Sabir Rüstəmxanlı,
Xalq şairi
Səməd Vurğunun
oğlu Yusif heç bir iş görməsəydi də Azərbaycanın ən hörmətli
adamlarından biri olardı, hər yerdə barmaqla göstərilərdi, bütün
qapıları ərklə aça bilərdi.
Amma Allah Yusifə atasının istedadına layiq bir istedad verib və o,
böyük xalq şairinin oğlu kimi "anadangəlmə" hörmətinin üstünə həm də
halal zəhməti ilə, gözəl yaradıcılığı ilə qazandığı öz böyük
hörmətini, özünə olan xalq sevgisini də əlavə edib.
Yusif Səmədoğlu Allahın, sözün əsl mənasında sevimli bəndələrindəndir.
Allah ondan heç nə əsirgəməyib. Elə bir ailədə böyüyüb, gözəl
tərbiyə və təhsil alıb, hərtərəfli istedad sahibidir; üstəlik bütün
yüksək insani xüsusiyyətləri öz parlaq şəxsiyyətində toplayıb. Buna
görə də hansı sahədə çalışıbsa, nə iş görübsə uğur qazanıb. Elə ilk
hekayələri Yusifə ədəbi şöhrət gətirib, nəsrimizdə öz dəsti-xətti,
üslubu olan bir nasir kimi onu daim oxucuların diqqət mərkəzində
saxlayıb.
Lakin Yusif Səmədoğlunun ədəbi taleyi "Qətl günü" romanı ilə
bağlıdır. Bu əsər XX əsr Azərbaycan nəsrinin parlaq nümunələrindən
biri kimi öz halal haqqını alıb, geniş müzakirələrə səbəb olub,
illər uzunu oxucuların əlindən düşməyib və nəhayət, müəllifinə xalq
yazıçısı kimi yüksək bir ad qazandırıb. Mən bu barədə danışmaq
istəmirəm. Yusifin ədəbi fəaliyyəti də, ssenarist, redaktorluq,
ədəbi təşkiatçılıq, qabiliyyəti də hamıya bəllidir və əlavə sözə də
ehtiyac qalmır.
Amma mən əziz dost, böyük qardaş kimi sevdiyim, illər uzunu davam
edən etibarlı ideya, məslək bağlılıqlanmızla öyündüyüm Yusif bəyin
iki xüsusiyyətini ayrıca gözə çarpdırmaq istəyirəm. Bunlardan biri
Yusifin son dərəcə yüksək ziyalı mədəniyyətidir, böyük
vətənpərvərlik duyğusudur. Məhz bu cəhəti Yusifi hadisələrə seyrçi
münasibət bəsləyən digər alimi-biəməllərdən, yalançı ziyalılardan
fərqləndirib. O, xalq hərəkatının ilk günlərindən meydanlara çıxıb.
Düşmənə qarşı mübarizədə birləşmək və təşkilatlanmaq zərurətini
millət ilk dəfə Yusifin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin,
Məmməd Arazın, Xəlil Rza Ulutürkün və bu sətirlərin müəllifinin
çağırışından eşidib. Yusif Səmədoğlu həmişə xalq hərəkatını düzgün
istiqamətləndirməyə çalışıb, hay-küydən, avantürdən, bölgüçülük və
bölgəçilik hissələrindən uzaq olub. Hadisələrə ayıq, real, təmkinli
baxışı ilə seçilən Yusif Səmədoğlu həmişə az danışıb, amma "öz"
danışıb, düz danışıb. Bu cəhət onun millət vəkili, MM-in deputatı
kimi səkkiz illik fəaliyyətinə də xasdır. O, MM-in Beynəlxalq
əlaqələr kimi məsuliyyətli bir komissiyasının sədridir. Bu
komissiyada da bərabər çalışmışıq və mən Yusifin işıqlı zəkasının
hər yerdə, hər cür məclislərdə Azərbaycanı ləyaqətlə təmsil etmək
qabiliyyətinin dəfələrlə şahidi olmuşam.
Yusif Səmədoğlunu mənə doğmalaşdıran və əslində bütün
yazıçıların sevimlisinə çevirən başqa bir xüsusiyyəti də onun son
dərəcə gözəl, nəcib, səmimi, xeyirxah bir insan olmasıdır. Elə bil
Allah Yusifi ancaq gözəl işlər, gözəl şeylər fikirləşmək üçün
yaradıb. Ağlıma gəlmir ki, nə vaxtsa kiməsə pislik etmiş olsun.
Yusif bəylə hər görüş, hər ünsiyyət adamın ürəyini işıqla
doldurur.
Xeyli müddətdir görüşmürük. Xəstəlik bir müddət onu işdən
ayırıb, indi yerini daha yaxşı görürük və hiss edirik ki, həmişə
oturub-durduğumuz bu adam dünyanın ən nadir, ən gözəl insanlarından
biridir...
|
<< Geri
|