Azərbaycan Respublikası və Türkiyə
Respublikası,
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın Azərbaycanın və bütövlükdə
Türk dünyasının qədim mədəniyyət beşiyi
olan Şuşa şəhərində görüşünün tarixi
əhəmiyyətini vurğulayaraq,
İki dost və qardaş ölkə arasında
imzalanmış bütün beynəlxalq sənədlərə,
bununla əlaqədar 13 oktyabr 1921-ci il
tarixli Qars müqaviləsinə sadiq
olduqlarını bir daha təsdiq edərək,
9 fevral 1994-cü il tarixində imzalanmış
“Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında dostluq və
hərtərəfli əməkdaşlığın inkişafı barədə
Müqavilə”ni və “Azərbaycan Respublikası
və Türkiyə Respublikası arasında
əməkdaşlıq və qarşılıqlı yardım haqqında
Protokol”u, eləcə də 16 avqust 2010-cu
il tarixində imzalanmış “Azərbaycan
Respublikası və Türkiyə Respublikası
arasında strateji tərəfdaşlıq və
qarşılıqlı yardım haqqında Müqavilə”ni
rəhbər tutaraq,
İki ölkə və onun xalqları arasındakı
dostluq və qardaşlıqdan çıxış edərək
Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasındakı münasibətlərin
keyfiyyətcə yeni, müttəfiqlik
səviyyəsinə qaldırılmasının iki ölkə və
onların xalqlarının maraq və
mənafelərinə xidmət etdiyini
vurğulayaraq,
Ümumi maraqların qorunmasında hər iki
ölkənin siyasi, iqtisadi, müdafiə,
mədəni, humanitar, səhiyyə, təhsil,
sosial, gənclər və idman sahələrindəki
imkan və potensiallarının
birləşdirilməsinin mühüm əhəmiyyətini
dərk edərək,
Beynəlxalq hüququn prinsip və
normalarına, o cümlədən də Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsinə
uyğun olaraq qlobal və regional sülh,
sabitlik və təhlükəsizliyin təmin
edilməsində birgə səylərin davam
etdirilməsinin vacibliyini vurğulayaraq,
Müştərək maraq kəsb edən regional və
beynəlxalq strateji məsələlərdə
fəaliyyətlərin qarşılıqlı şəkildə
əlaqələndirilməsinin zəruriliyini ifadə
edərək,
Azərbaycan Respublikası və Türkiyə
Respublikasının müstəqilliyi,
suverenliyi, ərazi bütövlüyü, beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığı kimi milli maraqlara
söykənən məsələlərdə ikitərəfli və
çoxtərəfli formatlarda həmrəylik və
qarşılıqlı yardım prinsiplərindən çıxış
edərək,
Türk dünyasının davamlı inkişafına
yönəlmiş qarşılıqlı fəaliyyətlərin
regional və beynəlxalq müstəvilərdə
irəli aparılmasında səyləri
birləşdirərək,
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa
Kamal Atatürkün və Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin
müdrikcəsinə söylədikləri “Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri bizim
kədərimizdir” və “Bir millət, iki dövlət”
ifadələrinin xalqlarımızın milli-mənəvi
sərvəti kimi dəyərləndirildiyini xüsusi
vurğulayaraq,
Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasındakı ikitərəfli
münasibətlərin daha da genişləndirilməsi
və dərinləşdirilməsi perspektivlərini
hərtərəfli nəzərdən keçirərək,
bəyan edirlər:
Tərəflər iki dost və qardaş ölkə
arasında strateji səviyyədə inkişaf edən
münasibətlərin durumundan məmnunluq
ifadə edərək siyasi dialoqun bütün
səviyyələrdə davam etdirilməsinin və
qarşılıqlı yüksək səviyyəli səfərlərin
əhəmiyyətini qeyd edirlər.
Tərəflər fəxarət hissi ilə bildirirlər
ki, Azərbaycan 44 günlük Vətən
müharibəsi ərzində qələbə qazanaraq
Ermənistanın 30 ildən bəri davam edən
təcavüzkar siyasətinə son qoydu,
torpaqlarını işğaldan azad etdi, tarixi
ədalətin zəfər çalmasını və beynəlxalq
hüququn bərpa olunmasını təmin etdi.
