Ədəbiyyatşünaslığa sanballı töhfə

                     verən alim

Çox qədim tarixə və zəngin ənənələrə malik olan Azərbaycan elminin əksər sahələri kimi, humanitar sahə, xüsusi halda, ədəbiyyatşünaslıq da XX əsrdə çağdaş Avropa elminə doğru nəhəng bir addım atmış və nailiyyət qazanaraq milli zəmində öz sözünü deməyə nail olmuşdur. XI yüzilliyin böyük Azərbaycan ədəbiyyatşünası Xətib Təbrizidən tutmuş XX əsrdə Firidun bəy Köçərliyə qədər əsasən Şərq filologiyası kontekstində inkişaf edən Azərbaycan ədəbiyyatşünaslıq elmi məhz bu yüzillikdə dünya humanitariyasına inteqrasiya etmişdir.

Haqqında söhbət açacağımız alim - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Bəkir Nəbiyevin isə böyük elmə gəlişinin məhz Firidun bəy Köçərli yaradıcılığından keçməsi heç də təsadüfi olmayıb, elmi ənənənin davam və inkişafında sələf-xələf münasibətlərinin dialektikasına söykənir.

80 yaşının tamam olmasına baxmayaraq, hamımızın sevincinə səbəb olan sağlamlığı və gümrahlığı nəticəsində bu gün də ədəbiyyatşünaslıq elmini səmərə ilə inkişaf etdirən və bu elmin təşkilində "birinci skripkanı" ifa edən Bəkir Nəbiyev, inamla demək olar ki, humanitar elmimizin aparıcı ağsaqqallarından biri kimi təkcə Azərbaycanda deyil, eyni zamanda Yaxın və Uzaq xaricdə yaxşı tanınır.

80 illik yubileyi ərəfəsində Azərbaycan Respublikasının ən yüksək mükafatlarından biri olan Dövlət Mükafatına layiq görülməsi - onun indi də gənclik enerjisi ilə çalışdığının bariz göstəricisiidir.

1930-cu il avqustun 21-də Ağdaş bölgəsində anadan olan Bəkir Nəbiyev uşaq yaşlarında ikən atasını itirmiş və anasının himayəsində böyümüşdür. Əmək fəaliyyətinə erkən başlayan B.Nəbiyev müxtəlif peşələrdə çalışmasına baxmayaraq, təhsildə əksər yaşıdlarından istedadı, iti fəhmliyi, dərrakəsi, mərifəti ilə fərqlənmiş və orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. Nə yazıq ki, bolşevik rejiminin insanofob qadağaları onu "Qızıl medal"dan məhrum etmişdir. Bəhanə isə guya "xalq düşməni"nin övladı olması ilə bağlı imiş.

Orta məktəbi bitirəndən sonra iki il Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən Bəkir Nəbiyev 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq elə tələbəlik illərindən ədəbi tənqid və ədəbiyyatşünaslığa göstərdiyi böyük maraq və bu sahədəki intensiv fəaliyyəti ilə yoldaşlarından fərqlənməyə başlayır. Onun ədəbi tənqid sahəsində ilk məqaləsi 1951-ci ildə - hələ universitetin ikinci kursunda oxuyarkən respublikanın ən nüfuzlu ədəbi mətbuat orqanlarından biri olan "Ədəbiyyat qəzeti"ndə çap olunmuşdur.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirməsinə baxmayaraq, siyasi repressiyaya uğramış ailənin övladı olduğundan, Bəkir Nəbiyevin elmi fəaliyyətinə maneçilik göstərilmiş, gənc ədəbiyyatçı yalnız üç ildən sonra aspiranturaya girməyə nail olmuşdur. Ancaq tənqid və ədəbiyyatşünaslıqla ciddi məşğul olan Bəkir Nəbiyev bu illərdə də qələmi yerə qoymamış, respublikanın müxtəlif mətbu orqanlarında onlarla məqalə dərc etdirmişdir. Səmərəli fəaliyyətinin nəticəsində 1958-ci ildə onu Azərbaycan Yazıçılar Birliyinə, 1960-cı ildə isə Jurnalistlər Birliyinə üzv qəbul etmişlər.

