E L E K T R O N M Ə L U M A T B A Z A S I

"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"

H.Ə.Əliyev


"Kitab hər bir xalqın tarixidir, mədəniyyətidir, elmidir, bu günüdür, sabahıdır, gələcəyidir. Kitab hər bir xalqın milli qüruru, vətənə məhəbbət mənbəyidir"

A.A.Xələfov


Professor Abuzər Xələfov faydalı ömür yaşamış, respublikada kitabxanaşünaslıq elminin banisi olmuş, böyük bir kitabxanaşünaslıq məktəbi yaratmışdır.

Bütövlükdə 25 il Kitabxanaçılıq fakültəsinin dekanı vəzifəsində işləyən A.Xələfov özünün təşəbbüskarlıq fəaliyyəti, təşkilatçılıq bacarığı və idarəçilik metodları ilə böyük nüfuz qazanmış, yüksəkixtisaslı milli kitabxanaşünas-biblioqraf kadrların hazırlanması istiqamətində səmərəli iş aparmışdır.

Professor Xələfovun fəal iştirakı ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” hazırlanmışdır.

A.Xələfov yüksək səviyyəli alim, səriştəli pedaqoq-müəllim, təcrübəli rəhbər işçi, fəal ictimai xadimdir. Onun səmərəli elmi-tədqiqat fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanmışdır.

Əbülfəs QARAYEV,
Azərbaycan Respublikasının
 Mədəniyyət və Turizm naziri


Bəşəriyyət tarixində elə şəxsiyyətlər olmuşdur ki, onların həyat və fəaliyyəti, qoyduğu izlər heç vaxt unudulmur, zaman keçdikcə daha parlaqlıqla özünü büruzə verir. Azərbaycan xalqı daim belə oğullarına güvənmiş, onların sözünün dəyərinə, zəkasının dərinliyinə pənah aparmışdır.

Biz fəxr edə bilərik ki, Bakı Dövlət Universiteti kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Abuzər Alı oğlu Xələfov da belə şəxsiyyətlərdəndir.

Azərbaycanda opera, dramaturgiya, mətbuatın öz baniləri olduğu kimi, cəsarətlə deyə bilərik ki, kitabxanaşünaslıq elminin də banisi məhz Abuzər Xələfov olmuşdur.

Abuzər müəllim universitetimizin əsas sütunlarından biri kimi bu gün də yorulmadan fəaliyyət göstərir. Onun fəaliyyət sferası o qədər genişdir ki, BDU-nun elmi, pedaqoji və ictimai həyatını Abuzər müəllimsiz təsəvvür etmək çətindir. Yaşının bu kamillik çağında topladığı təcrübəni, bildiklərini gənc nəslə çatdırmaq üçün yorulmadan çalışır.

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,
akademik, Əməkdar elm xadimi,

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü
 


Mən Abuzər müəllimi universitetdə tələbə olduğum illərdən tanıyıram. O, bizim kursdan iki il əvvəl universiteti bitirmiş və gənc perspektivli kadr kimi kitabxanaşünaslıq kafedrasında müəllim vəzifəsində saxlanılmışdır. A.Xələfov müəllimlikdən professor və həmin kafedranın müdiri vəzifəsinə qədər yüksəlmişdir.

Abuzər müəllimin elmi və pedaqoji fəaliyyətinin başlamasından bu günə qədər onun həyatı mənim gözüm önündə keçmişdir. Yarım əsrdən çoxdur ki, o, Universitetin Böyük Elmi Şurasının üzvüdür. Mən bütün vacib məsələlərin həllində Abuzər müəllimin prinsipial mövqeyinin şahidi olmuşam.

Professor A.Xələfov Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, milli kitabxanaşünaslıq elmi məktəbinin yaranması, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, görkəmli elm və mədəniyyət xadimi kimi ölkəmizdə və xaricdə yaxşı tanınan görkəmli ziyalılarımızdandır. Demək olar ki, respublikamızda fəaliyyət göstərən bütün kitabxanaşünas alimlər bu məktəbin – Abuzər Xələfov elmi məktəbinin yetişdirmələridir. O, ən qədim dövrlərdən zəmanəmizə qədər Azərbaycan kitabxana işinin tarixini və inkişaf istiqamətlərini hərtərəfli tədqiq etmiş, sanballı monoqrafiyaları ilə ölkəmizdə ilk dəfə olaraq bu sahənin bünövrəsini qoymuşdur.

Bəhram ƏSGƏROV,
Əməkdar elm xadimi, akademik


Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, respublikanın Əməkdar elm xadimi, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, professor Abuzər Xələfov Azərbaycanda milli kitabxanaşünaslıq elminin banisi, ölkəmizdə ali kitabxanaçılıq təhsilinin təşkilatçılarından biridir.

Azərbaycanda kitabxanaşünaslıq nəzəriyyəsinin elmi əsasını qoymuş Abuzər Xələfovun bir mütəxəssis, alim, şəxsiyyət kimi formalaşmasında Mir Cəlal Paşayev, Yusif Məmmədəliyev, Cəfər Xəndan, Məmməd Arif Dadaşzadə, Əliheydər Qarayev, Həmid Araslı kimi görkəmli alim-pedaqoqların böyük rolu olmuşdur. Azərbaycan Elmlər Akademiyasının Prezidenti, akademik Yusif Məmmədəliyev gənc alim Abuzər Xələfova daim dəstək olur, ondan diqqət və qayğısını əsirgəmirdi.

Böyük alimlərin elmi ənənələrini davam etdirərək A.Xələfov kitabxanaşünaslıq-biblioqrafiya sahəsində xüsusi elmi məktəb yaratmış, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası ilə bağlı geniş tədqiqatlar aparan onlarla elmlər doktoru və elmlər namizədinin hazırlanmasında elmi rəhbər, elmi məsləhətçi və ya opponent kimi iştirak etmişdir.

