırdı. Hər
şeyin sonunu, boşluğunu görürdü. Mənə elə gəlirdi ki, onun az
yazmağının səbəbi də tənbəllik deyildi. O, durduğu yerdən aşağı
dünyaya baxıb düşünürdü: "Mənim yazmağımla orada - həyatda
insanların, siçovulların, yolların, zibil yeşikiərinin arasında nə
dəyişəcək? Heç nə!" Bu boşluqda bu sualdan və bu cavabdan
sonra oğulsansa qələm götür yazı yaz! Amma Yusif yazdı, özünə əzab
verə - verə "Qətl günü"nü yazdı. Dostların qınağından canını
qurtarmaq üçün yazdı. Ədəbiyyatımız böyük bir sənət əsəri ilə
zənginləşdi. "Qətl günü" romanı Yusif Səmədoğlunun "Qu nəğməsi"
idi".
Fikrət Qoca,
Xalq şairi
"Səməd Vurğunun
oğlu Yusif heç bir iş görməsəydi də Azərbaycanın ən hörmətli
adamlarından bir olardı, hər yerdə barmaqla göstərilərdi, bütün
qapıları ərklə aça bilərdi. Amma Allah Yusifə atasının istedadına
layiq bir istedad verib və o, böyük xalq şairinin oğlu kimi
“anadangəlmə” hörmətinin üstünə həm də halal zəhməti ilə, gözəl
yaradıcılığı ilə qazandığı öz böyük hörmətini, özünə olan xalq
sevgisini də əlavə edib.
Yusif Səmədoğlu Allahın, sözün əsl mənasında, sevimli
bəndələrindəndir. Allah ondan heç nə əsirgəməyib. Elə bir ailədə
böyüyüb, gözəl tərbiyə və təhsil alıb, hərtərəfli istedad sahibidir;
üstəlik bütün yüksək insani xüsusiyyətləri öz parlaq şəxsiyyətində
toplayıb. Buna görə də hansı sahədə çalışıbsa, nə iş görübsə, uğur
qazanıb. Elə ilk hekayələri Yusifə ədəbi şöhrət gətirib, nəsrimizdə
öz dəsti-xətti, üslubu olan bir nasir kimi onu daim oxucuların
diqqət mərkəzində saxlayıb".
Sabir Rüstəmxanlı,
Xalq
şairi
"O, Azərbaycan ədəbiyyatı tarixinə "Qətl günü"
romanının müəllifi kimi daxil oldu. Rüstəm İbrahimbəyovun mənə
söylədiyi kimi, “Bu kitabın ən qiymətli cəhəti odur ki, onu Kafka,
İonesko, Bulqakov və Platonov kimi yazıçıları oxuyan bir
azərbaycanlı yazıb. Eyni zamanda nə qədər maraqlı hekayələr
müəllifıydi Yusif müəllim. Əgər əsilzadə (aristokrat) tənbəlliyi
olmasaydı, bu əlahiddə istedadlı, diqqətcil adamın qələmindən nə
qədər maraqlı əsərlər çıxa bilərdi".
Çingiz Abdullayev,
Xalq yazıçısı
"Yusif Səmədoğlu nə qədər az yazsa da, heç
şübhəsiz, ən böyük Azərbaycan yazıçılarından biri idi. Və yazıçı
kimi böyüklüyünün bir mühüm göstəricisi də elə az yazması idi.
Fikrimcə, Yusif Səmədoğlu ona görə az yazırdı ki, ədəbiyyata, söz
sənətinə (peşəsinə!) son dərəcədə ciddi, son dərəcədə məsuliyyətlə
yanaşırdı. Heç zaman unutmurdu ki, dahi Səməd Vurğunun oğludur... Və
onun böyük intellekti, yüksək zövqü həmişə, hər şeydən yazmağa, süni
populyarlığa imkan vermirdi.
Yusif Səmədoğlu sözün geniş (və böyük) mənasında həyat adamı
idi. O, bu dünyaya yalnız yazı yazmağa (yazıçı olmağa!) gəlməmişdi.
Gəlmişdi ki, həyatın insan görə biləcəyi bütün gözəlliklərini
görsün. Özündən sonra təbii, canlı bir İnsan obrazı (əsər!) qoyub
getsin. Və istədiyi kimi də elədi...".
Nizami Cəfərov,
Akademik
"Yusif Səmədoğlu bir yazıçı kimi, hələ ilk
hekayələrindən mənim fikrimi, diqqətimi cəlb eləmişdi. "Astana",
"Saat işləyir", "Qartal" və s. hekayələri Yusifin neorealizmi
deyilən bir ədəbi anlayışın Azərbaycan ədəbiyyatında ilk təzahürləri
idi. Yusif yaşına görə o qədər də çox yazmayıb. Ancaq yaxşı yazıb".