1960-cı ildə professor Cəfər Xəndanın elmi rəhbərliyi altında "Firidun bəy Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını böyük uğurla müdafiə edən Bəkir Nəbiyev 1961-ci ildən taleyini Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlamışdır və artıq 50 ildir ki, bu elm məbədinə sədaqətini qoruyub saxlamaqdadır. O, 1961-1971-ci illərdə Nizami adına Ədəbiyyat və Dil İnstitutunda elmi işçi, elmi katib və şöbə müdiri vəzifələrində çalışmış, 1971-1987-ci illərdə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə rəhbərlik etmişdir. 1987-ci ildə AMEA-nın Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi seçilərək uzun illər ərzində bu vəzifəni şərəflə yerinə yetirmişdir. 2003-cü ildən isə o, Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur.

Bəkir Nəbiyev 1970-ci ildə "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 1983-cü ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Bəkir Nəbiyevin çox zəngin və vüsətli elmi yaradıcılıq yolu var. 60 illik fəaliyyəti ərzində o, onlarla monoqrafiya, yüzlərlə elmi və elmi-publisistik məqalə yazmış, müxtəlif elmi yığıncaqlarda dərin məzmunlu məruzə və çıxışları ilə ictimaiyyətin maraq və diqqətini cəlb etmiş, elmi dairələrdə layiq olduğu nüfuzu qazanmışdır.

Ədəbiyyat tarixçiliyinə ədəbi tənqiddən və publisistikadan gələn B.Nəbiyev bütün yaradıcılığı boyu ədəbiyyatşünaslığın bu iki mühüm qolunu paralel şəkildə inkişaf etdirməyə və zənginləşdirməyə müvəffəq olmuşdur. Onun yaradıcılığının bu xüsusiyyəti həmkarları tərəfindən də dəfələrlə qeyd edilmiş və elmi dairələrdə razılıqla qarşılanmışdır.

Əsas tədqiqat hədəfi XX əsr Azərbaycan ədəbiyyatı olmasına baxmayaraq, akademik Bəkir Nəbiyev humanitariyamızın çoxprofilli, ensiklopedist alimi kimi tanınır. Klassik ədəbiyyatımızın "Kitabi-Dədə Qorqud" abidəsindən tutmuş Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsirəddin Tusi, Yunus Əmrə, Seyid İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hacı Rza Sərraf, Hacı Əbülhəsən Raci və başqa nümayəndələrinin yaradıcılığına qədər, ümumən klassik poeziyanın estetik-poetik özəlliklərinə, simvollar və poetik fiqurlar sisteminə, orta əsr sənətkarlarının əsərlərində öz əksini tapmış islami dəyərlərə və realilərə yaxşı bələd olan alim, bu sahədə sanballı və nüfuzlu mütəxəssis sözü ilə mediyevistikamızı zənginləşdirmiş, özünün kəsərli elmi fikir və mülahizələrini deməyə nail olmuşdur. Bu sahədə alimin son uğurlarından biri kimi, anadilli poeziyamızın beşiyi başında duran klassik sənətkarlarımızdan Seyid İmadəddin Nəsimi yaradıcılığının tədqiqinə həsr olunmuş "Nəsimi kəlamının işığında" monoqrafiyasını göstərə bilərik. Klassikaya münasibətdə Bəkir Nəbiyev elmi üslubunun aparıcı cəhətlərindən birini - onun klassik irsə müasirlərin gözü ilə baxması və bu irsi xalqın bugünkü problemləri baxımından qiymətləndirməyə üstünlük verməsidir. Xüsusən, Nizami və Füzuli kimi dünya şöhrətli söz sənətkarlarımızın yaradıcılığında bu günümüzü ilgiləndirən problemlərin aşkara çıxarılması haqlı olaraq Bəkir Nəbiyevin tədqiqat əsərlərinin qiymətli cəhətlərindən sayılır.

