Bu günlər 140 illik yubileyini qeyd etdiyimiz dahi
bəstəkar, görkəmli musiqişünas, istedadlı dirijor,
tanınmış publisist, librettoçu-dramaturq, qabaqcıl
pedaqoq, nüfuzlu ictimai xadim Üzeyir Hacıbəyli
mədəniyyət tariximizə əbədi imza atan parlaq
şəxsiyyətdir. Azərbaycanın müasir peşəkar musiqi
sənətinin banisi, hər zaman əlimiz köksümüzdə sayğı
duruşunda qürurla dinlədiyimiz Dövlət Himnimizin,
nəinki Şərqdə, bütün İslam dünyasında ilk operanın
müəllifi Üzeyir bəy zəngin, misilsiz musiqi irsi
yaradıb. "Leyli və Məcnun", "Koroğlu", "Şeyx Sənan",
"Əsli və Kərəm" , "Harun və Leyla", "Rüstəm və
Söhrab", "Şah Abbas və Xurşid Banu" operaları, "Arşın
mal alan", "O olmasın, bu olsun", "Ər və arvad"
operettaları, çoxsaylı mahnılar və müxtəlif janrda
musiqi əsərləri məhz Üzeyir Hacıbəyli dühasının
misilsiz bəhrələridir. O, Azərbaycan musiqisi
tarixində bir çox ilklərin yaradıcısıdır: ilk opera,
ilk musiqili komediya və bir sıra digər musiqi
janrlarında ilk örnəklər, ilk azərbaycanlı folklorçu-bəstəkar
və musiqişünas alim, Şərqdə ilk musiqili teatrın və
ilk Konservatoriyanın banisi... Onun zəngin irsini
araşdıranlar, yəqin ki, bu siyahını xeyli
genişləndirə də bilərlər.
Üzeyir bəyin musiqisi hər birimiz dünyaya
gözümüzü açandan, dinləməyə başlayandan elə layla
kimi iliyimizə işləyib, ruhumuzu qanadlandırıb.
Üzeyir Hacıbəyli musiqisi ilə tanışlığımın dəqiq
tarixini xatırlamasam da, bilirəm ki, lap
körpəlikdən, hələ dil açmazdan onun cazibəsində
olmuşam.
1979-cu ildə, hələ 15 yaşında ikən Şuşada - Cıdır
düzündə ülvi duyğular, qeyri-adi hisslər məni
ağuşuna alanda tarixin möcüzə sərgisinə bənzətdiyim
"Cıdır düzü" şeirimdə Üzeyir bəyi xatırlamışdım:
Dili tutulubmu torpağın, daşın,
Görən niyə belə səssizdir bu yer?
Haçansa Üzeyir ayağı dəyib,
Yəqin ona görə əzizdi bu yer...
Bu, həyatı yenicə anlamağa başlayan bir gəncin
Üzeyir bəy musiqisinə ehtiramının və heyranlığının
ifadəsi idi. Lap gənclik illərimdən Üzeyir
Hacıbəylinin ev-muzeyi ilə tanışlığım vardı və o
muzeyə tez-tez baş çəkirdim, onun əlinin dəydiyi,
toxunduğu hər bir əşyaya müqəddəs nəsnə kimi
baxırdım.
Doğulduğum Ağcabədi ilə Üzeyir Hacıbəylinin bağlılığı isə
mənim üçün məxsusi fəxarətli bir məqam idi. Orta
məktəb çağımda Üzeyir Hacıbəylinin bioqrafiyasını
hər dəfə oxuyanda onun məhz Ağcabədidə doğulmasına
görə çox qürurlanırdım və dahi bəstəkarın xatirəsinə
ithaf etdiyim, yeniyetmə könlümdən gələn ilk qələm
təcrübələrimdən biri olan "Burda görüşüb" şeiri o
vaxt Ağcabədidəki "Sürət" adlı rayon qəzetində çap
olunmuşdu:
Böyük sənətiylə, istedadıyla,
O keçdi ən çətin, uca səddi də.
Yanaşı yazıldı dahi adıyla:
"Dünyaya gəlibdir Ağcabədidə".
