Professor
A.A.Xələfov elmi-tədqiqat işinə hələ tələbə ikən maraq göstərmiş, tələbə elmi
dərnəklərində, seminarlarda fəal iştirak etmiş, kitabxana işinin tarixi və
nəzəriyyəsi ilə bağlı məruzələr və məlumatlar hazırlamışdır.
İlk araşdırmalarını müəllim
işlədiyi zaman davam etdirən gənc mütəxəssis öz elm yolunun başlanğıcında
Azərbaycanda kitabxana işinin tarixi probleminin elmi tədqiqini qarşısına məqsəd
qoyur. Bu zaman o, belə bir şəksiz konsepsiyaya söykənir ki, tarixi keçmişə
müraciət etmədən kitabxana işinin müasir problemlərinin elmi cəhətdən düzgün
dərk edilməsi mümkün deyildir. Kitabxana işi tarixinin tədqiqatçısı kimi
A.Xələfov 1950-ci illərin sonlarında ilk elmi-tədqiqat məqalələri ilə mətbuatda
çıxış edir. Onun bu araşdırmaları XIX əsrin sonu - XX əsrin əvvəllərində,
20-30-cu illərdə Azərbaycanda kitabxana işinin tarixi, habelə kitabxanaların
qabaqcıl iş təcrübəsi və müasir problemləri və s. kimi mövzulara həsr olunmuşdu.
Bununla yanaşı o, mədəniyyət, kitabxanaçılıq və kitabçılıq işlərinə dair nəşr
olunmuş yeni kitablar haqqında resenziyalar və icmal məqalələri yazaraq dərc
etdirir.
Gənc tədqiqatçının 1960-cı
illərin əvvəllərində nəşr etdirdiyi “Azərbaycanda kitabxana işinin tarixindən
(1870-1920)” və “Sovet Azərbaycanında kitabxana işinin tarixindən (1920-1932)”
monoqrafiyaları elmi ictimaiyyətin böyük rəğbətini qazanır. Sonuncu monoqrafiya
müəllifin namizədlik dissertasiyasının əsasını təşkil edir.
A.A.Xələfovun elmi üslubundakı
arxiv sənədlərinə sistemli müraciət, fasiləsiz axtarış, yeni fakt və sənədlərin
elmi dövriyyəyə daxil edilməsi və s. kimi fərqləndirici cəhətlər məhz bu
araşdırmalarda formalaşmağa başlayır. Onun elmi-tədqiqat işlərinin çoxu məhz
təkzibolunmaz arxiv-sənəd bazasına əsaslanması ilə seçilir. A.Xələfov hələ
1960-cı illərdə kitabxana işinin tarixinə dair yazıb nəşr etdirdiyi kitablarında
bu işin başlanğıcını qoymuşdu. Bu tədqiqatlarla da o, əvvəllər mahiyyətcə heç
kim tərəfindən öyrənilməmiş mühüm bir problemin - Azərbaycanda kitabxana işinin
inkişafı tarixi problemini ilkin olaraq araşdırmaq yolunu tutdu.
Sovet hakimiyyəti illərində
mövcud olan ideoloji konsepsiyalara qeyri-standart yanaşması, yaradıcı münasibət
bəsləməsi, tənqidi təhlil verməsi A.Xələfova həmin dövrdə kommunist ehkamlarına
uyğun olaraq cəhalət və avamlıq ocağı adlandırılan məscidlərin kitabxana işinin
inkişafında, xalqın maariflənməsində rolu və əhəmiyyəti haqqında orijinal
fikirlər söyləmək üçün imkan yaradır.
İlk Azərbaycan Demokratik
Respublikasının guya mürtəce rejim olması haqqında sovet dövründə uydurulan
çeynənmiş fikirlərin əksinə ustalıqla çıxan A.Xələfov nəinki ADR dövründə
kitabxana işinin inkişafını təsdiqləyən bir sıra faktları üzə çıxarmış, hətta
adının çəkilməsi belə qadağan olunan Məmməd Əmin Rəsulzadənin xalqın
maariflənməsində kitabxanaların rolu və əhəmiyyəti ilə bağlı söylədiyi
fikirlərdən sitatlar gətirmiş, 1919-cu ildə Azərbaycan kitabxanalarının kitabla
təchiz olunmasında Türkiyənin köməyi barədə faktları misal göstərmiş, həmçinin
XX əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin vəziyyətinə dair yanlış
təsəvvür yaradan rus statistikasına tənqidi təhlil vermişdir və s. Bütün bunlar
isə gənc tədqiqatçıdan təkcə elmi prinsipiallıq deyil, eyni zamanda saf
vətəndaşlıq qeyrəti tələb edirdi.
