Anar Camal oğlu İsgəndərov 1956-cı il yanvar ayının 10-da Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub.
O, 1973-1978-ci illərdə BDU-nun tarix fakültəsində təhsil alıb. 1989-cu ildə “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Anar İsgəndərov 1978-1981-ci illərdə Masallı rayonunda tarix müəllimi, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Fəlsəfə kafedrasında kabinet müdiri, 1984-1999-cu illərdə BDU-nun Tarix fakültəsi Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent olmuş, professor elmi rütbəsini almışdır. 1999-cu ildən indiyə qədər həmin kafedraya rəhbərlik edir. 20 monoqrafiya, 8 dərs vəsaiti və 260-dan çox elmi məqalənin müəllifidir.
Rəhbərliyi altında 20 nəfər namizədlik disserasiyası müdafiə etmiş, 10 əyani aspirant, 8 nəfər dissertant namizədlik dissertasiyası üzərində tədqiqat işlərini davam etdirirlər. O, tarix elmləri proqramı üzrə 6 elmlər doktorunun elmi məsləhətçisidir.
Alim ilk dəfə olaraq 1917-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq edilərək Azərbaycan ictimaiyyətinə çatdırılmışdır.
1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəyə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və “Altun”qızıl medalı ilə təltif olunmuşdur
2008-ci ildə “Qızıl döş nişanı”, 2009-cu ildə “Tərəqqi” medalı, 2016-cı ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” orden, 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı, 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı, 2023-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, 2026-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
Anar Camal oğlu İsgəndərli Azərbaycan Respublikası Milli Məclisinin VI, VII çağırış deputatı seçilmişdir. Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.
Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İraq, Koreya, Qətər, Özbəkistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Livan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.