Sevda MƏMMƏDƏLİYEVA,

Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini,
AMEA-nın müxbir üzvü,
fəlsəfə elmləri doktoru, professor


Mən Abuzər müəllimi 1960-cı illərdən tanıyıram. O zaman Abuzər Xələfov Bakı Dövlət Universitetində yenicə fəaliyyətə başlayan kitabxanaçılıq fakültəsinin dekanı təyin olunmuşdu. Əlbəttə, hər bir işin başlanğıcı çox çətin olur. Bu dövrdə universitetdə belə bir fakültənin yaradılması Azərbaycan kitabxanaşünaslığı və biblioqrafiyaşünaslığı tarixində yeni bir mərhələnin başlanğıcı idi. Bu baxımdan şöbədən fakültəyə çevrilmiş kitabxanaçılıq fakültəsinin formalaşması, yeni kadrların işə cəlb olunması xüsusi işgüzarlıq və təşkilatçılıq tələb edirdi. Bütün bu işlərin ağırlığı gənc dekan A.Xələfovun üzərinə düşürdü. Ona görə də o, var gücü ilə çalışır, başçılıq etdiyi fakültənin inkişafı naminə səy göstərirdi.

Respublikamızda kitabxana işi sahəsində ilk elmlər namizədi və doktoru olan Abuzər Xələfov 25 il BDU-nun kitabxanaçılıq fakültəsinə rəhbərlik etmiş, həmin fakültəni SSRİ miqyasında tanınan aparıcı tədris müəssisələrindən birinə çevirməyi bacarmışdı. Demək olar ki, Azərbaycanda kitabxanaşünaslığın bir elm kimi formalaşması, inkişafı və tərəqqisi məhz professor A.Xələfovun adı ilə bağlıdır. 60 ildən çoxdur ki, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə kadr hazırlığı onun gərgin zəhməti və səmərəli fəaliyyəti sayəsində formalaşaraq bugünkü səviyyəyə gəlib çatmışdır. Ona görə də A.Xələfovu həmişə bu sahənin canlı salnaməsi hesab edirlər. Fakültənin elmi-tədqiqat, tədris, pedaqoji işi birbaşa onun təşkilatçılığı ilə formalaşmışdır.

Məsumə MƏLİKOVA,

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
Əməkdar elm xadimi, hüquq elmləri doktoru,
professor


Yağı tapdağı altında qalmış ulu Göyçəmiz yalnız saz-söz sənətinin beşiyi olmayıb, Azərbaycan elminə, incəsənətinə, mədəniyyətinə bəxş etdiyi görkəmli elm xadimləri, ziyalıları ilə də tanınıbdır. Belə ziyalılardan biri də Azərbaycan kitabxanaçılıq elmi məktəbinin banisi, Əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovdur.

 Şəxsən tanıdığım, yüksək ziyalılığına, müdrikliyinə, təmkinli davranışına, sözün yerini bilməsinə – danışmaq lazım gələndə susmamasına, susmaq lazım gələndə danışmamasına, böyük natiqlik qabiliyyətinə məftun olduğum, ömrünün 85-ci ilinə qədəm qoyan görkəmli alim-pedaqoqun özünə şöhrət, elmimizə, təhsilimizə, mədəniyyətimizə fayda gətirən 65 illik səmərəli fəaliyyəti haqqında bu qısa yazıda nəyi xüsusi vurğulamaq, nəyi isə ikinci dərəcəli hesab etməkdə çox çətinlik çəkdim.

 Ayrıca Abuzər müəllimin geniş dünyagörüşünü, yüksək təşkilatçılıq məharətini, uzaqgörənliyini qeyd etməliyəm. Mənim BDU-da əmək fəaliyyətinə başladığım 1971-ci ildən indiyə qədər müşahidə etdiyim, bütün rektorların strateji qərarlar qəbul edərkən Abuzər müəllimin məsləhətinə ehtiyac duymaları, onun müdrik fikirlərindən yararlanmaları faktı danılmazdır.

 Bir ibrətamiz faktı da qeyd etmək istəyirəm ki, son dövrlərin informatlaşma tendensiyasını bəlkə gənclərdən də tez duyan, bunun zəruriliyini, faydasını hiss edənlərdən biri də məhz professor A.Xələfov idi. O, kitabxana işinin, kitabxanaşünaslıq elminin, təhsilinin yeni ideyalar, yeni texnologiyalar əsasında qurulmasının əsas təbliğatçısı, bu sahədə elmi əsaslı strateji xəttin hazırlanması məqsədilə BDU-da yaradılan “Kitabxanaların kompüterləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının təşəbbüskarı və rəhbəri oldu.

Mən əziz Abuzər müəllimi qarşıdan gələn 85 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona hələ çox-çox uzun illər sağlam ömür, yaradıcı və səmərəli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Yusif Məmmədov,
Azərbaycan Respubliksı Təhsil nazirinin müşaviri,
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi,
fizika-riyaziyyat elmləri doktoru, professor
 


1964-cü ilin yazında M.F.Axundov adına Dövlət Kitabxanasında “Azərbaycan kitabı dünən, bu gün və sabah” mövzusunda elmi-nəzəri konfransı keçirilirdi. Konfransda mən Abbas Səhhətin yeni şeirlər kitabı barədə “Yenə öz santurunu çaldı zaman” adlı bir məruzə ilə çıxış etməliydim. Bu mənim elmi konfranslardakı tələbəlik illərində ilk çıxışım idi. Növbə mənə çatanda çıxışımı edib gecikdiyim dərsə çatmaq üçün tələsik zaldan çıxmaq istəyəndə işarə etdilər ki, “getmək olmaz, axıra qədər oturmaq lazımdır”. Mən də qayıdıb yerimdə oturdum. Axırda çıxışları dəyərləndirməyə, kiminə hədiyyə kitab, kiminə kinoteatrlara getməyə bilet hədiyyə etdilər. Mənim məruzəmi isə indi də xatirə kimi arxivimdə saxladığım birinci dərəcəli diploma layiq gördülər. Adım çəkiləndə qalxıb münsiflər heyətinin əyləşdiyi stola yaxınlaşmaq istəyirdim ki, bayaqdan bəri zalda hamının, xüsusən qızların diqqət mərkəzində olan ucaboylu, yaraşıqlı, xüsusi zövqlə geyinmiş gülərüzlü bir insan olan sədri qarşımda gördüm. O, əlimi sıxaraq diplomu mənə təqdim etdi:

- Təbrik edirəm, harada oxuyursan? – deyə mehribanlıqla soruşdu.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) ikinci kursunda oxuduğumu eşidəndə bir az sevinən, fərəhlənən kimi oldu:

- Nə yaxşı, universitetdə görüşərik, - deyə əlini qayğı ilə çiynimə qoyub elə əvvəlki mehribanlıqla sözünə davam etdi:

- Nə ehtiyacın, çətinliyin olsa, mənə müraciət etməyi unutma,- dedi.

Bu, o vaxt universitetdə yenicə təşkil edilmiş kitabxanaçılıq fakültəsinin dekanı Abuzər Xələfov idi”.

Azad NƏBİYEV,
 
AMEA-nın müxbir üzvü, professor


Görkəmli kitabxanaşünas alim 60 ildən artıqdır ki, kitabxana işinin tarixi və nəzəriyyəsi problemləri ilə yanaşı, müntəzəm olaraq Azərbaycanda kitabxanaçılıq təhsilinin nəzəri və metodoloji əsasları məsələlərini hazırlayıb tətbiq etməklə də məşğuldur.

Ali təhsil sistemində tədris proseslərinin mahir bilicisi kimi tanınan professor A.Xələfov istər respublikamızda, istərsə də Bakı Dövlət Universitetində ali təhsilin yenidən qurulması və optimallaşdırılması ilə bağlı mühüm məsələlərin həllində yaxından iştirak edir və bu sahəyə öz sanballı töhfəsini verir.

Professor A.Xələfov yüksək səviyyəli alim, səriştəli pedaqoq-müəllim, təcrübəli rəhbər işçi, fəal ictimai xadimdir.

Professor A.Xələfovun elmi yaradıcılığında Azərbaycanda kitab və kitabxana mədəniyyətinin təşəkkülü və inkişaf tarixinin tədqiq edilib ümumiləşdirilməsi mühüm yer tutur.

Əsmət MUXTAROVA,
Türk xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor


Abuzər müəllim Azərbaycanımızın dilbər guşələrindən birində – Göyçə mahalında dünyaya göz açmışdır. O, uşaqlığı, yeniyetmə illərini burada keçirmiş və orta təhsil almışdır. Ailənin zəhmətkeş üzvlərindən biri kimi İkinci Dünya müharibəsinin o qanlı-qadalı illərində arxa cəbhə işlərində var qüvvəsini əsirgəməmişdir.

Orta məktəbi bitirdikdən sonra 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olmuş və təhsilini əla qiymətlərlə başa vurmuşdur. Gələcəyi olan kadr kimi BDU-nun Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir. Abuzər müəllimin elə bu ildən gərgin elmi-pedaqoji fəaliyyəti başlayır. Gənc ikən namizədlik və doktorluq dissertasiyası müdafiə edir. Az bir vaxtda Azərbaycanda və onun hüdudlarından kənarda kitabxanaşünaslıq sahəsində görkəmli alim və elm fədaisi kimi tanınır. Ölkəmizdə kitabxanaşünaslıq fakültəsinin təşkili də çox hörmətli yubilyarın adı ilə bağlıdır. Təsadüfi deyildir ki, böyük idarəçilik təcrübəsinə malik olan Abuzər müəllim 25 il özünün yaratdığı kitabxanaşünaslıq fakültəsinin dekanı vəzifəsində işləmişdir.

Görkəmli alim və bacarıqlı təşkilatçı, respublikamızda elm-təhsil təəssübkeşi olan professor A.Xələfov müvafiq elm sahəsinin inkişafı naminə var gücünü əsirgəməmiş və böyük uğurlar əldə etmişdir.

Professor A.Xələfov ilk dəfə olaraq Azərbaycanın kitabxanaşünaslıq tarixini geniş planda tədqiq etmiş və bu sahədə yazdığı fundamental əsərlər müəllifə böyük şöhrət gətirmişdir. Xalqımızın çoxəsrlik kitabxana tarixinin işıqlandırılmasında Abuzər müəllimin müstəsna xidmətləri vardır.

Tofiq VƏLİYEV,
tarix elmləri doktoru, professor


Bütün ibtidai, ali və akademik təhsilə gedən yollar kitabdan başlayır, kitabla davam edir. Kitab və kitabxana adının zəngin məzmunu vardır. Bu adlarda mədəniyyət və elm tariximiz, nailiyyətimiz, düşüncə tərzimiz, bir millət olaraq kimliyimiz, ideallarımız və s. tərənnüm olunur.

 Kitablardan, yazılı mənbələrdə tariximiz, keçdiyimiz yolun mürəkkəbliyi daha aydın, məzmunlu əks olunmaqla zəngin informasiya alırıq. Onlardan daha səmərəli istifadə etmək, kitablarda əks olunan bilikləri mənəvi, maddi sərvətlərə və dünyəvi nailiyyətlərə çevirmək üçün onları adi oxucu kimi yox, kitabın və kitabxanaçılığın biliciləri kimi oxumaq-öyrənmək lazım gəlir.

