Fikrət Qoca 1935-ci il avqustun 25-də
Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. O, Ağdaş şəhərində
orta məktəbi bitirmiş, 1953–1957-ci illərdə Bakı dəmir yolu texnikumunda
oxumuş və 1957–1959-cu illərdə Bakı şəhərində tikinti idarəsində
işləmişdir. Ədəbi yaradıcılığa gənc yaşlarından meyil göstərən Fikrət
Qoca 1959–1964-cü illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat
İnstitutunda təhsil almış, Bakıya qayıtdıqdan sonra 1964–1965-ci illərdə
Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor,
1967–1970-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi
işçi, 1970–1975-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsul katib,
1978–1987-ci illərdə “Azərbaycan” jurnalında şöbə müdiri və 1987–2004-cü
illərdə “Qobustan” incəsənət toplusunun baş redaktoru vəzifələrində
çalışmışdır. O, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin
katibi, 2004-cü ildən birinci katibi olmuşdur. İlk şeirlər kitabı (
Qayğı) 1963-cü ildə, tələbə ikən (Gənclik) nəşriyyatında çapdan
çıxmışdır.
Fikrət Qoca Azərbaycan
ədəbi mühitinə yeni ab-hava gətirən sənətkarlardandır. Şair dərin
ictimai məzmunlu yaradıcılığı ilə müasir poeziyamızın mövzu dairəsinə,
poetik forma və ifadə tərzinə özünəməxsus çalarlar qazandırmış, mühüm
hadisələr və cəmiyyətdəki mənəvi-ictimai proseslər fonunda insanın
daxili aləminin dolğun təsvirinə nail olmuşdur. Mənəvi ucalığa və mənalı
yaşamağa səsləyən, insan və zaman haqqında lirik-fəlsəfi
ümumiləşdirmələrlə zəngin əsərləri Fikrət Qocanı geniş oxucu kütləsinə
sevdirmişdir. Şairin bədii tərcümələri sayəsində Azərbaycan oxucusu
dünya poeziyasının dəyərli nümunələri ilə yaxından tanış olmaq imkanı
əldə etmişdir. Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar tanınmış
müğənnilərin repertuarında geniş yer tutur.
1968-cı ildə Azərbaycan SSR Lenin Komsomolu
mükafatına, 90-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998)
layiq görülmüşdür.
Fikrət Qoca istiqlal
ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlamışdır. Onun
xalqımızın azadlıq mübarizəsindən bəhs edən əsərlərinin gənc nəslə
vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rolu vardır. Fikrət
Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək
qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi”
fəxri adlarını almış, Azərbaycan Respublikasının ali dövlət
təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət
mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na
layiq görülmüşdür.
Görkəmli şair, qayğıkeş və səmimi insan Fikrət
Qocanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.