Görkəmli alimin elmi yaradıcılığında, belə demək mümkünsə, "çağdaş klassiklərə" də geniş yer verilmiş, onların nümayəndələrindən Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Mir Cəlal, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə və başqalarının yaradıcılıqlarının müxtəlif problemləri tədqiqat obyekti kimi təhlil edilmiş və dəyərləndirilmiş, bu böyük şəxsiyyətlərin və onların ərsəyə gətirdikləri əsərlərin ədəbiyyat və mədəniyyət tariximizdəki layiqli yerləri bir daha diqqətə çatdırılmışdır. Bu sahədəki fəaliyyətini bu gün də uğurla davam etdirən Bəkir Nəbiyev üzərində intensiv işlədiyi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sanballı monoqrafiyasını bitirmək üzrədir.

XX əsr ədəbiyyatı və müasir ədəbi proses istiqamətində özünü cavabdeh kimi hiss edən akademik incə müşahidəçilik və elmi ümumiləşdirmə qabiliyyəti ilə ədəbi şəxsiyyət, hadisə və faktlara obyektiv qiymət verilməsi yönündə bir çox mühüm əsərlərin müəllifidir.

Bəkir Nəbiyevin 1963-cü ildə çap olunmuş ilk fundamental monoqrafiyası "Görkəmli tənqidçi və ədəbiyyatşünas (Firidun bəy Köçərlinin həyat və yaradıcılığı)" adlanır. Bu əsərində alim, Azərbaycan ədəbiyyatı və ədəbiyyat tarixi üçün müstəsna işlər görmüş görkəmli tədqiqatçı, pedaqoq və ictimai xadim Firidun bəy Köçərlinin elmi tərcümeyi-halını və əsərlərinin elmi təhlilini sistemli monoqrafik səviyyədə gerçəkləşdirməyə nail olmuşdur. Firidun bəyin həyat və yaradıcılığı ilə bağlı axtarışlar apararkən Bəkir Nəbiyev eyni zamanda, çoxəsrlik klassik Azərbaycan ədəbiyyatını da dərindən və hərtərəfli öyrənmiş və bu, onun sonrakı elmi fəaliyyətində ədəbiyyatımızın hər sahəsinə aid nüfuzlu söz sahibi olmasına imkan yaratmışdır.

Əsası böyük Azərbaycan yazıçı-dramaturqu və filosofu, Azərbaycan mədəniyyəti üçün Qərbə ilk "nəfəslik" açanlardan biri olan Mirzə Fətəli Axundzadə tərəfindən qoyulmuş Avropa tipli ədəbiyyatşünaslığın məhz Firidun bəyin əsərləri ilə daha da dolğunlaşması və sistemli xarakter alması, Azərbaycan elm tarixində mühüm bir hadisə kimi Bəkir Nəbiyevin monoqrafiyasında özünün layiqli qiymətini almışdır. Firidun bəyin ədəbiyyatımızın tanıdılması və təbliği yolunda gördüyü müstəsna işlərə böyük önəm verməsi ilə yanaşı, Bəkir Nəbiyev onun nəsillərə örnək ola biləcək böyük şəxsiyyətinin və mənalı həyat yolunun elmi təqdimini də unutmamış, monoqrafiyanın böyük bir hissəsini bu məsələyə həsr etmişdir.

Akademikin məhsuldar yaradıcılığının tam on ili "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" araşdırmasının gerçəkləşdirilməsinə aiddir. Bu araşdırma əsasında hazırlanmış bir neçə monoqrafiya Azərbaycan və rus dillərində çap edilmişdir. Əsər yüksək qiymətləndirilərək 1978-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

Çox ciddi elmi axtarışların məhsulu olan bu əsər, təkcə adlandırıldığı problemlə məhdudlaşmayıb, ümumilikdə müharibə və ədəbiyyat məsələlərinin çözülməsini, ədəbiyyatın müharibəyə qarşı mübarizədə hansı effektiv vasitələrdən istifadə etməsini təhlil edərək, gələcək mübarizələr üçün də müəyyən proqnozlar verməsi ilə dəyər daşıyır. Bu isə əsərin qaldırdığı problemlərin bu gün də aktual olmasını şərtləndirir. Xüsusən, müstəqil Azərbaycan Respublikasının zorla sürükləndiyi indiki müharibə şəraitində, torpaqlarımızın 20 faizinin ekspansiyaya məruz qaldığı bir dövrdə B. Nəbiyevin tədqiqatının ideoloji-etik dəyəri qat-qat güclü təsir qüvvəsinə malik ola bilər.