Kitabxanaların sosial təbiətinin
aşkarlanması, cəmiyyətin sosial institutları kimi ictimai rol və funksiyalarının
açılması, müxtəlif tarixi mərhələlərdə kitabxana prosesləri
qanunauyğunluqlarının cəmiyyətin mənəvi, iqtisadi və siyasi şəraiti ilə,
mədəniyyət və maarifçilik səviyyəsi ilə sıx əlaqədə aydınlaşdırılması və
ümumiləşdirilməsi, maarifin, elmin, xalqın intellektual imkanlarının inkişafında
kitabxana işinin mahiyyətinin geniş şəkildə göstərilməsi və əsaslandırılması
A.Xələfovun Azərbaycanda kitabxana işinin tarixinə dair ilk tədqiqatlarının
xarakterik cəhətlərindəndir.
A.A.Xələfovun tədqiqatları
nəticəsində 1960-cı illərdə respublikamızda kitabxana işi tarixinin və
nəzəriyyəsinin problemləri üzrə elmi nəticələr və müddəalar formalaşır ki,
bunlar da Azərbaycan kitabxanalarının nümunəsində müasir kitabxanaların
mahiyyətini, məqsədini və iş metodlarını açıb göstərir. O dövrdə günün
tələblərinə uyğun olaraq respublikada kitabxana işinin iqtisadi, təsərrüfat və
ideoloji vəzifələrin həlli istiqamətinə yönəldilməsi məsələsinin işlənilməsi
tədqiqatçının fəaliyyətində xüsusi elmi-əməli əhəmiyyət kəsb edir.
1970-ci illərdə A.Xələfov tarixi
prosesləri dərindən təhlil edərək müasir dövrün aktual problemlərini üzə
çıxarır. Bu dövrdə onun əsərlərində humanitar elm kimi kitabxanaşünaslığın
ümumnəzəri və metodoloji problemlərinin işlənilməsi, kitabxanaların sosial
funksiyalarının inkişafının araşdırılması, əhalinin mütaliə mədəniyyətinin
formalaşmasında bu funksiyaların rolunun və yerinin müəyyənləşdirilməsi
məsələləri böyük yer tutur.
Həmin mərhələdə o, Azərbaycan
Sovet Ensiklopediyasının ayrı-ayrı cildləri üçün kitabxana-biblioqrafiya və
kitabçılıq işinin tarixi və nəzəri problemləri, Azərbaycanın böyük
kitabxanalarının tarixi haqqında məqalələr seriyası yazır.
1974-cü ildə Azərbaycan Dövlət
Nəşriyyatında A.Xələfovun “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)”
adlı sanballı əsəri çapdan çıxır. Monoqrafiyada 1930-50-ci illərdə
respublikamızda hərtərəfli inkişaf etmiş kitabxana şəbəkələrinin formalaşması
prosesinin geniş mənzərəsi yaradılmışdır. Ol-duqca əlamətdardır ki, müəllif
Azərbaycanda kitabxana quru-culuğunun inkişaf dinamikasını ümumiləşdirərək,
həmin mərhələdə Azərbaycanın sosial-iqtisadi və mənəvi həyatının bütün
cəhətlərini qarşılıqlı əlaqədə göstərir. Kitabxana işinin inkişafı bütün
mərhələlərdə Azərbaycan tarixi və mədəniyyəti ilə sıx əlaqədə, cəmiyyətin
siyasi, iqtisadi və mədəni həyatının ayrı-ayrı sahələrində baş verən proseslər
fonunda əks etdirilir.
Tədqiqatda Azərbaycanda
kitabxana işinin inkişafının elmi əsasları və təcrübi metodları açılıb
göstərilir, kitabxana quruculuğu sahəsində dövlət siyasəti təhlil edilir.
Tədqiq olunan dövrdə
respublikanın şəhərlərində və kənd rayonlarında müxtəlif tipli kitabxanalarda
(kütləvi, elmi, texniki, ali məktəb, həmkarlar ittifaqı və s.) əhaliyə xidmətin
forma və metodları da əsərdə özünün ətraflı təhlilini tapır.
Kitabxana işinin dövlət
planlaşdırılması, kitabxana şəbəkələrinin yerləşdirilməsi, kitabxanaların
maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana fəaliyyətinin metodik
təminat sisteminin yaradılması və təkmilləşdirilməsi, kitabxanaçılıq təhsili və
s. kimi məsələlərin sistemli şəkildə işıqlandırılması həmin mərhələdə Azərbaycan
Respublikasında kitabxana işinin inkişafının geniş mənzərəsini yaradır.
Əsərdə xeyli arxiv sənədlərinin
və dövri mətbuat materiallarının elmi dövriyyəyə daxil edilməsi əsasında
respublika kitabxanalarının Böyük Vətən müharibəsi dövründəki fəaliyyəti
hərtərəfli tədqiq olunur. Müəllif müharibə illərində kitabxanaların tarixini
öyrənərkən onların «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» tarixi şüarının
həyata keçirilməsində iştirakına xüsusi yer ayırır, bu istiqamətdə
kitabxanaların fəaliyyətini müfəssəl təhlil edir. Qeyd edək ki, həmin faktlar
Azərbaycana erməni təcavüzünün davam etdiyi indiki şəraitdə xüsusi aktuallığa
malikdir.
Monoqrafiyada elmi dövriyyəyə,
demək olar, ilk dəfə daxil edilən çoxlu sayda faktlar əsasında inandırıcı
şəkildə göstərilir ki, Azərbaycanda xüsusilə Böyük Vətən müharibəsindən sonrakı
illərdə kitabxana işinin təkmilləşdirilməsi onun məzmununun keyfiyyətcə xeyli
dəyişməsinə və daha da dərinləşməsinə, kitabxana işinin respublikanın
sosial-iqtisadi vəzifələri ilə sıx bağlanmasına, cəmiyyətdə kitabxanaların
rolunun və əhəmiyyətinin hiss olunacaq dərəcədə artmasına, beləliklə, kitabxana
işinin xalqın mədəni inkişafında həlledici amillərdən birinə çevrilməsinə
gətirib çıxarmışdır.
Artıq qeyd etdiyimiz kimi, həmin
monoqrafiya Abuzər Xələfovun 1975-ci ildə uğurla müdafiə etdiyi doktorluq
dissertasiyasının özülünə çevrilmişdir.
Abuzər Xələfovun 15 illik
tədqiqatının nəticələrini ümumiləşdirən bu doktorluq dissertasiyası həm Sovetlər
Birliyinin kitabxana ictimaiyyətinin, həm də mədəniyyətşünaslıq sahəsi
mütəxəssislərinin diqqətini yalnız maraqlı və qiymətli elmi faktların zənginliyi
ilə deyil, eyni zamanda, elmi nəticələrin yeniliyi, orijinallığı və
ümumiləşdirilməsi səviyyəsi ilə cəlb etmişdir. Təsadüfi deyil ki, A.Xələfovun
tədqiqatını görkəmli alimlərdən Azərbaycan EA-nın vitse-prezidenti, akademik
M.A.Dadaşzadə, akademiyanın müxbir üzvü, professor A.M.Aslanov, tarix elmləri
doktoru, professor Z.İbrahimov, filologiya elmləri doktoru, professor
F.F.Qasımzadə, tarix elmləri doktoru, professor A.M.Atakişiyev, tarix elmləri
doktoru, professor M.Y.Vəkilov, tarix elmləri doktoru, professor N.A.Paşayev,
həmçinin, Sovet İttifaqının tanınmış kitabxanaşünasları, kitabxana işi
tarixçiləri və nəzəriyyəçiləri yüksək qiymətləndirmişlər. Belə ki, Moskva Dövlət
Mədəniyyət və İncəsənət Universiteti kitabxanaşünaslıq kafedrasının müdiri,
pedaqoji elmlər doktoru, professor, Rusiya Federasiyasının Əməkdar elm xadimi
K.İ.Abramov belə hesab edirdi ki, A.Xələfovun elmi tədqiqatı araşdırılma
səviyyəsinə görə son illərdə müttəfiq respublikalarda yerinə yetirilmiş ən yaxşı
orijinal işlərdən biridir. SSRİ EA Rəyasət Heyəti Kitabxana Şurasının, Moskva
Dövlət Mədəniyyət və İncəsənət Universiteti kitabxanaşünaslıq kafedrasının
rəylərində qeyd edilirdi ki, müttəfiq respublikalarda kitabxana işinin
inkişafının tarixi, nəzəri və təcrübi problemlərinin işlənilməsi üçün bu
tədqiqat böyük əhəmiyyətə malikdir.
Sonrakı illərdə Abuzər Xələfov
Azərbaycanda kitabxana işinin inkişaf tarixi və müasir problemləri sahəsində
tədqiqatlarının xronoloji çərçivəsini daha da
genişləndirir və dərinləşdirir.
A.Xələfov həmin dövrdə
respublikamızda 1970-ci illərin ikinci yarısında kütləvi kitabxanaların
mərkəzləşdirilməsi sahəsində qazanılmış təcrübəni ümumiləşdirmək üçün
genişmiqyaslı işlər görür.
A.Xələfov Azərbaycan Mədəniyyət
Nazirliyinin kitabxana sistemlərinin mərkəzləşdirilməsi haqqında zəngin
materialları sistemləşdirərək və ümumiləşdirərək, mərkəzləşdirmə nəticəsində baş
verən mühüm prosesləri müəyyənləşdirir, mərkəzləşdirilmiş kitabxana
sistemlərinin xüsusiyyətlərini sistemli şəkildə təhlil edir, bir sıra
çatışmazlıqları göstərir və MKS-lərin təşkili və idarə olunması metodlarının
təkmilləşdirilməsi vacibliyini sübuta yetirir.
O, xüsusi qayğıkeşliklə qeyd
edir ki, kitabxanaların mərkəzləşdirilməsi prosesində bir sıra irəliləyişlərə
baxmayaraq, MKS-lərin fəaliyyətinin metodik təminatı, kitab təchizatı sistemi,
mühüm kitabxana-biblioqrafiya proseslərinin mexanikləşdirilməsi və
avtomatlaşdırılması, oxuculara informasiya xidməti, kitabxanaların yüksək
ixtisaslı kadrlarla təminatı, maddi-texniki bazanın möhkəmləndirilməsi
sahələrində uğurlu nəticələr qazanılmadı.
Alim 80-ci illərin əvvəllərində
respublikanın rəsmi mətbuat orqanlarında və Bakı Dövlət Universitetinin elmi
əsərlərində dərc etdirdiyi məqalələrdə müasir problemlərin dərin təhlili
əsasında yaxın zamanlarda və uzaq perspektivdə respublikada kitabxana işinin bir
sıra inkişaf istiqamətlərini təklif edir.
1980-ci illərdə A.Xələfovun elmi
araşdırmalarının mühüm xarakterik cəhətlərindən biri də onun Azərbaycanda
kitabxanaların yaranmasının tarixi köklərinə, ayrı-ayrı mərhələlərdə
kitabxanaların tarixi təcrübəsinə müntəzəm müraciət etməsi və bu zaman
kitabxanaların inkişafını Azərbaycan xalqının mənəvi mədəniyyətinin inkişafı ilə
sıx əlaqədə öyrənməsi, varislik məsələsini diqqətdə saxlamasıdır.
Həmin tədqiqatların nəticəsi
olaraq 1986-cı ildə alim “Azərbaycanda kitabxana işinin tarixindən” adlı kitab
nəşr etdirir. O, burada ilk dəfə olaraq qədim dövrlərdə və orta əsrlərdə
Azərbaycanda kitabxanaların yaranmasının tarixi köklərini araşdırır, Qədim
Albaniya dövründən başlamış XVIII əsrədək kitabçılıq və kitabxanaçılıq işinin
inkişaf yolunu izləyir.
Müəllif tədqiq etdiyi dövrdə
kitabxana işinin vəziyyəti haqqında əhatəli elmi məlumat vermək məqsədi ilə
qədim tarixi mənbələri və müasir ədəbiyyatı araşdırıb öyrənərkən xeyli zəhmət
çəkmiş, Nizami dövrünə, Qazan xanın və Şah İsmayıl Xətainin hakimiyyəti illərinə
xüsusi diqqət yetirmişdir. Kitabda saray, din, şəxsi kitabxanalarla bağlı
əvvəllər geniş oxucu kütləsinə məlum olmayan bir sıra qiymətli faktlar yığcam
şəkildə ilk dəfə elmi dövriyyəyə daxil edilmiş, Azərbaycan mədəniyyət və elm
dühalarının kitab, kitabxana və mütaliə haqqında baxışları aşkara çıxarılmış və
sistemləşdirilmişdir.
“Azərbaycanda kitabxana işinin
tarixindən” əsəri xalqımızın mənəvi mədəniyyət tarixi sahəsindəki mövcud boşluğu
doldurmaq baxımından böyük əhəmiyyət kəsb edir.
1985-ci ildə Sovet İttifaqında
ilk dəfə nəşr edilmiş sanballı “Kitabxana işçisinin məlumat kitabı”, həqiqətən,
kitabxana işçilərinin masaüstü kitabına çevrildi ki, bu nəşrin müəlliflərindən
biri də Abuzər Xələfov idi. Kitabda toplanmış və ümumiləşdirilmiş materiallar
kitabxana işçilərini kitabxana-biblioqrafiya və informasiya işinin bütün əsas
anlayışları ilə tanış edir, çap əsərlərindən ictimai istifadənin təşkilində
kitabxanaların sosial funksiyalarını açıb göstərir. Burada həmçinin kitab
fondlarının formalaşmasının, ədəbiyyatın kataloqlaşdırılmasının, kitabxanaların
soraq-biblioqrafiya fəaliyyətinin, müxtəlif oxucu qruplarına və xalq təsərrüfatı
sahələrinə kitabxana xidmətinin təşkilinin müasir vəziyyəti və prinsipləri
xarakterizə olunur, böyük kitabxanaların fəaliyyəti nəzərdən keçirilir.
Məlumat kitabında kitabxana
işinin proqnozlaşdırılması və planlaşdırılması metodlarının, mərkəzləşdirilmiş
kitabxana sistemlərində vahid kitab fondlarının komplektləşdirilməsi ilə,
soraq-biblioqrafiya aparatı ilə, metodik işin və kitabxana işinin idarə olunması
ilə bağlı olan kompleks işlərin təcrübədə aşılanması məsələlərinə geniş yer
ayrılmışdır.
Kitabxanalarda oxucularla işin
müasir mütərəqqi üsullarından istifadə edilməsinə, bu işin keyfiyyətinin
yüksəldilməsinə kitabda xüsusi fikir verilmişdir. Kitab eyni zamanda əməyin elmi
təşkili metodlarını, kitabxana proseslərinin mexanikləşdirilməsi və
avtomatlaşdırılması haqqında müasir bilikləri, dövlət standartlarının
kitabxanaların əməli fəaliyyətinə tətbiqini kitabxanaçılara aşılayır.
1990-cı illərdə kitabxana işinin
tarixi, nəzəriyyəsi və metodikası sahəsində A.Xələfovun elmi-tədqiqat fəaliyyəti
Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi şəraitində keyfiyyətcə
yeni tarixi biçimdə meydana çıxır.
Abuzər Xələfov bu illərdə özünün
çoxsahəli elmi və pedaqoji fəaliyyətini Azərbaycanda hüquqi, demokratik cəmiyyət
quruculuğu şəraitində siyasi plüralizmin, informasiya azadlığının, milli və
ümumbəşəri dəyərlərin ilkinliyinin nəzərə alınması əsasında kitabxana xidmətinin
təşkilinin metodik problemləri ilə, şəxsiyyətin və bütövlükdə cəmiyyətin
intellektual və mənəvi inkişafında kitabxanaların rolu ilə sıx şəkildə bağlayır.
Alimin “Müasir şəraitdə
kitabxana işinin nəzəri və təcrübi metodoloji əsasları haqqında”, “Müasir dövrdə
kitabxanaların sosial funksiyaları” və başqa konseptual məqalələrində cəmiyyətdə
baş verən sosial-iqtisadi və mədəni proseslərin elmi şəkildə dərk edilməsi
əsasında Azərbaycanda kitabxana işinin nəzəriyyə və təcrübəsinin inkişaf
konsepsiyası hazırlanmışdır ki, bu da yeni cəmiyyətin reallıqlarını özündə
hərtərəfli əks etdirir.
Sovet hakimiyyəti dövründə
ölkədə kitabxana işinin inkişafının bir sıra cəhətlərini tənqid edən, bunların
informasiya təminatında oxucuların hüquq və azadlıqlarının məhdudlaşdırılması,
kitabxanaların fəaliyyətində birtərəfli partiya və ideoloji istiqamət
götürülməsi, kitabxana işinin idarə edilməsində inzibati-amirlik metodlarından
istifadə olunması ilə bağlı olduğunu vurğulayan müəllif, bununla yanaşı, ötən
illərdə qazanılmış uğurların nəzərə alınmasına etinasızlıq göstərilməsi barədə
də xəbərdarlıq edir. Alimin fikrincə, tarixə məhəl qoymamaq, onu qiymətdən
salmaq, gələcəkdə onun ən dəyərli və faydalı cəhətlərini götürməmək ən
bağışlanılmaz səhv olar.
Yeni tarixi şəraitdə
Azərbaycanda kitabxana işinin nəzəriyyə və təcrübəsinin inkişaf strategiyasını
müəyyənləşdirərkən A.Xələfov kitabxana işinin təşkilinin və idarə edilməsinin
bütün sisteminin demokratikləşdirilməsini, kitabxanaların ideoloji ehkamlardan
azad edilməsini, oxucuların informasiya almasında hüquq və azadlıqlarının təmin
olunmasını ilk plana çıxarır. O qeyd edir ki, Azərbaycanda kitabxana işi
kompüterləşdirmə yoluna çıxmalı, başqa sözlə, hesablama texnikası,
telekommunikasiya, şəbəkə texnologiyası, dünya informasiya və intellektual
məkanı ilə birləşmə prosesləri kompleks şəkildə, ümumi miqyasda kitabxanalarda
tətbiq olunmalıdır.
A.Xələfovun 1996-cı ildə nəşr
edilmiş “Kitabxanaşünaslığa giriş”, “Kitabxana işinin tarixi kursuna giriş” adlı
kitabları da yeni tarixi reallıqlar ovqatında yazılmışdır. Müəllif bu əsərlərdə
yeni prinsiplər mövqeyindən çıxış edərək dünya kitabxanaşünaslığının
nailiyyətlərini, ümumbəşəri dəyərləri və milli dirçəliş ideyalarını nəzərə
alaraq, kitabxanaların müasir problemlərini, informasiyalaşmış cəmiyyətdə
kitabxanaların sosial funksiyalarını aydınlaşdırmağa, kitabxana işi tarixinin
öyrənilməsi, kitabxanaşünaslığın başqa elmlərlə qarşılıqlı əlaqəsinə yeni
yanaşma metodlarını və prinsiplərini göstərməyə, kitabxanaların tipologiyasını
verməyə, humanitar elm kimi kitabxanaşünaslığın əsas ümumnəzəri və metodoloji
problemlərini müəyyənləşdirməyə nail olmuşdur.
Yeni əsrin əvvəllərində
“Kitabxanaşünaslığın nəzəri əsasları” və “Kitabxana haqqında təlim” adlı 2
hissədən ibarət “Kitabxanaşünaslığa giriş” dərsliyinin çapdan çıxması
A.Xələfovun elmi fəaliyyətinin zirvəsi sayıla bilər. Bu nəşr Azərbaycanda
kitabxanaçılıq təhsili tarixində kitabxanaşünaslığa dair meydana çıxmış ilk
dərslikdir.
Həmin kitab əhatə etdiyi
problemlərə, mənbə və sənəd bazasına, materialların həcminə və təhlil üsullarına
görə sanballı bir nəşrdir.
Dərsliyin ən mühüm
üstünlüklərindən biri də məzmunca çox mürəkkəb olan materialların dəqiq təşkili,
sistemləşdirilməsi və ifadəsidir.
Yeni
tədqiqat əsəri olan bu dərslik əvvəllər A.Xələfovun, xarici ölkələrin, o
cümlədən, Rusiyanın və ABŞ-ın
görkəmli mədəniyyət və kitabxana işi nəzəriyyəçilərinin kitabxanaşünaslığın və
kitabxana işinin nəzəri əsasları haqqında irəli sürdükləri nəticələri və
müddəaları ümumiləşdirir.
Dərsliyin məzmunu və mahiyyəti
burada araşdırılan problemlərin əhəmiyyəti ilə şərtlənir ki, bu da dünyada
müasir kitabxana-informasiya proseslərinin nəzəriyyə və təcrübəsi üçün olduqca
vacibdir. Kitabda kitabxanaşünaslıq fikrinin inkişaf tarixinin aktual
məsələləri, dünya informasiya məkanında kitabxanaların elmi, informasiya və
sosial-mədəni missiyası da tədqiq edilmişdir.
Dünya kitabxanaşünaslığının
nailiyyətlərinə əsaslanan dolğun materiallar hissələrin, fəsillərin və
paraqrafların dəqiq bölgüsü ilə, elmi müddəaların ifadəsinin məntiqiliyi və
yığcamlığı ilə seçilir.
Kitabxanaşünaslığı
kitabxana-informasiya proseslərinin və sosial kommunikasiyaların
qanunauyğunluqları haqqında elm kimi şərh edən müəllif onun inkişafının tarixi
və nəzəri cəhətlərini hərtərəfli açıqlayır. Bu baxımdan ilk dəfə işlənmiş
“Tarixəqədərki kitabxanaşünaslıq (bizim eradan əvvəl II minilliyin ortalarından
XVIII əsrə qədər) fikrinin meydana gəlməsi və inkişafı”, “XIX əsrdə
kitabxanaşünaslığın inkişafı”, “XX əsrdə kitabxanaşünaslığın inkişafı”,
“Azərbaycanda kitabxanaşünaslıq fikrinin təşəkkülü və inkişafı (ən qədim
dövrlərdən XX əsrin əvvəllərinə qədər)”, “Azərbaycanda kitabxanaşünaslığın
inkişafı (1920-2000-ci illər)” bölmələri xüsusilə qiymətlidir.
Kitabxanaşünaslığın sistemli
təhlili həm kitabxanaşünaslığın özünün daxilində, həm də onun başqa elmlərlə
qarşılıqlı əlaqəsində bir sıra münasibətləri aşkara çıxarmağa müəllifə imkan
vermişdir. Bu cür yanaşma dərslikdə “Müasir kitabxanaşünaslığın mahiyyəti,
obyekti və predmeti”, “Kitabxanaşünaslığın funksiyaları”, “Kitabxanaşünaslığın
metodologiyası”, “Kitabxanaşünaslığın elmi metodikası”, “Kitabxanaşünaslıq
tədqiqatlarının təşkili” və başqa mövzular üzrə bölmələrə daha çox xasdır.
Kitabxanaşünaslığın başqa
elmlərlə qarşılıqlı əlaqəsinin və qarşılıqlı təsirinin sistemli xüsusiyyətlərini
aydınlaşdırması müəllifin xüsusi xidməti kimi qiymətləndirilə bilər. Sovet
kitabxanaşünaslığında lazımi səviyyədə işlənilməmiş bu problemi A.Xələfov
“Kitabxanaşünaslıq və fəlsəfə”, “Kitabxanaşünaslıq və sosiologiya”,
“Kitabxanaşünaslıq və iqtisadiyyat”, “Kitabxanaşünaslıq və riyaziyyat”,
“Kitabxanaşünaslıq və informatika”, “Kitabxanaşünaslıq və pedaqogika”,
“Kitabxanaşünaslıq və psixologiya” adlı yeni bölmələrdə hərtərəfli
araşdırmışdır.
A.Xələfov kitabxanaşünaslığın
nəzəri əsaslarını cəmiyyətdə kitabxanaçılıq fəaliyyəti ilə məntiqi şəkildə
birləşdirməyə nail olmuşdur. Nəzəriyyənin təcrübədən ayrı düşməsini aradan
qaldırmaq məqsədilə dərslikdə “Kitabxana haqqında təlim” bölməsi də verilmişdir
ki, burada sənəd, oxucu, kitabxanaçı və maddi-texniki baza kimi mühüm kitabxana
ünsürlərinin quruluş xüsusiyyətlərinin sistemli təhlili nəzəri müddəalar
baxımından özünün əksini tapmışdır.
Dərslikdə müasir cəmiyyətdə
kitabxanaların sosial funksiyalarına həsr olunmuş xüsusi fəsil də diqqəti cəlb
edir.
A.Xələfov bu fəsildə uzun illər
sovet kitabxanaşünaslığında üstünlük qazanmış ideoloji, mədəni-maarif və
informasiya müəssisələri olan kitabxanaların sosial funksiyaları haqqında
konsepsiyanı əhəmiyyətli dərəcədə işləyib tamamlamış və zənginləşdirmişdir.
Müəllif kitabxanaların sosial
funksiyalarının keyfiyyətcə yeni sistemini əsaslandırır. Buraya elm,
informasiya, mədəniyyət, təhsil və tərbiyə funksiyaları daxildir. İctimai
inkişafın qanunauyğunluqlarını nəzərə almaqla kitabxanaların sosial
funksiyalarının bu xüsusiyyətlərini yaradıcı şəkildə işləyən A.Xələfov
kitabxanaşünaslıq nəzəriyyəsinə mühüm töhfə vermişdir.
Dərslikdəki
müasir cəmiyyətdə kitabxana sistemlərinin tipoloji bölgülərinə həsr olunmuş
fəsil üzərində də ayrıca dayanmağa dəyər. Burada müəllif tipik və özünəməxsus
əlamətlərin aşkara çıxarılması əsasında kitabxanaların təsnifləşdirilməsini
verir və bu zaman onların tipoloji əhəmiyyətindən asılı olaraq vəzifələrini,
funksiyalarını, əlaqələrini, oxuculara xidmətin təşkili səviyyələrini
uzlaşdırır.
Kitabın
kitabxanaçılıq peşəsinin problemlərini işıqlandıran son fəsli də maraqla oxunur.
Bu fəsildə kitabxana işçisinin nümunəvi modeli yaradılmış, bugünkü kitabxanaçıya
aid olan biliklər kompleksi və tələbatlar sistemi müəyyənləşdirilmişdir. Bütün
bunlar elmi-texniki tərəqqi, sosial-iqtisadi inkişaf və cəmiyyətin
informasiyalaşdırılması şəraitində kitabxanaların fəaliyyətinin
səmərələşdirilməsi zəruriliyi ilə şərtləndirilir.
Abuzər
Xələfovun kitabxanaşünaslıq, kitabxana işinin tarixi və nəzəriyyəsi sahəsində
çoxcəhətli elmi-tədqiqatçılıq fəaliyyətini yığcam şəkildə bu cür ümumiləşdirmək
olar. Qeyd etmək lazımdır ki, indiyə qədər onun qələmindən kitabşünaslığın və
kitabxanaşünaslığın ən müxtəlif problemlərinə dair 301 elmi əsər, o cümlədən,
monoqrafiya, kitab, dərslik, dərs vəsaiti və məqalələr çıxmışdır. Onun bu
əsərləri XX əsrin ikinci yarısında kitabxana işçiləri nəsillərini tərbiyə edib
yetişdirmişdir.
Professor
Abuzər Xələfovun elmi əsərlərindən belə bir fikir qızıl xətlə keçir: «Hər hansı
bir ölkənin, hər hansı bir xalqın tarixi inkişafında mühüm rol kitabxanalara
məxsusdur. Kitabxana bütün dövrlərdə tərəqqiyə can atır, öz mahiyyətinə görə
cəmiyyətin inkişafında əsas amil və mənbə kimi çıxış edir. Yalnız
intellektuallığı və vətənpərvərliyi çatışmayan adamlar kitabxana işinin
əhəmiyyətini qiymətləndirməyə bilərlər”.