O burda cahana açıb gözünü,
Torpaqla ilk dəfə burda görüşüb.
Böyük sənətinə Üzeyir bəyin,
Bir çınqı alov da bu yerdə düşüb.
Yeri gəlmişkən, Üzeyir Hacıbəylinin Ağcabədi ilə
bağlılığına dair bir az da mifə, əfsanəyə çevrilən
məqamı yada salmaq istəyirəm. Ağcabədinin mərkəzində
qayım-qədim ağacların kölgəsində bir bağ var. Yaşlı
adamlar, o cümlədən atam Müseyib Məcidov danışardı
ki, təxminən ötən əsrin 50-ci illərində o bağda
Mircəfər Bağırov böyük sənətkar Bülbülün qoluna
girib gəzişir, söhbət edirmişlər. Bu əhvalat
Ağcabədidə əfsanə kimi dillərdə dolaşırdı. Sonrakı
illərdə beynimdə fikirlər dolanırdı ki, o illərdə -
Üzeyir bəyin 1948-ci ildə vəfatından bir az sonra -
Azərbaycanın rəhbəri Bağırovla əslən Qarabağdan -
Şuşadan olan böyük sənətkar Bülbül Ağcabədidə nədən
söhbət edərdi ki?.. Əlbəttə, bu, həm də bir bədii
təxəyyülün yaradacağı bədii əsər ola bilər. Amma mən
uşaqlıqdan eşitdiyim bu söhbəti sonrakı illərdə də
düşünürdüm. O bağda düşüncələrə dalanda
fikirləşmişəm ki, ola bilsin, onlar Üzeyir
Hacıbəylinin burada muzeyini yaratmaq, yaxud
xatirəsini hansısa formada əbədiləşdirmək üçün
müzakirə aparıblar. Həmin bağda indi Üzeyir
Hacıbəyli adına Muğam Mərkəzi var və dahi bəstəkarın
özünün büstü, eləcə də qəhrəmanlarının fiqurları var.
Deyilənə görə, Üzeyir Hacıbəyli ilə bağlı
Ağcabədinin mərkəzində bir ev olub, sonradan sökülüb.
Bəzi versiyalara əsasən, Üzeyir bəy Ağcabədinin
Rəncbərlər kəndində, qohumlarıgildə dünyaya gəlib.
Bioqrafiyasını, irsini araşdıranlar bu barədə
müxtəlif fikirlər səsləndiriblər...
Aradan illər keçəndən sonra bizim əziz şəhərimiz,
Üzeyir bəyin də doğma yurdu Şuşa işğal ediləndə və
dərin mənəvi ağrılarla müşayiət olunan o müddətdə
dahi bəstəkarın ölməz musiqisi əzəməti, möhtəşəmliyi
ilə bərabər, həm də müdhiş kədər doğururdu. 2020-ci
ildə xalqımızın Böyük Zəfəri ilə o kədər arxada
qaldı və mən 2021-ci il mayın 12-də, otuz illik
ayrılıqdan sonra Şuşaya gedəndə növbəti şeirimi
qələmə aldım. Şuşa işğaldan azad ediləndən sonra mən
dəfələrlə orada oldum, hər dəfə Şuşanın ilahi
gözəlliyi və sirli aurası barədə yazdım. "Şuşa
dəftəri" silsiləsində yer alan son şeirlərimdən
birində yenə də dahi Üzeyir bəyi yad etmişəm:
Dahiləri yetişdirib suyu-şörəyi,
Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.
Bəstəsinə təzim üçün Üzeyir bəyin
Sidq-ürəklə ibadətdi Şuşaya getmək...
Həqiqətən sonrakı illərdə də nə vaxt Şuşada
olmuşuqsa, Üzeyir Hacıbəylinin xatirəsinə
ehtiramımızı bildirmədən keçməmişik, bunu özümüzə
bir mənəvi borc, ruhun ehtiyac duyduğu ziyarət hesab
etmişik.