Keçən əsrin 70-ci illərində qələmə alınmasına baxmayaraq, bu əsər XXI əsrin ilk onilliyinin azərbaycançılıq ideologiyasına dəstək verə biləcək tədqiqatlar arasında özünəməxsus yer tutur. Keçən yüzilliyin 60-cı illərinin əvvəllərindən bu günə kimi, yarım əsrlik bir dövr ərzində akademik Bəkir Nəbiyevin Azərbaycan, türk, ingilis, rus və fars dillərində 60-dan çox monoqrafiyası işıq üzü görüb ki, həmin əsərlərdə ədəbiyyatımızın və mənəviyyatımızın ən müxtəlif problemləri öz səmərəli həllini tapıb.

Akademik Bəkir Nəbiyevin elmi yaradıcılığının və ictimai fəaliyyətinin əsas hissəsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik illərinə təsadüf edir. Buna görə də, təbiidir ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycan xalqının mədəni səviyyəsinin və rifah halının yaxşılaşdırılması, dünya azərbaycanlılarının Vətənlə əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan xalqının haqq işinə onların verə biləcəyi beynəlxalq dəstəyin gücləndirilməsi kimi nəhəng işləri görərkən başqa böyük şəxsiyyətlərlə yanaşı, respublikada kifayət qədər nüfuz və söz sahibi olan akademik Bəkir Nəbiyevin də bu yolda xidmətləri olmuşdur. Hər bir azərbaycanlını şərəfləndirə biləcək bu böyük missiya ilə fəxr edən Bəkir müəllim ümummilli lider Heydər Əliyevə olan ehtiramını, eləcə də onun ölməz ideyalarına sədaqətini 1998-ci ildə, ulu öndərin 75 illik yubileyi münasibətilə çap olunmuş "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" toplusunda, daha sonra isə 2007-ci ildə tamamladığı "Heydər Əliyev haqqında etüdlər" monoqrafiyasında elmi-publisistik bir tərzdə təqdim və tərənnüm etmişdir. Bunun yenidən işlənmiş və təkmilləşdirilmiş variantı isə 2009-cu ildə akademik Bəkir Nəbiyevin ümumi redaktəsi ilə çap olunmuş "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" toplusunun yeni nəşrində işıq üzü görmüş və həmin toplu müstəqil Azərbaycan Respublikasının ilk Dövlət Mükafatına layiq görülmüşdür.

Akademik Bəkir Nəbiyevin yaradıcılığında və ictimai fəaliyyətində istiqlal ideyalarının önəmli yer tutduğunu görmək olar. Bu baxımdan alimin milli istiqlal ideyasının mücahidlərindən olan Məhəmməd Əmin Rəsulzadənin, Xəlil Rza Ulutürkün, Əhməd Cavadın, Almas İldırımın və başqa istiqlal mübarizlərinin həyat və yaradıcılığına həsr olunmuş monoqrafiya və məqalələri diqqəti çəkir. Bu sırada, alimin uzun illər boyu şəxsiyyətinə və yaradıcılığına yaxşı bələd olduğu xalq şairi Xəlil Rza Ulutürk haqqında yazdığı "İstiqlal şairi" monoqrafiyasının xüsusi yeri var. Monoqrafiyada Xəlil Rza şəxsiyyətinin və yaradıcılığının müxtəlif yönlərdən panoramlı formada nəzərdən keçirilməsi - bu böyük insana və vətənpərvər ziyalıya kompleks şəkildə qiymət verilməsi ilə nəticələnib.

Bəkir Nəbiyevin 1995-ci ildə qələmə aldığı "Didərgin şair" monoqrafiyası, uzun müddət yasaq altında olan mühacirət ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən olan Almas İldırımın həyat və yaradıcılığının araşdırılmasına həsr edilmişdir. Alim öz elmi araşdırma üsuluna xas olan zərgər dəqiqliyi ilə bu sənətkarın həyatı, mühiti, psixoloji çevrəsi, ictimai fəaliyyəti və bədii yaradıcılığı haqqındakı faktları, məqalə və yazıları topladıqdan sonra onlara istinad etməklə, Almas İldırımın bir insan və sənətkar kimi dolğun obrazını oxuculara təqdim etməyə nail olmuşdur. Təkcə ölkəmizdə deyil, qardaş Türkiyədə də yüksək qiymətləndirilən bu əsər, 1999-cu ildə Ankarada türk dilində nəşr edilmişdir.