Azərbaycan Ermənistanın 30 illik
təcavüzünə son qoyulmasında, işğal
olunmuş torpaqların azad olunmasında,
Azərbaycanın ərazi bütövlüyünün bərpa
edilməsində Türkiyə Respublikasının
mənəvi-siyasi dəstəyini yüksək
qiymətləndirir. Tərəflər Qafqaz
regionunda sabitliyin və təhlükəsizliyin
möhkəmləndirilməsi, bütün iqtisadi və
nəqliyyat əlaqələrinin bərpası, eləcə də
region dövlətləri arasında
münasibətlərin normallaşdırılması və
uzunmüddətli sülhün təmin edilməsi
istiqamətində səylərini davam
etdirəcəklər. Bu kontekstdə Azərbaycan
Respublikasının Naxçıvan Muxtar
Respublikasının xüsusi coğrafi vəziyyəti
nəzərə alınacaqdır.
Tərəflər Türkiyənin Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində
Türkiyə-Rusiya Birgə Mərkəzinin
fəaliyyətinə verdiyi töhfənin regiondakı
sülhün, sabitliyin və rifahın təmin
edilməsində mühüm rol oynadığını
vurğulayırlar.
Azərbaycan Respublikası və Türkiyə
Respublikası müstəqillik, suverenlik,
ərazi bütövlüyü, beynəlxalq səviyyədə
tanınmış sərhədlərin toxunulmazlığı,
dövlətlərin daxili işlərinə qarışmamaq
prinsiplərini rəhbər tutaraq müttəfiqlik
münasibətlərinin qurulmasının siyasi və
hüquqi mexanizmlərini müəyyən edirlər.
Tərəflər xarici siyasət sahəsində
əlaqələndirmənin və müntəzəm ikitərəfli
siyasi məsləhətləşmələrin həyata
keçirilməsinin vacibliyini qeyd edirlər
və bu istiqamətdə Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası
arasında Yüksək Səviyyəli Strateji
Əməkdaşlıq Şurası çərçivəsində
fəaliyyətlərin əhəmiyyətini
vurğulayırlar.
Tərəflər öz milli maraq və mənafelərini
müdafiə və təmin etməyə yönəlmiş
müstəqil xarici siyasət həyata
keçirirlər. Tərəflər regional və
beynəlxalq miqyasda sabitlik və rifah
vasitəsilə sülh, dostluq və mehriban
qonşuluğa əsaslanan beynəlxalq
münasibətlərin inkişaf etdirilməsi,
eləcə də münaqişələrin və regional və
qlobal təhlükəsizlik və sabitlik
məsələlərinin həlli istiqamətində birgə
səylər göstərirlər.
Tərəflər aktual xarakter kəsb edən,
qarşılıqlı maraq doğuran beynəlxalq
məsələlər üzrə həmrəylik və qarşılıqlı
dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə
düşən mövqedən çıxış etməklə ikitərəfli
əməkdaşlığı dərinləşdirəcəklər və
Birləşmiş Millətlər Təşkilatı, ATƏT,
Avropa Şurası, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq
Təşkilatı daxil olmaqla beynəlxalq və
regional təşkilatlar çərçivəsində bir-birinə
qarşılıqlı dəstək göstərəcəklər.
Tərəflərdən hər hansı birinin fikrincə,
onun müstəqilliyinə, suverenliyinə,
ərazi bütövlüyünə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığına
və ya təhlükəsizliyinə qarşı üçüncü
dövlət və ya dövlətlər tərəfindən təhdid
və ya təcavüz edildiyi təqdirdə,
Tərəflər birgə məsləhətləşmələr aparacaq
və bu təhdid və ya təcavüzün aradan
qaldırılması məqsədilə BMT
Nizamnaməsinin məqsəd və prinsiplərinə
müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə
BMT Nizamnaməsinə uyğun zəruri yardım
göstərəcəklər. Bu yardımın həcmi və
forması təxirə salınmadan keçirilən
müzakirələr yolu ilə müəyyən edilərək
birgə tədbirlər görülməsi üçün müdafiə
ehtiyaclarının ödənilməsinə qərar
veriləcək və Silahlı Qüvvələrin güc və
idarəetmə strukturlarının
əlaqələndirilmiş fəaliyyəti təşkil
olunacaqdır.