 Abuzər Xələfov kitabxanaçılıq təhsilinin müasir konsepsiyasının əsasını formalaşdırmışdır. O, yaratmış olduğu geniş profilli “Kitabxanaçılıq informatikası”, “Kitabxanaçılıq kompüterləşdirilməsi”, “Kitabxanaçılıq pedaqogikası”, “Kitabxanaçılıq psixologiyası”, “Kitabxana iqtisadiyyatı”, “Kitabxanaçı peşəsi” kimi istiqamətlərin yaranmasına dair qiymətli ideya və təkliflər vermişdir. Deyilənlər Abuzər müəllimin geniş dünyagörüşlü alimliyindən və yüksək səviyyəli təhsil işçisi olmasından xəbər verir. Məhz ona görə də professor təhsil islahatı dövründə bu sahədə çalışanların ön cərgəsində gedənlərdəndir.

Çoxlu sayda əsərlərin müəllifi, namizədlik və doktorluq dissertasiyalarının rəhbəri olması onun elmi məktəbindən, Əməkdar mədəniyyət işçisi, elm xadimi olmaqla “Şöhrət” ordeninə layiq görülməsi dünya şöhrətli olmasından xəbər verir.

Şövqi GÖYÇAYLI,
Ətraf mühitin mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının müdiri,
Əməkdar elm xadimi,
coğrafiya elmləri doktoru,
professor


Hər dəfə Abuzər Xələfovu düşünəndə mənə elə gəlir ki, orta əsrlərdə, yaxud da gələcək əsrlərdə bu dünyaya gəlsəydi yenə də elə həmin səliqə-səhmanı, müdrik danışığı, adamı dinləmək bəsirəti ilə fərqlənəcək, çevrəsindəkilərin də eyni mövqeyi qorumasına haqq qazandıracaqdı. Çünki böyük Şərq müdriklərinin zəka nurundan pay alan professor Abuzər Xələfovun kitablar aləmi ilə real həyat əlaqələrini vəhdətdə götürülməsi yalnız elmi və bilik səviyyəsi ilə sərhədlənmir. Bu həm də Abuzər müəllimin və onun kimi uşaqlıq və gənclik illəri İkinci Dünya müharibəsi dövrünə düşənlərin həyat təcrübəsindən qaynaqlanır. Azərbaycan ədəbiyyatı nümunələrindən “Saz” və “Tütək səsi” kimi əsərləri oxumaqla həmin gəncliyin iztirablarına aşina olmaq, onların kədər və sevincini duymaq, canında-qanında azadlıq, müstəqillik və yaşamaq eşqini görmək mümkündür. Belə bir tarixi gerçəkliyi görmüş insanın müasir Azərbaycana necə bir sevgiylə bağlandığını qiymətləndirmək isə çətin deyil.

Orta məktəb illəri 1941-1945-ci illərə təsadüf edən Abuzər Xələfov, sonrakı bərpa və quruculuq illərində qarşısına çıxan çətinliklər, iqtisadi problemlər axarında yeganə bir yol seçdi – elm və təhsil əldə etmək, bu yolla müasirlərinə, həmvətənlərinə xidmət göstərmək.

Mən Abuzər müəllimlə çox da yaxınlıq etməmişəm, onunla səfərdə olmamışam, çay süfrəsində deyib-gülməmişəm. Amma, mənə elə gəlir ki, bu müdrik insanla uzun illərdir ki, tanışam. Bu, onun sadə, aydın məntiqi, qayğıkeş münasibəti, el ağsaqqalına xas olan ərkyana söhbəti, hər kəsi yerişindən, duruşundan tanıması ilə bağlıdır, zənnindəyəm. Və bir də məni ona bağlayan ulu ozanımız Dədə Ələsgər yurdunun həqiqi mənada təəssübkeşi olması, saza, sözə, adət-ənənəyə, milli kimliyə böyük ehtiramla yanaşması, klassik irsə həqiqi varis olmasıdır.

Şamil VƏLİYEV,
Jurnalistika tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor


Abuzər Xələfov... Bu ad Azərbaycanda hamıya bəllidir. Elm sahəsində yeni istiqamət göstərən şəxslərə, milli elmə ixtiralar gətirənlərə bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük hörmət var. Belə şəxslər çox da olmasa, az da deyil. Lakin xüsusi hörmət o şəxslərə göstərilir ki, onlar elmin yeni istiqamətini kəşf edib, həmin elmin zirvəsinə yüksəlirlər. Bu cür şəxslər çox azdır, onları, necə deyərlər, barmaqla saymaq olar. Mənim aləmimdə Abuzər Xələfov məhz belə nadir şəxslərdəndir.

1950-1955-ci illərdə Abuzər Xələfov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olmuş, həmin illərdə filologiya fakültəsinin görkəmli professorlarının mühazirə və seminar dərslərindən çox şey götürmüşdür. Ədəbiyyatşünaslığa girişdən Mir Cəlalın, folklordan Məmmədhüseyn Təhmasibin, qədim Azərbaycan ədəbiyyatından Mikayıl Rəfilinin, orta əsrlər ədəbiyyatından Həmid Araslının, XIX əsr ədəbiyyatından Feyzulla Qasımzadənin, XX əsr ədəbiyyatından Abbas Zamanovun, sovet ədəbiyyatından Cəfər Xəndanın, xarici ədəbiyyatdan Əli Sultanlının, rus ədəbiyyatından Məmməd Arifin, ədəbi tənqiddən Məmmədcəfər Cəfərovun, estetikadan Cəfər Cəfərovun dərslərindən bəhrələnməmək olardımı? Bu görkəmli pedaqoq və alimlər gənc nəslin elmə yiyələnmələrində müstəsna rol oynamışlar.

Kim bilir, bəlkə onların parlaq mühazirələrinin, maraqlı seminar dərslərinin təsiri altında Abuzər Xələfovun nə vaxtsa kitabxanaşünaslıq elminin müstəqil olmasına və bu sahədə də adları çəkilən alimlər yetişməsini arzulamağa vadar etdi?