Stalinin sərt rejimi zamanı repressiyaya düçar olmuş və qətlə yetirilmiş gözəl Azərbaycan şairi Əhməd Cavadın da nakam həyatı və dolğun yaradıcılığı akademikin diqqətindən yayınmamışdır. O, hələ 1992-ci ildə bu mövzuda qələmə aldığı monoqrafiyasını Əhməd Cavadın sıx bağlı olduğu və çox sevdiyi Gəncə şəhərində nəşr etdirmişdir. 2004-cü ildə həmin monoqrafiya yüksək poliqrafik səviyyədə təkrar çapdan çıxmışdır.

Əhməd Cavadın həyat və yaradıcılıq yoluna müxtəlif rakurslardan nəzər salan Bəkir Nəbiyev, ilk növbədə, onu bir vətənpərvər sənətkar kimi təqdim etmiş və bu baxımdan şairin Azərbaycan ədəbiyyatı tarixindəki yüksək yerini göstərmişdir. Siyasi lirikanın gözəl örnəklərini yaratmış bu şair, həm də incə qəlb duyğularının poetik dilə tərcümanlığı sahəsində görkəmli uğurlara imza atmış, gözəl poemalar yaratmış, müxtəlif ölkələrin böyük sənətkarlarından seçmə bədii örnəkləri Azərbaycan dilinə tərcümə etmiş, bədii publisistika nümunələri yaratmışdır. Əhməd Cavad yaradıcılığındakı bu polifoniya Bəkir Nəbiyev tərəfindən səbir və təmkinlə, qayğı və məhəbbətlə izlənmiş, nəticədə alim, şairin dolğun portretini yarada bilmişdir.

Akademikin şanlı yubileyi ərəfəsində işıq üzü görmüş və elmi-ədəbi dairələrdə "Xəmsə" adına layiq görülmüş beşcildlik "Seçilmiş əsərləri", öz təbirincə desək, "yanından yel ötməmiş" mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş, ədəbiyyatşünaslıq elmimizin mühüm uğurları sırasına daxil edilmişdir.

Bəkir Nəbiyev bir elm təşkilatçısı və alim kimi, Azərbaycan ədəbiyyatı tarixinin hazırlanmasında yaxından iştirak etmişdir. Vaxtilə Moskva şəhərində çap olunmuş altıcildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin və ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən biri olmuş Bəkir Nəbiyev hazırda Nizami adına Ədəbiyyat İnstitutunda başa çatmaqda olan altıcildlik "Azərbaycan ədəbiyyatı tarixi" layihəsinin baş redaktorudur.

Görkəmli alimin ədəbiyyat tarixçiliyi fəaliyyəti təkcə Azərbaycan və keçmiş Sovet İttifaqı ilə məhdudlaşmayır, bütün türk dünyasını əhatə edir. Təsadüfi deyil ki, 2001-2007-ci illərdə Türkiyədə nəşr olunmuş 30 cildlik "Türk dünyası ədəbiyyat tarixi"nin Azərbaycan üzrə koordinatoru və aparıcı müəlliflərindən biri kimi Bəkir Nəbiyev ədəbiyyatımızın və ədəbiyyatçılarımızın uğurlarının beynəlxalq səviyyədə təbliğində çox böyük işlər görmüşdür.

O, istər sovet dönəmində, istərsə də müstəqillik illərində Rusiya ədəbi-mədəni mühiti ilə yaxından əməkdaşlığı sayəsində qonşu dövlətdə də tanınır və sevilir. 2005-ci ildə həmkarları, AMEA-nın müxbir üzvləri Azadə Rüstəmova və Yaşar Qarayevlə birgə yazdıqları Azərbaycan diasporası üçün "Azərbaycan ədəbiyyatı" kitabı rus dilində yüksək səviyyədə nəşr olunduqdan sonra istər Rusiyada yaşayan azərbaycanlılar, istərsə də Azərbaycan ədəbiyyatı ilə maraqlanan rusdilli oxucular üçün bu gün də qiymətli qaynaq rolunu oynamaqdadır.

