Ötən əsrin 90-cı illərinin əvvəllərində “şər imperiyası” nın
dağılması, xalqımızın azadlıq mübarizəsinin nəticəsində yenidən
müstəqilliyini bərpa edən Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi
və naşılığı ucbatından ölkəmiz növbəti dəfə parçalanma təhlükəsi,
həmçinin xaos, anarxiya və vətəndaş qarşıdurmaı ilə üz-üzə qaldı.
1992-93-cü illərdə Azərbaycanın müstəqilliyyini istəməyən bəzi xarici
məkrli dairələr ölkəmizi zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat
cütlüyünün əli ilə məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş
qarşıdurmasına sürükləyirdi. Regionda strateji marağı olan güc
mərkəzləri tərəfindən ölkəmizin parçalanması planı artıq çoxdan
cızılmışdı.
1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük
faciə ilə nəticələnmiş, respublikadakı mövcud siyasi və hərbi vəziyyəti
daha da gərginləşdirərək vətəndaş müharibəsi həddinə çatdırmışdı. Bütün
bunlar ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Artıq
bir sıra ərazilərdə – Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda
bəzi silahlı birliklər separatçı iddialarla çıxış edir, mərkəzi
hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 4 iyun 1993-cü ildə
Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun
başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı
toqquşma baş veridi. AXC-Müsavat iqtidarının göstərişi ilə keçmiş
korpus komandiri Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi
hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat
uğursuzluqla nəticələnmişdi. Məlum hadisə nəticəsində hökumətə tabe
olmayan hərbçilərlə hökumət qüvvələri arasındakı toqquşmada, ümumilikdə,
35 nəfər həlak olmuşdu. İyunun 8-də Gəncə hadisələri ilə bağlı ölkədə
böhran dərinləşdi. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr
Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya
doğru hərəkət etməyə başladılar.
AXC-Müsavat hakimiyyətinin başabəla rəhbərləri tərəfindən Gəncəyə
göndərilmiş silahlı qüvvələrin ümumi sayı üç mindən artıq idi. Lakin
həmin vaxt ölkəyə rəhbərlik edənlərin heç biri hadisə yerinə getməmişdi.
Bunu həmin vaxt Milli Məclisdə yaradılmış 1993-cü il iyunun 4-də Gəncə
şəhərində baş vermiş hadisələri təhqiq edən Deputat-İstintaq Komissiyası
da öz rəyində əks etdirmişdi. Komissiyanın hazırladığı arayışda qeyd
edilirdi ki, 1993-cü ilin 4 iyununda Gəncə şəhərində qardaş qırğını baş
verdiyi halda, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy,
Ali Sovetin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseynov, dövlət katibi
Əli Kərimov və respublikanın digər rəhbər vəzifəli şəxsləri hadisə
yerində olmamış və vəziyyətin sabitləşdirilməsi üçün heç bir əməli
tədbir həyata keçirməmişlər.
Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyan AXC-Müsavat
hakimiyyətinin nümayəndələri o zaman kömək üçün Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciətlər etdilər.
Onlar dəqiq bilirdilər ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər
Əliyev dühası xilas edə bilər. Məhz xalqın belə bir ağır məqamında dünya
şöhrətli siyasətçi Heydər Əliyevin öz müqəddəs xilaskar missiyası ilə
yenidən hakimiyyətə qayıdışı Azərbaycanda illərlə davam edən anarxiyaya,
siyasi hakimiyyətsizliyə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və
özbaşınalıqlarına son qoymuş oldu.
Ümummilli Lider Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində
belə deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət
böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni
idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə
başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından
çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda
məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı
iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq
ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın
müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni
yenidən Bakıya dəvət etdilər”.
Prezident İlham Əliyev çıxışlarının birində həmin dövrü xarakterizə
edərək demişdi ki, rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi
maraqları haqqında düşünürdülər: “Ölkənin, xalqın maraqları onları heç
düşündürmürdü. Bunun nəticəsi olaraq, 1993-cü ildə Azərbaycanda vətəndaş
müharibəsi başlayanda xalq yenə də öz xilaskarına- Ulu Öndərə üz tutdu,
onu siyasi hakimiyyətə dəvət etdi”.
1993-cü ilin 4 iyun qiyamından sonra respublikadakı mövcud siyasi və
hərbi vəziyyət daha da gərginləşərək nəinki vətəndaş müharibəsi həddinə
çatmışdı, hətta hərbi hissələrdə fərarilik, nizamsızlıq xeyli artmışdı.
Bu şəraitdə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam, Füzuli,
Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, sonradan onların işğalı
ilə nəticələnmişdi.
O ağır günlərdə xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyevin
Naxçıvandan Bakıya gəlişi insanların qəlbində böyük inam yaratdı,
dövlətçilik və müstəqillik arzularını yenidən alovlandırdı. Bütün baş
verənlər bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq və
möhkəmləndirmək onu əldə etməkdən daha çətindir. 1993-cü ilin 4
iyunundan bir neçə gün sonra iyunun 15-də Ümummilli Lider Heydər
Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi
respublikamızın həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni
mərhələnin başlanğıcını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin xilaskarlıq missiyasını şərəflə yerinə yetirməsi
sayəsində qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın qazandığı
tarixi Zəfər məhz Milli Qurtuluşun təntənəsidir.
Zahid Rza
İki sahil.- 2025.- 8 aprel, №56.- S.5.