Tərəflərin Təhlükəsizlik Şuralarının
milli təhlükəsizlik məsələləri üzrə
müntəzəm olaraq birgə iclasları
keçiriləcəkdir və bu iclaslarda milli
mənafe, Tərəflərin maraqlarına toxunan
regional və beynəlxalq təhlükəsizlik
məsələlərinin müzakirəsi həyata
keçiriləcəkdir.
Tərəflər iki qardaş ölkənin silahlı
qüvvələrinin müasir tələblərə uyğun
olaraq yenidən formalaşdırılması və
modernləşdirilməsi istiqamətində birgə
səy göstərməyə davam edəcəklər.
Tərəflər minalanmış ərazilərin
təmizlənməsi əsas götürülməklə
Ermənistan işğalından azad edilmiş
rayonlarda həyatın normallaşdırılması
istiqamətində fəaliyyətləri
dəstəkləyəcəklər.
Tərəflər müdafiə qabiliyyətlərinin və
hərbi təhlükəsizliyin
möhkəmləndirilməsinə yönələn şəxsi heyət
mübadiləsini, birgə təhsil və təlimlərin
keçirilməsini, iki ölkənin silahlı
qüvvələrinin birlikdə fəaliyyət
qabiliyyətinin artırılmasını, müasir
texnologiyalara əsaslanan silah və
sursatların idarə olunmasında sıx
əməkdaşlığı və bu məqsədlə səlahiyyətli
struktur və qurumların əlaqəli
fəaliyyətinin təmin edilməsini təşviq
edəcəklər. Azərbaycan və Türkiyə digər
dost dövlətlərin orduları ilə birlikdə
hərbi təlimlərin keçirilməsini
dəstəkləyəcəklər.
Tərəflər milli və beynəlxalq
öhdəliklərini nəzərə almaqla dəniz, hava
və kosmos sahələrində qarşılıqlı
texnologiya mübadiləsini həyata
keçirərək müştərək qabiliyyətlərin
inkişaf etdirilməsi məqsədilə birgə
layihələrin yerinə yetirilməsini təşviq
edəcək və qarşılıqlı müdafiə sənayesi
texnologiyalarının inkişaf etdirilməsinə
müsbət töhfə verəcəklər, sahib olduqları
silah və sursatla təchiz edəcək, onların
istehsal texnologiyalarını qarşılıqlı
şəkildə təşviq edəcək və hazırda onların
ölkələrində mövcud olmayan istehsal
sahələrinin yaradılmasını, birgə
tədqiqat və istehsalat işlərinin həyata
keçirilməsini, iki ölkənin müdafiə
sənayesi qurumlarının texnologiyalar,
hərbi təyinatlı məhsullar və xidmətlər
sahəsində daxili və beynəlxalq
bazarlarda əməkdaşlıq etməsini
dəstəkləyəcəklər.
Tərəflər bildirirlər ki, iki dövlət
arasında inkişaf etdirilən və onların
milli maraqlarına cavab verən hərbi-siyasi
əməkdaşlıq üçüncü dövlətlərə qarşı
yönəlməmişdir.
Tərəflər kiber təhlükəsizlik sahəsində
əməkdaşlığın daha da inkişaf
etdirilməsinin vacibliyini vurğulayırlar
və bu sahədə birgə elmi tədqiqat işləri,
mütəxəssis hazırlığı həyata keçirəcək,
qarşılıqlı texniki əməkdaşlığı təşviq
edəcəklər.
Tərəflər ticarət-iqtisadi münasibətlərdə
milli iqtisadiyyatlarının və ixracın
şaxələndirilməsi, eləcə də perspektiv
sahələrdə birgə istehsalın qurulması,
investisiya əməkdaşlığının qarşılıqlı
faydalı inkişafı üçün daha əlverişli
şəraitin inkişaf etdirilməsi
istiqamətində səylərini artıracaqlar. Bu
xüsusda Azərbaycan və Türkiyə malların
sərbəst hərəkətinin təşkili
mexanizmlərinin yaradılması
istiqamətində tədbirlər görəcəklər.
Tərəflər regionun və Avropanın enerji
təhlükəsizliyinə töhfə verən, təbii qaz
mənbə və marşrut saxələndirilməsini
təmin edən strateji Cənub Qaz Dəhlizinin
həyata keçirilməsində Türkiyə və
Azərbaycanın qabaqcıl rolunu
vurğulayırlar. Tərəflər Cənub Qaz
Dəhlizinin səmərəli şəkildə istifadə
olunmasına və daha da inkişaf
etdirilməsinə yönəlmiş səyləri
əlaqələndirilmiş şəkildə davam
etdirəcəklər. Tərəflər, həmçinin qlobal
enerji sektorundakı prosesləri nəzərə
alaraq regionun enerji təchizatı
təhlükəsizliyinin gücləndirilməsi üçün
elektrik sahəsində də regional
əməkdaşlığa töhfə verəcək səylərin
artırılaraq davam etdirilməsi üzrə
niyyətlərini ifadə edirlər.
Tərəflər iki ölkənin ərazisindən keçən
Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat
dəhlizinin rəqabət qabiliyyətinin
artırılması məqsədilə qarşılıqlı
əməkdaşlığı möhkəmləndirəcəklər.
Azərbaycan və Türkiyə intellektual
nəqliyyat sistemləri texnologiyalarından
istifadə etməklə beynəlxalq nəqliyyat
dəhlizlərinin Azərbaycan-Türkiyə
hissələrində tranzit-nəqliyyat
potensialını daha da inkişaf
etdirəcəklər.
Tərəflər Azərbaycan və Türkiyəni
birləşdirən Azərbaycan Respublikasının
qərb rayonları ilə Azərbaycan
Respublikasının Naxçıvan Muxtar
Respublikası arasında dəhlizin (Zəngəzur
dəhlizi) açılmasının və həmin dəhlizin
davamı kimi Naxçıvan-Qars dəmir yolunun
tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya
əlaqələrinin intensivləşməsinə mühüm
töhfə verəcəyini qeyd edirlər.
Tərəflər Türkiyə ilə Azərbaycan arasında
əlaqələrin mövcud səviyyəsinin ümumi
regional və beynəlxalq sülh və rifaha
töhfə verdiyini, əlaqələrin sadəcə iki
ölkəyə deyil, eyni zamanda, regiona sülh
və rifah gətirərək başda region ölkələri
olmaqla beynəlxalq birliyin sabitlik,
sülh və maraqlarına xidmət edəcəyini
vurğulayırlar.
Tərəflər regional və beynəlxalq
sabitliyə və təhlükəsizliyə mənfi təsir
edən müxtəlif təhdid və çağırışlara,
xüsusilə terrorçuluğa, onun bütün forma
və təzahürlərinə, maliyyələşdirilməsinə,
həmçinin kütləvi qırğın silahlarının
yayılmasına, mütəşəkkil cinayətkarlığa,
çirkli pulların yuyulmasına,
narkotiklərin qanunsuz dövriyyəsinə,
insan alverinə, qanunsuz miqrasiyaya
qarşı mübarizə sahəsində birgə səylərini
və əməkdaşlıqlarını genişləndirəcək və
dərinləşdirəcəklər.
Azərbaycan Respublikası Türkiyə
Respublikasının suverenliyinə, ərazi
bütövlüyünə, sərhədlərinin
toxunulmazlığına, sabitliyinə və
təhlükəsizliyinə qarşı yönəlmiş bütün
fəaliyyətləri, o cümlədən terrorçuluğun
bütün forma və təzahürlərini pisləyir və
Türkiyə Respublikasının terrorçuluğa
qarşı apardığı mübarizəni qətiyyətlə
dəstəkləyir.
Tərəflər müxtəlif ölkələrdə yaşayan
Azərbaycan və türk diasporları arasında
əməkdaşlığın daha sıx inkişaf
etdirilməsi, onların məruz qaldıqları
ümumi problemlər qarşısında birlikdə
addımlar atılması və ardıcıl həmrəylik
göstərilməsi məqsədilə səylərini
birləşdirəcəklər.
Tərəflər ölkələrinin təqdim edilməsi və
milli mənafelərinin qorunmasına dair
tarixi həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında diasporal fəaliyyətin
əlaqələndirilməsini və qarşılıqlı
dəstəyi təşviq edəcəklər.
