Hörmətli Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Əziz hərbçilər.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
İlk növbədə, xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən
çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin
Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda,
Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak
edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir.
Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz
Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan
ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı
və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir
ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və
Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın
təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir
Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər
paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni
zamanda, bütün dünyaya göstəririk.
Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi,
işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün
Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr,
yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla
vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər
çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.
Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin
əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın
işğal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistanın təcavüzkar siyasəti
hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan
Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından
didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır.
Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o
vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır.
Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi
zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı
soyqırımını törətmişdir. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin və
Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında
coğrafi bağlantı yaratmışdı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal
altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı və faktiki olaraq
sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu.
Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri
çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz
ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər
ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün
aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu
dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının
qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti
və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə münaqişənin
həlli üçün hüquqi zəmin yaradılmışdır. Eyni zamanda, bizim məqsədyönlü
səylərimiz nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya
ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son
qoyuldu və bütün dünya gördü ki, Qarabağ bizim əzəli tarixi torpağımızdır.
Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, qurub-yaradıb, eyni zamanda,
bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir.
Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq
təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik,
biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox
uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq
şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il
ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan
işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Mən
2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə
əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün
böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu,
tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
Biz dünyada gedən prosesləri diqqətlə izləyirdik və görürdük ki, son illərdə
beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq
edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT
Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda münaqişənin
hərbi yollarla həll edilməsi qaçılmaz idi. Bundan əlavə, son illər ərzində,
xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları,
hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan rəhbərliyinin çox zərərli və
təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoymuşdu. “Qarabağ
Ermənistandır” deməklə Ermənistan rəhbərliyi danışıqlara son qoymuşdu. Bizim
tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri məskunlaşdırmaq hərbi
cinayətdir, beynəlxalq konvensiyalara ziddir. Bu, faktiki olaraq danışıqlara son
qoyurdu, danışıqları mənasız edirdi və biz bunu görürdük, hiss edirdik və öz
sözümüzü beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırırdıq. Bu ilin
sentyabr ayında, müharibəyə 3 gün qalmış mən BMT Baş Assambleyasının kürsüsündən
demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır.
Belə də oldu və bu il bizə qarşı 3 dəfə hərbi təxribat törədildi. İyul ayında
Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan
bizim torpaqlarımızı işğal etmək istədi. Amma biz layiqli cavab verərək onları
yerinə oturtduq. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi. O
diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət sentyabrın 27-də bizim
kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalmışdır, mülki
şəxslər, hərbçilər arasında itkilər olmuşdur. Biz dedik yetər artıq, bu işğala
son qoyulmalıdır və son qoyulacaqdır. Mən Ali Baş Komandan kimi əmr verdim ki,
Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq,
işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində
istədiyinə nail oldu, ədaləti bərpa etdi.
Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi.
Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın
30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu
istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan
keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də
Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük
qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma
torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı
rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun
bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun
cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi,
orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizə Şuşa şəhərində yekun
vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir.
Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu
şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən
təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim
Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan
keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq
orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı.
Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad edildi və Ermənistan artıq
təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad
dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər
yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat
ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün
ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı
qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
Mən demişəm ki, biz güc toplayırıq və bu gücü toplamışıq. Biz bu qələbəni həm
peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq.
Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz
hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad
etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb.
Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam
rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu
göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə
qazanmışıq. Halbuki bir çoxları, xüsusilə bu məsələ ilə məşğul olan vasitəçilər
dəfələrlə demişdilər ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz sübut etdik ki,
münaqişənin hərbi həlli var. Əks-təqdirdə, bu nə hərb, nə sülh vəziyyəti bundan
sonra da 30 il davam edə bilərdi. Biz buna nə qədər dözə bilərdik? Biz nə qədər
səbir göstərə bilərdik? Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqının səbri
tükənib və əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz
onları oradan qovacağıq, onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan! Mən
bunu müharibədən əvvəl və müharibə dövründə demişəm, xalqa müraciətlərimdə
demişəm, xarici mətbu orqanlara verdiyim müsahibələrdə demişəm. Demişəm ki,
Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır, etiraf etməlidir
və çıxmalıdır. Əks-təqdirdə sona qədər gedəcəyik və sona qədər getdik. Ona görə
biz döyüş meydanında qələbə qazandıq. Ondan sonra, siyasi müstəvidə qələbə
qazandıq, düşməni məcbur etdik ki, Kəlbəcər, Laçın və Ağdam rayonlarını azad
etsin və bizim torpaqlarımızı tərk etsin.
Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində
gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi.
Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü
olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki,
vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb
düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz
həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin
belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı
qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi,
Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib.
Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə
Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.
İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal
edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bu məlumat artıq hər kəsdə var,
videogörüntülər var. Azad edilmiş ərazilərə mənim səfərlərim bunu göstərir.
Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur
düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa
işləri başlanmışdır.
Mən bir daha Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirmək istəyirəm. Mənfur
düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi
cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosforlu
bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə
yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd
yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o
evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri
atmayıb. Deyirdilər ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik. Müharibə
dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda
bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda,
xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz
qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz
böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da
Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi
missiyamızı yerinə yetirdik.
Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara
bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal
olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa
edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.
Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu,
Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki,
parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək.
Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan
Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi
günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli
gedəcəyik.
Öz çıxışımı məşhur kəlamla yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistan
rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən
isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki,
Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun
Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın
Azərbaycan əsgəri!