Ötən il Azərbaycan Yazıçılar Birliyinin 90 illiyi ilə bağlı
türk dünyasından gələn qonaqlarımızla birlikdə
Şuşada olarkən, Cıdır düzündə gəzərkən yenə də, az
qala hər dəqiqə Üzeyir bəyi, onun möhtəşəm
musiqisini xatırladıq. Və mən çox sevinirdim ki,
türk dünyasından olan sanballı qonaqlar Üzeyir
Hacıbəylini yaxşı tanıyırlar, onun musiqisinə
bələddirlər.
Üzeyir Hacıbəyli mənim üçün ilk növbədə Azərbaycan ruhunu bizim
yaddaşımıza, canımıza hopduran, zəngin yaradıcılıq
irsi ilə bu ruhu yaşadan dahi bəstəkardır. Biz onun
əbədiyaşar, dillər əzbəri olan əsərləri ilə
böyümüşük və bu ənənə nəsil-nəsilə davam edir.
Üzeyir Hacıbəylinin publisist, jurnalist kimi fəaliyyəti də
məni həmişə qürurlandırıb. Onun zəngin publisistik
irsinə həm Azərbaycan, həm də rus dillərində yazdığı
felyeton, məqalə, resenziya, açıq məktub, satirik
miniatür və publisistik janrın bir çox növündə
yazdığı yüzlərlə əsər daxildir. Üzeyir bəy peşəkar
jurnalist kimi müxtəlif illərdə "Azərbaycan", "Həyat",
"Kaspi", "İrşad", "Həqiqət", "Molla Nəsrəddin", "Tərəqqi",
"İqbal" kimi dövrünün nüfuzlu jurnal və qəzetlərində
felyetonçu, tərcüməçi, naşir və redaktor kimi
fəaliyyət göstərərək Azərbaycan mətbuatında da
imzasını uğurla, həmişəlik təsdiqləyib.
Yadımdadır ki, ustad Şirməmməd Hüseynov "525-ci qəzet"də
vaxtilə Üzeyir Hacıbəylinin çap olunmamış əsərlərini
silsilə şəklində uzun illər çap etdirdi. O yazılar
ayrıca kitab kimi də nəşr olundu. Təqdirəlayiqdir ki,
son illərdə Üzeyir Hacıbəylinin publisistik irsi
ayrıca kitablar şəklində işıq üzü görür. Mən onun
məqalələrini, felyetonlarını oxuyanda Üzeyir bəyin
böyük vətən və millət sevgisini, hər bir yazısında
xalqımızın maariflənməsi yolunda fədakarlıqla
çalışdığını aydın hiss etmişəm. Millətin tərəqqisi,
xalqın inkişafı, dilimizin və mədəniyyətimizin
qorunması, övladlarımızın, xüsusilə qızların təhsil
alması, cəhalətə, xurafata qarşı mübarizə
mövzularını əhatə edən bu möhtəşəm publisistik irs
milli kimlik şüurumuzun, müasir zənət zövqümüzün
formalaşmasına elə Üzeyir bəyin musiqisi qədər
müstəsna təsir göstərib. Xüsusilə qeyd etmək
istərdim ki, Qarabağ və Zəngəzurla əlaqədar hələ o
zamandan başlanan əsassız erməni iddialarına qarşı
vətəndaşlıq mövqeyi Üzeyir bəyin bir çox publisistik
yazılarında qabarıq əks olunub. O, tarixi ədalət
prinsipləri qorunmaqla Qafqazda sülh və əmin-amanlığın
bərqərar olmasını arzulayıb, ictimai-publisistik
fəaliyyətində məhz buna çalışıb.