Tərəflər Ermənistanın Türkiyəyə qarşı
əsassız iddialarının, tarixin təhrif
olunması və tarixi faktların təhrif
olunmaqla siyasiləşdirilməsi cəhdlərinin
regionda sülhə və sabitliyə ziyan
vurduğunu vurğulayaraq bu kontekstdə
1915-ci il hadisələri ilə bağlı olaraq
öz arxivlərini açan Türkiyənin
Ermənistandakı və digər ölkələrdəki
arxivlərin açılması və bu mövzuda
tarixçilər tərəfindən araşdırmaların
aparılmasına yönəlmiş səylərini
qətiyyətlə dəstəkləyirlər.
Tərəflər 10 dekabr 2020-ci il tarixində
imzalanmış “Azərbaycan Respublikası ilə
Türkiyə Respublikası arasında media
sahəsində strateji əməkdaşlıq haqqında
Anlaşma Memorandumu”na uyğun olaraq
Azərbaycan-Türkiyə Media Platformasının
imkanları nəzərə alınmaqla, iki ölkənin
aidiyyəti qurumları arasında informasiya,
kommunikasiya və ictimai diplomatiya
sahələrində əməkdaşlığı daha da
gücləndirəcəklər və bu çərçivədə xarici
işlər nazirlikləri arasında davamlı
olaraq informasiya üzrə sıx
məsləhətləşmələr və mübadilələr həyata
keçiriləcəkdir.
Tərəflər parlamentlərarası əməkdaşlığın
daha da gücləndirilməsini və bu
istiqamətdə qarşılıqlı fəaliyyətin
artırılmasını təşviq edirlər.
Tərəflər hər iki xalqın müştərək
dəyərlərinin ümdə təzahürlərinə lazımi
ictimai dəstəyin göstərilməsini təmin
edəcək, tarixi və mədəni irslərinin
qorunması üçün birgə fəaliyyət həyata
keçirəcəklər.
Tərəflər Türk dünyasının birlik və
rifahına xidmət edəcək milli və
beynəlxalq səylərin artırılmasına diqqət
çəkdilər.
Tərəflər Türk mədəni irsinin beynəlxalq
səviyyədə təbliğ və təşviq edilməsi
sahəsində birgə əməkdaşlığı
gücləndirəcəklər.
Tərəflər Türk həmrəyliyinin daha da
möhkəmləndirilməsi məqsədilə Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası, Türk
Akademiyası, Türk Mədəniyyəti və İrsi
Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin
Parlament Assambleyası çərçivəsində
həyata keçirilən fəaliyyətlərə təkan
verəcəklər.
Tərəflər bir Tərəfin vətəndaşlarının
digər Tərəfin ərazisinə şəxsiyyət
vəsiqəsi ilə səyahət etmələri haqqında
əldə edilən razılaşmadan məmnunluq ifadə
edirlər və həmin razılaşmanın
xalqlarımız arasında yaxınlıq və
insanlar arasında əlaqələr baxımından
müstəsna əhəmiyyətini qeyd edərək, bir
Tərəfin vətəndaşlarının digər Tərəfin
ərazisində yaşamaq hüququ əldə
etmələrini qarşılılıq prinsipinə uyğun
olaraq asanlaşdırmaq üçün müvafiq
tədbirlər görülməsini təqdir edirlər.
Tərəflər lazımi dövlət dəstəyini təmin
edərək xalqları arasında müştərək
dəyərlərə söykənən sıx əlaqələri
humanitar, sosial müdafiə, elm, təhsil,
səhiyyə, mədəniyyət, gənclər və idman
sahələrində daha da inkişaf etdirəcək və
dərinləşdirəcəklər. Bu məqsədlə iki
ölkənin aidiyyəti qurumları tərəfindən
birgə davamlı fəaliyyətlər həyata
keçiriləcəkdir.
Bu Bəyannamə Şuşa şəhərində 15 iyun
2021-ci il tarixində, Azərbaycan və türk
dillərində olmaqla iki əsl nüsxədə
imzalanmışdır, bütün mətnlər bərabər
autentikdir.
Bəyannaməni imzalayıblar:
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan

