Sovet Ermənistanında Azərbaycan dilində nəşr olunan
ilk qəzet kimi “Kommunist”in adı çəkilir. Məlumdur
ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet
hakimiyyəti qurulduqdan az bir müddət sonra yenidən
öz yer-yurdlarına qayıdıb gələn azərbaycanlı
əhalinin mərkəzi hakimiyyət orqanlarında
təmsilçiliyi məsələsi gündəliyə gəlmişdi. İlk
dövrlərdə Ermənistana rəhbər kadrlar Azərbaycandan
göndərilirdi. 1921-ci ilin yanvarın ortalarında
Azərbaycan İnqilab Komitəsinin zəmanəti ilə rəhbər
vəzifə tutmaq üçün Süleyman Nuri adında şəxs
Ermənistan İnqilab Komitəsinin sərəncamına
göndərilmişdi. Mustafa Sübhinin başçılıq etdiyi
Türkiyə Kommunist Partiyasının üzvü olan Süleyman
Nuri Bakıda qalmış,1920-ci ilin sentyabrında Bakıda
keçirilən Şərq xalqlarının I qurultayının
təşkilatçılarından olmuşdu. 1921-ci il yanvarın
ortalarında Ermənistan Hərbi-İnqilab Komitəsinin
üzvü sifətiylə İrəvana göndərilən Süleyman Nuri
Ermənistan Xalq Komissarları Şurasının qərarı ilə
Xalq Ədliyyə komissarı və Ali Məhkəmənin sədri təyin
edilir. Süleyman Nuri xatirələrində yazır ki, o,
eyni zamanda, tərkibi İrəvan şəhərində yaşayan yerli
türklərdən təşkil edilmiş kommunist özəklərinin
yaradılması ilə məşğul olmuşdur. Süleyman Nuri yazır
“… təklifim əsasında Ermənistan Kommunist Partiyası
mərkəzi Komitəsi Bakıya məktub göndərmiş, qəzetəçi
Semih Hüseyn adında bir yoldaş redaktor olaraq
İrəvana dəvət edilmiş və İrəvanda yerli türklərin
dilində çıxan bu qəzetin yayınları daha verimli hala
gəlmişdir.” [198]
Süleyman Nuri xatirələrinin başqa bir yerində yazır
ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
sərəncamında Semih Hüseyn adlı İstanbullu türk
zabitinin komandanlığında bir ehtiyat polis taburu
var idi. Semih Hüseyn də bəzi türklər kimi, Xalq
Cümhuriyyətinin süqutundan sonra Bakıda qalmış,
kommunist partiyasına üzv olmuş, Süleyman Nuri ilə
birgə çalışmışdı. [199] Çox ehtimal ki, Bakıdan
qəzet redaktoru kimi İrəvana dəvət edilən Semih
Hüseyn elə Süleyman Nurinin bəhs etdiyi həmin şəxs
olmuşdur. Belə qənaət hasil olur ki, bəzi
tədqiqatçıların “Kommunist”in redaktorunun Həmid
Qənizadə adlı şəxsin olması haqqında irəli
sürdükləri fikir yanlışdır. Həmid Qənizadə
“Kommunist”in deyil, 1921-ci ilin ikinci yarısından
nəşr edilən “Rəncbər” qəzetinin redaktoru olmuşdur.
[200]
1921-ci il fevralın ikinci yarısında daşnaklar qiyam
qaldıraraq Ermənistanda sovet hakimiyyətini yıxmış,
İrəvan şəhəri daşnakların əlinə keçmişdi. Bununla da
“Kommunist” qəzeti öz fəaliyyətini dayandırmışdı.
1937-ci il oktyabrın 2-dən etibarən “Qızıl şəfəq”
qəzeti “Kommunist” adı altında nəşr edilmişdir. Bu
arada qəzetin redaktoru Əkbər Rizayev olmuşdur.
İrəvanda azərbaycanlı gənclərdən ibarət ilk komsomol
özəklərinin yaradılmasında fəal iştirak edən Əkbər
Rizayev bir müddət Ermənistan komsomolunun Mərkəzi
Komitəsində və sonra isə Ermənistan KP MK-da şöbə
müdiri, daha sonra Moskvada “İnostrannaya literatura”
nəşriyyatında Türk ədəbiyyatı redaksiyasının müdiri
vəzifəsində işləmişdi.
|