Qabil,
Xalq
şairi
"Yusif uşaqlıqda dəcəl deyildi. O, kiçik yaşlarından davranışı,
ədalarıyla çoxumuzdan fərqlənirdi. Mən həyətimizdəki yaşıdlarımla
müxtəlif oyunlar oynayırdım. Başım qarışırdı onlarla futbol
oynamağa, ya da velosiped sürürdüm. Yusifin isə heç vaxt futbol
topu, velosipedi olmadı. Bunlara həvəs göstərmirdi. Onda artıq onun
dostları iyirmi dörd, iyirmi beş yaşlı oğlanlarıydı. Həmişə özündən
yaşca böyüklərlə dostluq, yoldaşlıq edirdi. On altı yaşından Yusif
başına şlyapa qoyub. Onun maraqları artıq başqaydı.
Yusifin mütaliəsi məni heyrətləndirirdi. Kitabı necə oxumaq lazım
olduğunu mən Yusifdən öyrənirdim".
Vaqif Səmədoğlu,
Xalq
şairi
"Bizi -
Vaqifi, Fikrəti, Çingizi, Arifi, məni... Çingiz, Arif bizdən
cavandırlar, bizlərdən sonra hələ çox illər xatırlayacaqlar: “Anar
bir az qaraqabaq idi, Vaqif çox vaxt qaşqabaqlı, Fikrət bəzən dalğın
olurdu, amma Yusif... Yusifin həmişə dodağında təbəssüm, dilində xoş
bir lətifə, heç kəsi incitməyəcək, heç kəsin qəlbinə toxunmayacaq
şux zarafat olardı”.
Anar.,
Xalq yazıçısı
"Yeddi oğul
istərəm..." filminin yaradıcı heyəti Gəray bəy roluna çoxlu aktyor
çağırsa da, hamısını dəfələrlə sı-naqdan keçirsə də, hələ qəti
qənaətə gəlməmişdi. Sınaq çəkilişlərində mən də iştirak etmişdim.
Ancaq rejissor Tofiq Tağızadə məni Gəray bəy rolunda görmürdü. Ona
görə də heç mənimlə söhbət də etmək istəmirdi. Ancaq buna
baxmayaraq, ilk növbədə Yusif Səmədoğlunun dəfələrlə təkidi və ciddi
qətiyyəti ilə məni həmin rola təsdiqlədilər. O, bu barədə söhbət
düşəndə deyirdi: “Mən Turabovdan başqa Gəray bəy görmürəm”. Mənim
kino yaradıcılığımda ən sevdiyim rollardan biri Gəray bəydir. O rola
çəkildiyim üçün Yusif Səmədoğlunu həmişə minnətdarlıqla
xatırlayıram. Mən onu tanıyandan Yusifin xeyirxahlığına, xoş çöhrəli
görkəminə, səmimi söhbətlərinə, yüksək zövqlü ziyalılığına heyran
kəsilmişəm. Yusif Səmədoğlu kinomuzun həmişə bəy oğludur.
Həsənağa Turabov,
Xalq artisti
"Yusif Səmədoğlu
ağa-bəy nəslindən idi və bu xasiyyət onun hərəkət və
davranışlarında, insanlara münasibətində nəzərə çarpırdı.
Gözütoxluq, qürur hissi, xırda duyğuların, görüntülərin əsiri
olmamaq, əsilzadəlik onun mən gördüyüm, hiss etdiyim cəhətləri idi.
Yenidənqurma, sonra müstəqillik bir çox ifrat düşüncə sahiblərinə
imkan verdi ki, öz keçmişinə gülsün, inkar eləsin dünəni".
Vaqif Yusifli,
Əməkdar mədəniyyət işçisi
""Yeddi oğul istərəm" filminin ssenarisi göstərmişdi
ki, Yusif Səmədoğlu istedadlı nasirdir. “Komsomol poe- ması”nın
xəlqiliyini ekran vasitəsi ilə əyaniləşdirən də məhz Yusifin
istedadı, ilk növbədə isə dil ustalığı idi. O vaxtdan həsrətlə
Yusifin yeni yaradıcılıq işini gözləyirdik. Yusifin bir qədər sonra
yazılan "Astana" hekayəsi bu həsrətə inamı gücləndirdi. Nəhayət,
aydın oldu ki, nahaq gözləmirik: son dövrlər ədəbiyyatımızın
hadisələrindən sayılan "Qətl günü" romanı (“Azərbaycan” jurnalı, N4
1984) yarandı və əsər Y.Səmədoğlunun əsl yazıçı-sənətkar
potensialını aşkar etdi".
Tofiq Hacıyev,
Akademik
|
<< Geri
|