Lap bu günlərdə Moskvanın dünya şöhrətli "Xudojestvennaya literatura" nəşriyyatının direktoru akademik Georgi Pryaxindən ürəkaçan məzmunlu bir teleqram aldıq. Teleqramda AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə işbirliyi nəticəsində "Xudojestvennaya literatura" nəşriyyatında çap olunan "MDB ədəbiyyatları klassikası" seriyasından Azərbaycana həsr olunmuş iki cildin işıq üzü görməsi münasibətilə instititun direktoru akademik Bəkir Nəbiyevə təşəkkür edilir və bundan sonra da Azərbaycan ədəbiyyatının rusdilli auditoriyada tanıdılması üçün işbirliyinin davam etdiriləcəyinə ümid bildirilirdi.

İlk tənqidi yazısının çap olunduğu 1951-ci ildən bu günə kimi ədəbi prosesi yaxından izləyən, müxtəlif ədəbi orqanlarda çap olunan saysız-hesabsız əsərlərə fəal reaksiya və ciddi münasibət göstərən akademik Bəkir Nəbiyev bu gün də respublikamızın aparıcı tənqidçilərindən biri kimi öz dərin məzmunlu və aktual xarakterli məqalələri ilə çağdaş ədəbiyyatın inkişafında önəmli rol oynayır.

Xarakterinə görə dar bir sahədə qapılıb qalmağı sevməyən B.Nəbiyev 1982-1986-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun, 1987-1991-ci illərdə Azərbaycan Ədəbiyyat Fondunun sədri vəzifələrində mədəniyyətimizin və ədəbiyyatımızın inkişafı üçün böyük səylər göstərmişdir. İctimai fəaliyyətini bu gün də uğurla davam etdirən B. Nəbiyev "Ədəbiyyat qəzeti" redaksiya heyətinin (1970-ci ildən), Azərbaycan Milli Dram Teatrı bədii şurasının (1985-ci ildən), Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının (1996-cı ildən) və Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının (1997-ci ildən) üzvüdür.

Yüksək səviyyəli ensiklopedist alim olan Bəkir Nəbiyev, müstəqil respublikamızda mədəniyyətimizin və elmimizin ən möhtəşəm layihələrindən biri sayılan Azərbaycan Milli Ensiklopediyası redaksiya heyəti sədrinin müavini kimi də səmərəli fəaliyyət göstərir. O, xüsusi "Azərbaycan" cildinin ən nüfuzlu müəlliflərindən biridir.

Akademik B.Nəbiyev ədəbiyyatımızı, ədəbiyyatşünaslıq elmimizi Yaxın və Uzaq xaricdə layiqincə təmsil və təbliğ edən böyük ziyalılarımızın sıralarında ön cərgələrdə dayanır. Onun müxtəlif illərdə Çexiya, Slovakiya, keçmiş Yuqoslaviya, Yunanıstan, Danimarka, Türkiyə, İran, İraq, Səudiyyə Ərəbistanı, Suriya, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi və ictimai-siyasi məclislərdəki məruzə və nitqlərində, radio, televiziya çıxışlarında respublikamız barədə, ölkəmizin ədəbi-mədəni həyatı, elmi səviyyəsi, geosiyasi vəziyyəti, sürükləndiyi ədalətsiz müharibə və sair problemlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yolunda göstərdiyi fədakarlıq yüksək dəyərləndirilməlidir. Eyni ülvi məqsədi Bəkir Nəbiyevin türk, rus, fars, ingilis, çin dillərində çap olunmuş məqalələrində də aşkara çıxarmaq mümkündür.

Alim elm aləmində təkcə bir araşdırıcı kimi deyil, həm də görkəmli bir redaktor kimi tanınmaqdadır. Şəxsiyyətinə xas olan ciddiliklə bu işə yanaşan alimin əlindən çıxan hər bir nəşr, mötəbər qaynaq kimi tədqiqatçıların stolüstü kitabına çevrilir. Bunların sırasında Firidun bəy Köçərlinin "Balalara hədiyyə", "Azərbaycan ədəbiyyatı" (2 cilddə) kitablarının, "Füyuzat" dərgisinin tam toplusunun, "Molla Nəsrəddin" dərgisinin isə IV-VII cildlərinin transliterasiya edilmiş mətninin, eləcə də altıcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin I-IV cildlərinin redaktəsini göstərə bilərik.

Bütün istedadlı insanlar kimi, akademik Bəkir Nəbiyevin də bacarıq və qabiliyyətləri çoxyönlüdür. O, bir elm təşkilatçısı kimi uzun illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasında humanitar sahənin inkişafına öz önəmli töhfələrini vermiş, gənc mütəxəssislərin yetişdirilməsində səmərəli fəaliyyət göstərmişdir.

Alimin elmi rəhbərliyi altında namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş 40 gənc mütəxəssisin sıralarına Bəkir Nəbiyevin onlarla qeyri-rəsmi tələbələrini, yetirmələrini də əlavə etmək mümkündür. Bu onu göstərir ki, akademik Bəkir Nəbiyevin özünəxas elmi məktəbi çox-çox bundan öncə formalaşıb və bu gün də həmin məktəbin nümayəndələri, başda ustad olmaqla, humanitar elmimizi zənginləşdirməkdə və inkişaf etdirməkdədirlər.

Akademik Bəkir Nəbiyev həm də gözəl natiq kimi tanınır. Onun müxtəlif məclislərdəki nitqləri, radio və televiziya ilə çıxışları bir qayda olaraq dinləyicilər tərəfindən maraqla qarşılanır. Təsadüfi deyil ki, hələ 15 yaşlı gənc ikən Ağdaş yerli radio qovşağının diktoru olmuş və sovet xalqının faşizm üzərindəki qələbə xəbərini elan etmiş Bəkir Nəbiyev, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşündə belə bir arzusunu bildirmişdi ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki qələbə xəbərini də Azərbaycan radiosu ilə elan etməyi özü üçün böyük xoşbəxtlik sayardı. Biz ürəkdən inanırıq ki, torpaqlarımızın düşmən tapdağından azad olacağı, ağsaqqal yoldaşımızın bu müqəddəs arzusunun həyata keçəcəyi gün o qədər də uzaqda deyildir.

Akademik Bəkir Nəbiyevin çoxyönlü səmərəli fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Hələ uzaq 1957-ci ildə 27 yaşlı gənc ikən Moskva şəhərində Gənclərin və Tələbələrin VI Ümumdünya festivalında uğurlu iştirakına görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə dövlət təltifləri "hesabını açan" Bəkir Nəbiyev, sonrakı illərdə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı (1974), "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" monoqrafiyasına görə Azərbaycan SSR Dövlət Mükafatı (1978), ədəbiyyat sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1981), "Xalqlar dostluğu" ordeni (1986), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə əməkdar elm xadimi fəxri adı (1990), ümummilli lider Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni (2000), Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə "İstiqlal" ordeni (2005) və nəhayət, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" (kollektiv) əsərinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı (2010) ilə təltif edilmişdir. Dövlətin və xalqın öz ləyaqətli övladına qədirşünaslıq göstəricisi olan bütün bu yüksək mükafatlar akademik Bəkir Nəbiyevin necə şərəfli bir ömür və yaradıcılıq yolu keçdiyini sübut etməklə, həm də gənc nəsil üçün əsl insanlıq və vətəndaşlıq örnəyi kimi böyük tərbiyəvi əhəmiyyət daşıyır.

 80 illik şanlı yubileyində humanitar elmimizin ağsaqqalı kimi, akademik Bəkir Nəbiyevi respublikanın bütün elmi ictimaiyyəti adından təbrik edir, ona uzun ömür, həmişə görməyə adət etdiyimiz şux yeriş və gümrah görkəm, möhkəm cansağlığı, ailə səadəti, ölkəmiz, xalqımız üçün gərəkli elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Mahmud Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

Teymur Kərimli, AMEA-nın müxbir üzvü

 

 
 Virtual Sərgi Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır