E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

HİCAB MƏSƏLƏSİ VƏ CAVABIMIZ


Dünyada hər nə cür çətin və xariqüladə bir məsələ, bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdır. Bu səbəblədir ki, “ixtilafü-ümməti rəhmətün” buyurulubdur. Amma heyif ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli və şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyətini həmişə saxlamaq üçün
araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda öz qaydası ilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq; filankəs, məsələn, hicabı inkar edib dindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların
qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar. Amma vallah, yalandır: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar, milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar, lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox: cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın
qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqeyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adətin” ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna
girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avam aldatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim, haqq-təala cümləni biz mollaların fəndü felindən, riyasət və mənfəət təmahından, ikiüzlülük sifətindən uzaq eləsin.

Mən, Molla Nəsrəddin, keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilənüləmanın rəyin xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa, hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni “övrətdir”, arvadın övrəti, yəni üz və
əllərindən savayı yerlərini açmağı isə haramdır. Bunda heç bir zərrə qədər şəkk yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əli açmaq ancaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitnə və fəsad olmayan təqdirdə üz və əl açmaq caizdir. Bizim sözümüz də elə bundadır ki, bu məsələ şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır.

Biz üç açmağı haram bilən rəy və qövmlərin çoxunu bilirik. Bizə “Tazə həyat” sütunlarında uzun-uzun etiraz yazanlar zəhmət çəkib üz açmağın haramlığına şəhadət verən dəlilləri yazırdılar. Məsələ madam ki, ixtilaflıdır, əlbət haramlığına dair də dəlillər çox olacaq, caizliyinə dair də.

Sözün canı bundadır ki, aya üz və əlləri örtmək “icmai” və “zəruridin”dir, ya “ixtilaflı”? Əgər ixtilaflı isə, nahaq başınızı ağrıtmayın, öz xəyalınızla təkfirə cürət eləməyin. Yox, “üz və əlləri” açmaqda zərrə qədər ixtilaf, yoxsa isbat edin, kəmali-məmnuniyyətlə qəbul edib səhvimizi iqrar edərik.

Biz “üz və əlləri” göstərməyin caiz olmağını özümüzdən demirik, bəlkə məşhur üləmanın aşağıdakı ibarələrindən qanırıq:

Şeyx Tusi mərhum “Nəhayə” və “Tibyan” adlı kitablarında, Seyid Sahibi-Riyaz “Şərhi-kəbir” də, Şeyx Yusif Bəhrani “Hədayiq”də və Şeyx Küleyni və sairlər qədim üləmadan və bir cəmaəti mütəəxxirindən deyirlər: “Şəriəti Məhəmmədiyyədə əcnəbiyyə, yəni yad arvadın üzünə və əllərinə baxmaq biduni-ribə və tələzzüd caizdir. Arvada üzünü örtmək caiz deyildir”.

Seyid Sahibi-Riyaz “Şərhi-kəbir”dən savayı bu barədə xüsusi bir risalə yazıb orada üzü açıqlığı haram bilən alimlərin dəlillərini birbəbir rədd edib isbat edir ki, “Yad arvadın üzünə və əllərinə baxmaq caizdir”.

Vəla yübdinə zinətəhünnə illa ma zəhərə minha.

Övrət ya əcnəbiyədir, ya məhrəm, əcnəbiyə olduqda ya azadədir, ya kəniz. Əgər əcnəbiyə və azadə isə, cəmi bədəni övrətdir və caiz deyildir baxmaq məgər üzünə və əllərinə. Ondan ötrü ki, övrət möhtacədir üzünü açmağa alqı və satqı vaxtında və əllərini çıxartmağa aldığı şeyi almağa və satdığı şeyi ya pulu verməyə.

Amma şərti odur ki, baxmaqda fitnə olmaya (“Təfsiri-kəbir” Əllameyi-Fəxri Razi, səh.375).

Övrətin kişiyə baxmağı: əgər kişi əcnəbi isə övrət yeri: göbək ilə dizlərinin arasıdır. Bəzi deyibdir ki, cəmi bədəni övrətdir, övrətlərdən ötrü (yəni övrətlər kişinin heç yerinə baxa bilməz) məgər üzünə, əllərinə. Amma əvvəlinci qövl səhihdir ondan ötrü ki, arvadın bədəni fizzatə övrətdir, bu dəlil ilə ki, övrət bədəni açıq olduğu halda, namazı səhih deyildir. Amma kişinin namazı səhihdir.

Və əgər kişi övrətə məhrəm isə ya zövcüdür, ya zövcündən qeyri, əgər zövcündən qeyri isə göbək ilə dizlərinin mabeyni övrətdir və əgər zövcü isə və yainki övrət kəniz isə cəmi bədəninə baxa bilər və habelə zövcə və kəniz zövcün və ağasının (“Təfsiri-kəbir”, səh.377).

Zinət xüsusda bəzi qail olub arizi zinətə: libas, rəng, həna, sürmə, vəsmə, xatəm, bilərzik, xalxal və gərdənbənd kimi. Bəzi qail olubdur xilqəti-zinətə. Əqrəb budur ki, xilqəti-zinət daxildir “zinətə-hünnəyə”. Zinəti-arizi və sonra əmələgəlmə zinətə qail olanlar münhəsir ediblər zinəti fövqdə zikr olunan şeylərə.

Zinəti xilqətə həml edənlər deyiblər ki, “ma zəhərə minha”nın mənası budur ki, adət cari olubdur o yerləri zahir etməyə, məsələn, övrətdə üz və əllər, çünki şəriəti-hənəfiyyə və səhlə və səmhədir və zərurət təqaza edir, üz və əlləri zahir etməyə və ona binaən üləma ittifaq ediblər ki, üz və əllər övrət deyildir (“Təfsir-kəbir”, səh.378).

“İlla ma zəhərə minha” – işə məşğul olan vaxtda alət görsənər üzük, sürmə və xizab kimi, bu dəlil ilə ki, onları örtməkdə aşkar çətinlik var. Bəziləri deyibdir ki, zinətdən murad zinətin özü deyildir, bəlkə zinətin yeridir. Və zinət ibarətdir xilqəti və ariz zinətlərdən və üz ilə iki əl hökmdən xaricdir. Ondan ötrü ki, onlar övrət deyildir (“Təfsiri-ibn Səud”, səh.259).

“Təfsiri-Qazi” həmin fövqdə yazılan qövl və ibaratın eynini nağıl etdikdən sonra bu qövlü də əlavə edir ki, üz və əllər övrət olmamaq namaz vaxtındadır, nəinki baxmaq vaxtında (“Təfsiri-Qazi”, səh. 138).

Zinət bir rəvayətdə zinəti-zahiri: sümük və üzük, xalxal, bilərzik. Bir rəvayətdə üz və əllər və iki ayaqdır (“Təfsiri-Qazi”, səh.342).

“İlla ma zəhərə minha” ibadətdir üzdən və əldən. Pəs ona əcnəbinin baxmağı caizdir əgər fitnəyə bais olmaya (“Təfsiri-Cəlalin”, səh. 156).

Vəla yəzrübnə bixmrəhünnə əla cüyubəhünnə.

Zəmani-cahiliyyət övrətləri baş örtüklərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları açıq qalardı və boğazı və gərdən-bəndləri görsənərdi. Ona görə əmr olunur ki, “baş örtüklərini boyunlarına salsınlar ki, boyunları və boğazları və tükləri və qollarında, boyunlarında olan zinətləri məstur olsun” (“Təfsiri-kəbir”, səh.379).

Haman ibarətlə və qərar ilə yazılıbdır (Təfsiri-ibn Səud”,səh.359).

Örtsünlər başlarını və boyunlarını və sinələrini çarqatları ilə (“Cəlalin”, səh. 156).

“Vəla yəzrübnə bixümirihinnə əla cüyubəhünnə”, yəni boyunların örtsünlər (“Təfsiri-Safi”).

Hicab ayəsi (53-cü ayə):

Ya eyyühəlləzinə amənu la tədxilu büyütin-nəbi illa ən yözənə ləküm ila təam qeyrə nazirinə innəhü və lakin iza ədeytüm fədxülu fəaiza tömətüm fəntəşiru vəla məstanisinə lihədisin innə zalikum kanə yözin-nəbi fəyəstəhyi minküm vəllahu la yəstəhyi minəl-həqq və iza səəltəmuhunnə mətaən fəsəluhunnə min vərai hicabə zalikum əthərü liqülubəkəm və qülubəhünnə.

Yəni ey o kəslər ki, iman gətiribsiniz, daxil olmayın peyğəmbərin evlərinə, məgərin ki, sizə izin verilə yeməyə (yəni yeməyə dəvət olunan vaxtdan qabaq getməyin) o halda ki, müntəzir olmayasınız təam gəlmək vaxtına (yainki gözləriniz təamın qabına mütəzir ola ki, nə vaxt gələcək). Amma zəmani ki, çağırıldınız, daxil olunuz, zəmani ki, yediniz, dağılıb gediniz və bir-biriniz ilə tələbi-üns etməyin, betəhqiq sizin bu əməliniz peyğəmbərə əziyyət verər, o sizdən həya edər (sizə gediniz deməyə). Və illah həya etməz haqqı deməyə.

Zəmani ki, peyğəmbərin övrətlərindən (yainki mütləq övrətlərdən) bir şey istəməli oldunuz, sual ediniz pərdə dalısından. Bu günə hicab dalısından sual və cavab etmək pakizəraqdır həm sizin qəlblərinizə və həmi övrətlərin qəlblərinə (pis gözlə baxmaqdan ibarətdir).

Bu tərcümə mütabiqdir cümlə təfsir ilə.

“Təfsiri-Qazi”də rəvayət olubdur ki, Ömər rəziyəllah ənh dedi: ya Rəsuləllah, sənin yanına cümlə pis və yaxşı adamlar gəlir, əgər əmr edəsiniz ümməhati-möminin pərdə dalısına oturalar yaxşı olardı. Sonra bu ayə nazil oldu. Yainki bir gün ziyafət məclisində bir adamın əli Ayişəyə dəydi, bu ayə nazil oldu. Bu ayənin zikrindən sonra
Allah-təala buyurur ki, (La cina əleyhən fi abaihən…iləs),

Ləfzən tərcüməsi:

Günah yoxdur övrətlərə atalarında və övladlarında və qardaşlarında və qardaşları övladlarında və bacıları övladlarında və öz cinsi övrətlərə və o kəslərə ki, o övrətlərin əlləri malik olubdur (qul və kəniz) və gərəkdir ki, Allahdan qorxalar, bedürüsti ki, Allah-təala hər şeyə xəbərdardır.

“Təfsiri-Qazi”də: zəmani ki, hicab ayəsi nazil oldu (53 ayə) atalar və övlad və qohumlar ərz etdilər həzrət Rəsul əleyhissəlama ki, ayə öz qızlarımız, bacılarımız və qohumlarımız ilə pərdə dalısından danışaq? Pəs bu ayə nazil oldu.

“Təfsiri-Safi” bunun misli.

“Təfsiri-Kəbir” Fəxri Razi: zəman ki, hicab ayəsi nazil oldu o hökmdən Allah-təala məhrəmləri istisna etdi.

Bu ayənin üzü örtməyə dəlaləti yoxdur, o cəhətə ki, məhz bu ayənin şəni-nüzulu biduni-izin özgə evinə daxil olmaq barəsindədir.

Yəni ey peyğəmbər, degilən övrətlərinə və qızlarına və möminlərin övrətlərinə ki, evdən çıxan vaxtda yaxın etsinlər kəndilərinə çadralarını, bu günə örtünməklə kənizlərdən fərq olunurlar. Və bu surətdə onlara əziyyət olunmazlar ki, o növ əziyyətlər kənizlərə olunur (Qazi Beyzavi).

Caiz deyildir əcnəbiyə övrətə baxmaq məgər üzünə və əllərinə, əgər şəhvət qorxusu olmaya. Bunların dəlil cəvazi təqazayi-zərurətdir, almaq və vermək və övrətin üzünü tanımaq üçün müamilə vaxtında əcnəbi kişilər ilə tainki övrət öz dünya güzəranını əmələ gətirə bilə. Əsil dəlil bu xüsusda ayeyi-şərifdir: “La yübdinə zinətəhünnə illa mazəhərə minha”. Ümumi səhaba buna qaildir ki, zahir zinətdən murad: sürmə və üzüyün yerləridir ki, ibarətdir üzdən və əllərdən. Amma ayaqlarda bir rəvayət odur ki, ayaq da övrət deyildir, bu cəhətə ki, yol getməyə ehtiyac olmağa görə aşkar etmək olar. Bir də bu cəhətə ki, şəhvət üz və əllərdə ola bilər, onlara baxmaq caiz olduqda ayağa baxmağın cəvazi betəriqi-ula caiz ola bilər: Amma bir rəvayətə görə ayaqlar övrət hesab olunar sair vaxtda, amma namaz vaxtı
övrət deyildir. (“İxtiyar”).

Azadə övrətin cəmi bədəni övrətdir məgər üzü və əlləri, Allah-təala həzrətlərinin “vəla yübdinə zinnətəhünnə illa mazəhərə minha” fərmanına görə ibn Abbas buyurubdur ki, zinəteyndən murad sürməvə üzükdür və zinəti zahir etmək lazım tutub onun yerini zahir etməyi. Sürmə üzün və üzük əllərin zinətidir (“Kitabi-İxtiyar”).

“Və cəmi bədənülhürrə övrətün illa vəchüha və kəfiha və qədəmiha və ləza təmtənü min kəşifə vəchüha beynərical lilfit-nətü vəla yəcuzinnəzərü ileyha beşəhvətin kevəchuləmrədü və əmma yədunəha fihəl”.

Mənası: üz, əl və ayaqlardan savayı arvadın cəmi bədəni övrətdir. Fitnə olan təqdirdə üz açmaq da məmnundur. Şəhvətlə oğlan uşağın üzünə baxmaq caiz olmadığı kimi arvadın üzünə baxmaq da caiz deyildir. Amma şəhvət ilə baxılmasa həlaldır. (“Müntəqi-Fitva”kitabı).

Əllameyi-mərhum “Təzkirə” kitabının dördüncü fəslində buyurur: məsələtün ünas tayfasının övrət yeri cəmi bədənidir, məgər üzü. Cəmi üləma bundan ittifaq edibdir, məgər Əbu Bəkr ibni Əbdürrəhman ibn Hüşşam (hədis rəvayət edənlərin birisidir). O deyibdir ki, ünasın hər yeri övrətdir, hətta dırnaqları da. Bu ravinin qövlü qeyri-
məqbuldur icma vasitəsi ilə. Amma iki əllər üz kimidir bizim üləmanın yanında. Və buna qail olubdur Şafeyi, Övzayi və Əbu Sur. Bu dəlil ilə ki, “Vəlayubdinə zinətəhünnə illa mazəhərə minha”nı İbn Əbbas (peyğəmbərin əmisi oğlu ki, müfəssirlərin böyüyüdür) təfsir edibdir üzə və əllərə.

Fazili-hindi “Kəşfül-lisan” kitabında ki, əllameyi mərhumun “Qəvaid” kitabının şərhidir 5-ci fərdə buyurur:

Vacibdir övrətə bədənini namaz vaxtında örtmək məgər üzünü və əllərini necə ki, bu məsələ yazılıbdır: “Məbsut”, “Mötəbər”, “İsbah” və “Cami” kitablarında. Bu sözün dəlili odur ki, Səhih ibn Müslimdən rəvayət olubdur ki, övrət üçün caizdir namaz qılmaq köynəkdə, əgər qalın ola ki, bədən görünməyə. Köynək əlləri və qədəmləri örtməz. Çarqat da üzü örtməz. O hədis mövcibilə ki, Fatimə əleyhasilamullah namaz qılırdı, əynində köynək və başında
çarqat elə kiçik idi ki, başının tükü və qulaqlarını örtmək qədərindən artıq deyildi.

“Müntəha” kitabında (Əllamənindir) cəmi üləma icma edibdir üzdə və habelədir (təzkirə Əllamənindir). “Müxtəlif’ və “Mötəbər” kitablarında və “Müntəha”da sərahətə zikr olunubdur üləmaların icmal iki əllərdə və dəlil gətiriblər bunu ki, ehtiyac vadar edir üzü və əlləri açmağa və İbn Əbbas təfsir edibdir: “İlla məzəhərə minha”nı üzə və əllərə və əlavə həramdır üzü örtmək niqab ilə ehram vaxtında. “Zikri” kitabında (Şəhidi-əvvəlindir) üləma icma edibdir övrət üçün
üzünü örtməmək.

“Şərhi-kəbir”də sətri-övrət babında üz və əllər övrət olmamaq barəsində ixtilafi-əqvali nəql etmək bədində buyurur: bəlkə məşhur fitva və rəvayət cəhətinə ancaq üz və əllərdə sətrin vacib olmamağıdır. Caizdir əcnəbi kişiyə övrətin əllərinə və üzünə baxmaq (necə ki, nikah kitabında təfsilən nəql olunacaqdır). Genə çox istilaldan sonra buyurur: “Vəlayübdinə zinətəhünnə illa məzəhərə minha” belə təfsir olunubdur ki, ibarətdir üzdən və iki əllərdən və bəzi rəvayətlərdə iki qədəmlər dəxi belədir və Küleyni rəhmətullah da buna qaildir, buyurubdur ki, mən xəbərdar olmamışam bu sözün xilafına qail olan kəsə.

Ey nadan mollaların sözünə qulaq asıb məndən bir neçə günlüyə üz çevirən camaat! Görürsüz, nə qədər böyük müctəhidlər və alimlər üz açmağın caiz olmağını yazırlar. Biz də məsələni ixtilaflı bilib üz açmağın caiz olmağını yazdıq. Hətta bu xüsusda da Qurani-kərimdən dəlil gətirdik. Lakin mən Molla Nəsrəddinə inanmayıb sizi bu günlərə, bu həqarətlərə salan, bir para ruhani dərisindəki qurdların sözünə aldanırsınız.

Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var.

Görürsünüz, nə qədər böyük müctəhidlər üz açmağı ixtilaflı bir məsələ bilirlər. Halbuki bizi təkfir edən qərəzkarlar öz şəriətlərindən, öz kitablarından xəbərləri olmaya-olmaya götürüb yalandan yazırlar ki, və sizi qandırmaq istəyirlər ki, bu məsələdə zərrə qədər ixtilaf yoxdur.

Həmd olsun, özünüz görürsünüz: kimlərdir şəriətini bilməyib kor-koranə əl-ayaq çalanlar, kimlərdir həqiqəti gizlədib camaatı aldadıb ələ salanlar!

Molla Nəsrəddin

“Molla Nəsrəddin” jurnalı, 25 iyun 1907, № 23


<< Geri