1875-ci ilin 22 iyulunda
görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy
Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli
oyanışında yeni səhifə açılıb.
Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana
dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul
tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən
“Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində
qəzetin 56 nömrəsi işıq üzü görüb.
“Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının – Nəcəf bəy
Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə
Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim
Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi
millət” imzası ilə məqalələri dərc olunurdu.
Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir
tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə
başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam
etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində
müstəsna rol oynayıb. Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan
maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa
çalışırdılar. Təbii ki, bütün bunlar dövrün hakim dairələrini rahatsız
etməyə bilməzdi. Üstəlik, çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan
bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə hücuma keçirdilər. Beləliklə,
1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu.
Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür
yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük
rol oynadı. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni
səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam
etdirdi.
Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın
inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk
səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal
təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib.
Həsən bəy Zərdabinin fəaliyyəti bu baxımdan böyük örnəkdir. Zərdabi
1873-cü ildə peşəkar milli teatrımızın yaranmasında, ilk teatr
tamaşasının hazırlanmasında yaxından iştirak etmişdi. O, mütəfəkkir bir
ziyalı kimi xalq yaradıcılığına dərindən bələd idi, folklor musiqi
nümunələrimizi toplayır, “Əkinçi” qəzetində dərc etdirir, həmçinin
dövrün ziyalılarını bu təşəbbüsə qoşulmağa çağırırdı. “Əkinçi”
fəaliyyətini dayandırandan sonra da Zərdabi bu yöndə fəaliyyətini davam
etdirirdi və 1901-ci ildə ilk dəfə “Türk nəğmələri məcmuəsi”ni nəşr
etdirərək bu zəngin mənəvi xəzinəmizin qorunub saxlanmasına töhfəsini
verdi.
Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və
hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin
olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə
bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat
cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur.
Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar,
informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı
digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı
formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.
Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi
həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması,
müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqların
möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat
azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi
istiqamətində yeni-yeni addımlar atır.
Müasir qloballaşma dövründə azad və müstəqil
kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında
əhəmiyyətli təsirə malikdir.
Onun başlıca vəzifəsi cəmiyyəti onu maraqlandıran
məsələlər barədə məlumatlandırmaq, zəruri informasiyalarla təmin
etməkdir. Siyasi mədəniyyətin formalaşmasında, siyasi plüralizmin
dərinləşməsində müstəsna rola malik medianın əsas funksiyası məhz
ictimaiyyətin obyektiv informasiyaya olan tələbatını ödəməkdir. Media bu
missiyanı qanunvericiliyə zidd olmayan üsullarla informasiyaları
toplayıb hazırlamaq və yaymaqla həyata keçirməlidir.
Mətbuat cəmiyyətin siyasi həyatının müxtəlif
tərəfləri barədə balanslaşdırılmış, obyektiv, qərəzsiz və dolğun
informasiya verilməsi yolu ilə siyasi mədəniyyətin təkmilləşdirilməsinin
başlıca vasitələri sırasında yer alır. Tirajlanan söz eyni zamanda
ictimai rəyə - əhalinin geniş kütlələrinin əhval-ruhiyyəsinə,
davranışlarına, beləliklə də siyasi proseslərə, bütövlükdə siyasətə
təsir göstərir. Bu təsirin mahiyyəti ondan ibarətdir ki, kütləvi
informasiya vasitələri əldə etdiyi məlumatın hazırlanması, ötürülməsi və
yayılmasının müxtəlif üsullarından istifadə etməklə, habelə həmin
məlumatı öz şərhləri ilə birlikdə yaymaqla insanlarda müəyyən
ideyaların, təsəvvürlərin, mövqelərin formalaşmasına əhəmiyyətli təsir
göstərir, cəmiyyətdə müəyyən davranış və fəaliyyət üçün meyillərin
yaranmasına kömək edir.
Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu
"Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 146
ildə müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da hər çətinliyə
dözmüş və tutduğu şərəfli yoldan dönməmişdir. Ötən dövrdə zəngin və
şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini
yaşayır.
Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər
Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək
qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya
vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində
ardıcıl tədbirlər həyata keçirmişdir.
Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı
siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir
azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən
bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət
edən ölkə kimi tanınır.