Qabaqcıl pedaqoq olan Üzeyir bəy yazılarında da
təhsilin, savadın önəminə həmişə diqqət yetirib. O,
1909-cu ilin avqust ayında "Tərəqqi" qəzetinin
137-ci sayında çap edilən "Xəbərdarlıq" felyetonunda
yazırdı: "Keçən səfər müəllimlər barəsində işarə
edib tərbiyəyi-ətfaldan bəhs açdıq. Doğrudan da uşaq
tərbiyəsi çətin bir əmrdir. Evladı xeyir yolda
tərbiyə etmək üçün tərbiyənin yolunu da bilmək
lazımdır. Tərbiyənin yolunu ancaq elm sayəsində
bilmək mümkündür. Yəni bütün ömürlərini uşaq
tərbiyəsinə sərf etmiş olan əzim pedaqoqların
tərbiyə haqqındakı mülahizat və təklifatından
layiqincə xəbərdar olmalıdır. Bizim başımıza gələn
bunca fəlakətlərin hamısına bais əksəriyyətimizin
elmsizliyidir... Bu barədə möhtərəm Firidun bəy
Köçərli cənabları şirin dilli məqalələrlə tərbiyə və
təlimi-nisvanın lüzum və vücubunu qəzetəmiz
səhifəsində vazeh surətdə bəyan buyurublardır..." Bu
ruhda davam edən felyetonda mahir publisist uşaq
tərbiyəsi və müəllimlik sənətinin əhəmiyyətinə dair
dərin düşüncələrini satirik dillə qələmə alıb.
Müəllimlərin rolu, tərbiyə işinin mürəkkəbliyi və
valideynlərin təhsildəki məsuliyyəti haqqında
millətinin savadlanmasını arzulayan əsl vətəndaş
yanğısı ilə söz açıb. Üzeyir Hacıbəyli təhsil işinin
təkmilləşdirilməsi üçün Qori seminariyası kimi
xüsusi seminariyaların açılmasına, yerli məktəblərin
inkişafına da öz yazılarında təsirli çağırışlar edib.
Demək olar ki, bütün yazılarında xalqın aydınlanması,
təhsili, inkişafı, tərəqqisi naminə öz dövrü üçün də,
müasir çağımızda da aktual olan məsələləri
qabardaraq onların həlli yollarını təklif edib və
beləliklə də, uzun illər ərzində həm də əvəzsiz
pedaqoji maarifçilik missiyası yerinə yetirib.
Təxminən 25 il əvvəl - 2001-ci ilin noyabr ayında
Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin nəvəsi,
tanınmış musiqiçi, caz perkussionisti Klement Bailly
Hacıbəyli Azərbaycana gəlmişdi. Biz Aqil Abbasla
birgə onu Bakının görməli yerlərində gəzdirdik. O,
Bakıdakı "Caz Klub"da Hacıbəylilər nəslindən bir
qrup insanla görüşüb tanış olmuşdu. Heyrətə gəlmişdi
ki, ilk dəfə ayaq basdığı Azərbaycanda onun
babasının qardaşı - nəslinin böyük nümayəndəsi
Üzeyir Hacıbəyli necə məşhurdur və xalq tərəfindən
necə sevilir, ehtiramla xatırlanır. Sonralar Fransa
mətbuatında bütün bunları qürurla ifadə etmişdi...
Üzeyir bəyin işğaldan azad olan doğma Şuşası hazırda
Azərbaycanın Mədəniyyət Paytaxtı kimi yenidən
dünyaya tanıdılır, dahi bəstəkarın ölməz musiqisinin
ritmləri ilə də bu sehrli şəhər təkrar canlanır.
Musiqimizi və mədəni irsimizi bütün dünyaya tanıdan,
eyni zamanda gələcək nəsillərimizin mənəvi ilham
qaynağı, milli qürurumuzun tərənnümçüsü olan Üzeyir
Hacıbəylinin 140 illik yubileyi həmçinin gözəl
Şuşamızın inkişafı ilə əlaqələndirilən rəmzi məqama
çevrilib və bütün bunlara görə çox fərəhlənir,
qürurlanırıq...
İnanıram ki, doğma Şuşa yer üzündə var olduğu müddətcə
dahi bəstəkarın əsərlərinin əzəmətli ahəngi daima
səslənəcək və hər notunda Şuşa eşqi canlanan Üzeyir
Hacıbəyli musiqisi sonsuza qədər Azərbaycan ruhunu
yaşatmağa davam edəcək.
Rəşad MƏCİD
Əməkdar mədəniyyət işçisi, yazıçı,
şair, publisist, jurnalist |