Təsadüfi deyil ki, adları çəkilən görkəmli filoloq-alimlər də Abuzər Xələfovu digər tələbələrdən fərqləndirib, onun öz sıralarına qatılmağı üçün səylərini əsirgəmədilər.

Aqil HACIYEV,
Klassik Rus ədəbiyyatı kafedrasının müdiri,
filologiya elmləri doktoru, “Şöhrət” ordenli,
professor


Görkəmli elm xadimi, böyük şəxsiyyət və ziyalı Abuzər müəllim haqqında fikir söyləmək şərəfli olmaqla bərabər çox böyük məsuliyyət tələb edir.

Professor Abuzər Xələfovun adı çəkiləndə Azərbaycanda XX əsrin əllinci illərindən başlayaraq indiyə kimi elm və təhsilin formalaşması və inkişafı yada düşür. Çünki insanı şəxsiyyət edən və inkişaf etmiş bir bəşər övladına çevirən onun aldığı təhsil və ona savad verən müəllimlərdir. Bunların əsasında isə onun oxuduğu və mütaliə etdiyi kitablar durur. Bu isə sözün əsl mənasında Abuzər müəllim deməkdir. Qoy heç bir alimimiz, ziyalımız (əlbəttə hamımızın sevdiyi insanlar) inciməsin. Çünki Abuzər müəllimin bu sahədə müstəsna rolu vardır.

Biz kitab deyəndə onunla bağlı bütün sahələri düşünürük. Cəsarətlə demək olar ki, Abuzər müəllim nəinki Azərbaycanda, hətta Sovetlər İttifaqında kitabxanaşünaslıq elminin banisidir. Professor Abuzər Xələfov Milli kitabxanaşünaslıq elmi mərkəzini yaratmışdır. O, ali kitabxanaçılıq-informasiya təhsilinin əsasını qoymuşdur. Abuzər müəllim Azərbaycanda kitabxana işinin tarixi və inkişaf istiqamətlərini hərtərəfli tədqiq etmiş böyük alimdir. Onun çoxsaylı tələbələri öz müəllim və rəhbərinin işlərini bacarıqla davam etdirirlər.

Əli ƏHMƏDOV,
Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri,
fizika-riyaziyyat elmləri doktoru, professor


Professor A.Xələfovun əsli-soyu Vətənimizin təkrarsız, dilbər guşələrindən biri olan Göyçə mahalındandır. Göyçə mahalı deyərkən, ilk növbədə, onun dəyərli, şan-şöhrətli şəxsiyyətləri – adları tarixin şanlı səhifələrinə həkk olunmuş vətən övladları yada düşür. Miskin Abdal, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Nəcəf, Aşıq Əsəd, Qandal Nağı, Səmədağa, Mirzə Bəylər, Məşədi İsa, Hacı Nağı, Yunis Rzayev, Talıb Musayev, Qəşəm Aslanov, Tapdıq Əmiraslanov və başqa hörmətə və ehtirama layiq insanlar yada düşür. Professor Abuzər Xələfov da məhz belə ünlü şəxsiyyətlərin varislərindəndir. Cil kəndindən çıxan ilk elmlər doktoru, professor, kitabxanaçılıq fakültəsinin ilk dekanı (1962-ci ildə şöbə fakültəyə çevrilərkən) olub.

Abuzər müəllim haqqında, onun elmdəki xidmətləri barəsində ilk məlumatları, xoş söhbətləri ana babam Sədənağaclı (sonradan bu kənd Güney adlandırıldı) Allahverdi Məmmədoğlundan eşitmişəm. O zaman mən Bakıda tələbə idim. Abuzər müəllim ilə bütün Göyçə mahalı fəxr edirdi, el-obanın arzu olunan sevimli bir eloğlusu, möhtərəm qonağı idi. Göyçənin başqa sayılan kişiləri kimi, babam da həmişə yay aylarında Abuzər müəllim Vətənə gələndə vaxt tapıb onu evimizə qonaq çağırırdı. Professor Abuzər Xələfovdan əvvəl babam onun atası Alı kişi ilə, balabançı Əli kişi ilə (Abbas Mazanovun atası) çox yaxın idilər, dədə-baba dostluqları vardı. Atam Aşıq Oruc da Xələflilərlə çox yaxın münasibət saxlayırdı. Mən ali təhsilimi başa vurub Bakıda aspiranturada oxuyan dövrdə Abuzər müəllimlə tez-tez görüşüb hal-əhval tutmağa başladım. Çox vaxt atamla (o, dünyasını dəyişəndən sonra isə hərbçi polkovnik qardaşım Nəbi ilə) maraqlanar, onu xəbər alardım. Abuzər müəllim mayası zəhmətdən yoğrulan, tanıdıqları insanlara qayğı və ehtiramla yanaşan yaxşılıq etməkdən yorulmayan, köməyə ehtiyacı olanlara canıdildən əl tutan və bu işlərdən zövq alan, gənclərə doğru yol, ağıllı məsləhətlər verən təmənnasız bir ağsaqqaldır.

Görkəmli alim A.Xələfova bütün müsəlmanların ən müqəddəs arzuları və vəzifələri olan Həcc, Məşhəd və Kərbəla ziyarətlərinə getmək də nəsib olmuşdur.

Abuzər sözü ərəbcə “mənəvi baxımdan sahib duran” anlamında, farsca isə “qızıl suyu” mənasında işlənir. Bizim fikrimizcə, Abuzər müəllimin adı onun işinə, fəaliyyətinə uyğun bir məzmunu ifadə edir. O, bilik xəzinəsinə, elm xəzinəsinə, kitaba sahib duran bir şəxsiyyətdir.

İsmayıl MƏMMƏDOV,
Azərbaycan MEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri,
filologiya elmləri doktoru, professor


Abuzər Xələfovun güclü təşkilatçılıq qabiliyyəti var. Abuzər Xələfov bu fakültəyə müəllim kimi, hər adamın gəlməsinə imkan vermədi, onu qorudu və öz yeganəliyini təmin edə bildi. Ona görə bu fakültəyə bəzən Abuzər Xələfovun fakültəsi də deyirlər.

Abuzər Xələfov BDU-nun ictimai həyatında fəal iştirak edir. Universitet tədris-metodşurasının üzvü, Ağsaqqallar Şurasının sədridir. BDU Nəşriyyat Şurasının sədri kimi çox məsuliyyətli işin öhdəsindən layiqincə gəlir. Proqram və dərsliklərin, dərs vəsaitlərinin rəyə göndərilməsi, müzakirəsi xeyli zəhmət və vaxt tələb edir. İndiyə kimi yüzlərlə belə əsərlər bu şuranın müzakirəsindən keçib, qrif alıb, çap olunubdur. Abuzər Xələfov Universitetin Böyük Elmi Şurasının üzvü kimi də çox fəaldır. Çıxışlar edir, təkliflər irəli sürür, müzakirə olunan məsələlər haqqında sözünü deyir”.

Yusif SEYİDOV,
Əməkdar elm xadimi, filologiya elmləri doktoru,
professor, Prezident təqaüdçüsü


Professor Abuzər Alı oğlu Xələfovu mən 1950-ci illərdən tanıyıram. Mənimlə Abuzər müəllimin həyat yolumuzda az-çox oxşarlıq var. Hər ikimiz 1931-ci ilin dekabr ayında, qarlı bir gündə dünyaya gəlmişik. Mən Kürdəmir rayonunun Dəyirmanlı kəndində, Abuzər Xələfov isə Qərbi Azərbaycanda, Göyçə mahalının Cil kəndində. Hər ikimiz orta təhsilimizi kənd məktəbində almış, ali təhsil üçün isə Bakı Dövlət Universitetinə üz tutmuşuq. Ömrümüzü bu möhtəşəm elm və tədris ocağında keçirmişik. Ən böyük xoşbəxtliyimiz də elə bu olub. Xoşbəxtlik ona görə ki, BDU son 10 ildə möcüzəvi inkişaf edərək dünya şöhrəti qazanıb. Həmişə nümunəvi qonşu olmuşuq. Həyat amalımızda eynilik var: elmdə yaratmaq və xalqa yaymaq. Deyilənləri nəzərə alıb Abuzər Xələfov adlı bu böyük insan haqqında 85 illik yubileyi münasibətilə bir neçə söz deməyə cəsarət edirəm.

Abuzər müəllim hələ gənc yaşlarında ali təhsil qanunlarını yaxşı bilirdi. Metodiki baxımdan çətinliyə düşən müxtəlif ixtisas sahibləri onun yanına qaçırdılar. Mən də Abuzər müəllimə çox müraciət etmişəm. O, cavan ikən tədrisdə ağsaqqallıq edirdi. Ötən 60 ildə mən Abuzər Xələfovu həmişə və hər bir problemin həllində prinsipial görmüşəm. Ona görə yarım əsrdən çox bir müddətdə BDU-nun ağırlığını çiyinlərində saxlayan dayaqlardan biri kimi etiraf edilib, indi də elədir. “Hər bir qab gec-tez dolur, elm qabı isə heç vaxt dolmur” (Həzrət Əli).

Qara MUSTAFAYEV,
Onurğasızlar zoologiyası kafedrasının müdiri,
Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor,
Prezident təqaüdçüsü


Abuzər Xələfov son dərəcə çalışqan, təşəbbüskar və olduqca səmimi, obyektiv insandır. Mən onu 40 ildən çoxdur ki, tanıyıram. Universitet daxilində və kənarda da Abuzər müəllim həmişə məzmunlu, məntiqli çıxışları ilə fərqlənib.

Abuzər müəllim Azərbaycanda kitabxana işinin tarixini və inkişafını mükəmməl tədqiq edən və topladığı zəngin materialları monoqrafiya, dərslik və dərs vəsaitləri şəklində oxuculara çatdıran görkəmli alim-tədqiqatçı və pedaqoqdur. O, nəinki kitabxanaçılıq fakültəsində, həm də BDU-nun kitabxana fondunun zənginləşməsində, bu sahədə ixtisasçı kadrların hazırlanmasında, seçilməsində də çox mühüm işlər görmüşdür.

A.Xələfov kitabxana işinin təşkilində novator alim kimi müasir informasiya vasitələrini – kompüter texnikasını və İnternet sistemini kitabxana sahəsində uğurla tətbiq etmişdir. O, hər zaman kitabxanaçılıq fakültəsinin və kafedraların maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətlər göstərmiş və göstərir.

Abuzər müəllim kitabxanaşünas alim kimi kitabxana işinin tarixi və nəzəriyyəsi problemləri ilə yanaşı, həm də bu istiqamətdə metodoloji məsələlərin də mahir bilicisidir.

Geniş diapazonlu biliyə, zəngin təcrübəyə, güclü idraka malik olan A.Xələfov Azərbaycanda nəinki təkcə kitabxanaşünaslığın, həm də mədəniyyətşünaslığın da uğurlu inkişafında böyük rol oynamış və oynayır.

A.Xələfov indiyədək onlarla dissertasiya işinə rəhbərlik və opponentlik etmişdir. Uzun illərdir ki, prof. A.Xələfov BDU-nun Elmi Şurasının üzvü kimi səmərəli fəaliyyət göstərmiş və həmişə də özünün dəyərli məsləhət və tövsiyələri ilə başqalarına nümunə olmuşdur.

Neymət QASIMOV,
Bitki fiziologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi,
ABŞ-ın İllinoys EA-nın həqiqi üzvü,
biologiya elmləri doktoru, professor

 


Abuzər Xələfovun portretini yaradarkən ən vacib dörd ştrixi – təbiətdə mövcud olan dörd ünsür qədər vəhdətləşmiş məqamı xatırlayıram: müəllim Abuzər Xələfov, alim Abuzər Xələfov, insan Abuzər Xələfov və vətəndaş Abuzər Xələfov. Abuzər müəllimlə ilk tanışlığımız ötən əsrin 60-cı illərinə təsadüf edir. Universitetə təzəcə daxil olmuşduq, kitabxanaçılıq şöbəsi filologiya fakültəsinin tərkibindən çıxaraq fakültəyə çevrilmişdi. Lakin bu çevrilmə yalnız hər hansı bir göstərişin, əmrin məntiqi nəticəsi deyildi, bu, həm də kitabxana işi sahəsində kadr potensialının formalaşmasının, kitabxanaçılığın bir elm kimi ortaya çıxmasının və bu elmə öndərlik edə biləcək, onun inkişafı naminə əlindən gələni əsirgəməyəcək bir insanın – Abuzər Xələfovun məsələyə olduqca ciddi və ardıcıl yanaşmasının bəhrəsi idi.

Professor Abuzər Xələfovu tanıyanlar yaxşı bilir ki, o, daim elmi axtarışlardadır. O, daim tədqiq edir, daim yazır, öyrənir, öyrədir. Bu mənada Abuzər Xələfovun hər hansı elmi əsəri haqqında “sonuncudur” deyə danışmaq olmur. Çünki onlarla monoqrafiyanın, elmi əsərin, yüzlərcə elmi məqalənin müəllifi həmişə kitabxana ictimaiyyətini yeni əsərləri ilə sevindirir, təşkilatlandırır, maarifləndirir. Bu isə Onun, yüksək pedaqoji keyfiyyətlərindən xəbər verir. Abuzər müəllimin elmi və pedaqoji fəaliyyəti bütöv bir vəhdət təşkil edir. Onun həyat salnaməsində alimlik və müəllimlik hər zaman qoşa addımlamış, bir-birini tamamlamışdır.

Abuzər müəllim kimi ziyalılar millətin yoluna işıq tutan, insanlara elm, təhsil, mənəviyyat nuru çiləyən, onu aydın sabaha aparan insanlardır. Ziyalı isə Vətən və millət yolunda zəkasını, intellektini əsirgəməyən insan olub yaxşıların yaxşısı, mənəviyyatca zəngin şəxsiyyətdir. Ziyalı millətinə, dövlətinə sədaqətli xidməti ilə, cəmiyyətə verdiklərinin sanbalı və miqyası ilə böyükdür. Abuzər Xələfov milli ziyalılıq meyarıdır, ustaddır. 85 yaşın mübarək, ustad!..

Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ,
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu,
Elmi işlər üzrə direktor müavini,
filologiya elmləri doktoru


Böyük Azərbaycan maarifçiləri xalqı həmişə elmə səsləyib, kitabı Azərbaycan ailəsinin böyük sərvəti sayıblar. Respublikanın adlı-sanlı, şöhrətli universitetində – Bakı Dövlət Universitetində bu böyük maarifçilik ənənələrini məhəbbətlə yaşadan və sevə-sevə inkişaf etdirən görkəmli ziyalılarından biri də professor Abuzər Xələfovdur.

Professor A.Xələfov Azərbaycanın allı-güllü, bərli-bərəkətli, füsunkar guşələrindən birində, Qərbi Azərbaycanda, Göyçə mahalının unudulmaz Cil kəndində boya-başa çatmış, Azərbaycan xalq fəlsəfəsinin hikmətləri, ülvi etnopsixoloji və etnopedaqoji köklərdən qaynaqlanan böyük aşıq Ələsgərin əzəmətli nəğmələri ilə tərbiyə olunmuşdur. Onun sosiallaşmasında Cil kənd yeddiillik məktəbinin və Toxluca kənd orta məktəbinin, eyni zamanda Böyük Vətən müharibəsi illərində kolxozda işləməsi mühüm rol oynamışdır.

Özünün təfəkkürü, istedadı, intellekti ilə seçilən bütöv şəxsiyyət, Azərbaycan kitabxanaçılıq elminin inkişafında, kitabxanaçılıq kadrlarının formalaşmasında yorulmadan çalışan və böyük nailiyyətlər əldə etmiş professor Abuzər Xələfov müdriklik yaşının zirvəsindədir. Mən, əziz tələbə yoldaşımı, dostumu, qardaşımı, həmkarımı 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı, övladlarının və nəvələrinin xoşbəxt olmasını arzulayıram.

Əbdül ƏLİZADƏ,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri,
psixologiya elmləri doktoru, professor,
Prezident təqaüdçüsü


Abuzər Xələfov lap əvvəldən öz dünyasına, öz xarakterinə görə ixtisas seçib: kitabxanaşünaslıq. Virtual internet dünyasının indiki çağında, əlbəttə, kitab, kitabxana, kitabşünaslıq anlayışları cavan nəsil tərəfindən ironiya ilə qarşılana bilər. Amma Abuzər Xələfovun hələ 1962-ci ildə yaratdığı kitabxaçılıq fakültəsinin ötən əsrin 60-80-ci illərdəki fəaliyyətini göz önünə gətirin. Bütün dünyada “kitab bumu” kimi qiymətləndirilən o dövrdə kitab və kitabxana Allahın evi hesab olunan məscid qədər, kilsə qədər qiymətli idi. Bu qiymət, kitabı duyanların gözündə həmişə elə bu səviyyədə də qalacaq. Dünya klassiklərinin rus dilində nəfis şəkildə nəşr olunan, bu gün mənim də ev kitabxanamı bəzəyən yüzlərlə kitabı biz çox zaman kitab alverçilərindən on qat qiymətinə alırdıq. Belə bir zamanda Abuzər Xələfov Azərbaycanda kitab elminin, elmşünaslığının və kitabxanaçılığın ən səviyyəli, ustad alimi kimi qəbul olunurdu.

Abuzər müəllim 1962-ci ildən yaratdığı kitabxanaçılıq fakültəsinin müxtəlif vaxtlarda iyirmi beş il dekanı olmuş, 1963-cü ildən isə paralel olaraq Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasına müdir seçilmiş və indi də həmin kafedraya rəhbərlik etməkdədir. Abuzər Xələfov tarixçi-kitabxanaşünas alimdir. Onun Azərbaycanda kitabxanaçılıq tarixinin tədqiqi milli mədəni-kulturologiya tariximizin qürur doğuran səhifələrinin tədqiqidir.

Cahangir MƏMMƏDLİ,
Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor,
Prezident
təqaüdçüsü


Professor Abuzər Xələfovu hələ universitetdə tələbə olduğum illərdən tanıyıram. Tanıdığım ötən 30-40 il ərzində nümunəvi təşkilatçılığı, işgüzarlığı, özünə və əhatəyə qarşı son dərəcə tələbkarlığı ilə özünün sakit yerişi və davranışı ilə bənzəri olmayan bir şəxsiyyət kimi xatirimdə həkk olunmuşdur.

Sakit və təmkinli hərəkətləri ilə, məntiqə söykənən mühakimələri ilə, istənilən şəraitdə, çəkinmədən öz sözünü yerində deyən cəsarətli və mərd bir insandır.

Şəxsiyyət haqqında deyilən sözlər insanın həyat fəaliyyətinə, ömür dünyasına söykənməlidir. Onun ömür karvanı şəxsiyyətinin bütövlüyü, müdrikliyi insanı düşündürür və valeh edir.

Öncə Abuzər müəllim xeyirxah, ədalətli və sadə bir insandır. Ona üz tutan hər bir adamı qəbul edir, təmkinlə dinləyib, səmimiyyətlə məsləhət verir, düzgün yol göstərir. O, elmimizin və təhsilimizin sayılan, seçilən ağsaqqallarındandır, böyük pedaqoqdur. Sözün əsl mənasında ağır anlarımızın məsləhətçisidir, təskinlik verən, sevinc və kədəri bölmək qabiliyyətinə malik olan böyük bir ürəyin sahibidir”.

Firudin SƏMƏNDƏROV,
Hüquq fakültəsinin Cinayət hüququ və
kriminalistika kafedrasının müdiri,
Əməkdar hüquqşünas, hüquq elmləri doktoru,
professor


Tarixi köklərdən və ənənələrdən qaynaqlanan Azərbaycan kitabxanaçılıq məktəbinin topladığı tarixi təcrübənin yaşadılmasında, zənginləşdirilməsində və inkişafında milli elmi korifeylərimizdən olan Abuzər Alı oğlu Xələfovun elmi-praktiki yaradıcılığı yarım əsrlik tarixə malik olsa da, bütöv bir məktəbdir. İndiyədək bu məktəbi bitirənlərin sırasına Azərbaycan yaşadıqca hələ neçə-neçə nəsillər qoşulacaq, kim bilir, hələ hansı zirvələr fəth ediləcəkdir...

Azərbaycanın elm və mədəniyyət məbədi olan Bakı Dövlət Universitetinin dünya şöhrətli alimlərindən olan Abuzər müəllimi yaxından tanımadan onun haqqında yazmaq, söz demək mümkünsüzdür. BDU-da birlikdə işlədiyimiz dövr ərzində mən onu təkcə elm və mədəniyyət fədaisi kimi yox, həm də yüksək intellekt sahibi olan qayğıkeş müəllim, ata və görkəmli təşkilatçı kimi tanımışam. Abuzər müəllim bu gün Dədə Qorqud böyüklüyünü, vüqarını və ağsaqqallığını yaşayan nəslin görkəmli nümayəndəsidir.

Ağalar ABBASBƏYLİ,
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müdiri,
tarix elmləri doktoru, professor


Abuzər Xələfov mənim üçün bir insan, ziyalı və alim kimi etalondur. Heç şübhə etmirəm ki, mənim bu cümləmi eyni ilə yazmaq və demək istəyənlər onlarladır. Düşünəndə ki, sənin fikirlərini təsdiq edənlər çox olacaq, yazmaq asanlaşır.

Hamı onu xeyirxah insan, əsl ziyalı, yaxşı müəllim kimi tanıyır. Kiçik haşiyə çıxmaq istəyirəm: mən onunla tanış olanda lap gənc idim. Bizi BDU-nun (o vaxt ADU idi) kitabxanaçılıq fakültəsində müəllim-tələbə münasibətləri yaxınlaşdırmışdı. Doğrusu, müəllimin öz tələbəsinə, söhbət açdığım halda isə onun mənə belə səmimi, doğma münasibət göstərə biləcəyini əvvəllər ağlıma gətirməmişdim.

Onda 1979-cu il idi və mən universitetin kitabxanaçılıq fakültəsində təhsil alırdım. Sonra elə oldu ki, ordu sıralarına getdim və hərbi xidmətdən qayıtdıqdan sonra artıq hüquq fakültəsinə daxil oldum. Lakin bundan sonra əziz müəllimimlə münasibətlərimiz qırılmadı. Əksinə, biz bir az da yaxınlaşdıq və o, mənim üçün həm də özümdən böyük dostuma, yolgöstərənə, hər addımda nümunə götürəcəyim insana çevrildi.

İndi mən Abuzər müəllimi artıq 35 ildən çoxdur tanıyıram. Odur ki, onun keçdiyi həyat yoluna, elmdə və təhsildə qazandığı müvəffəqiyyətlərə yaxından bələdəm. Bu uzun illər ərzindəki hər görüşümüzdə mən bu həssas, ən gözəl insani keyfiyyətləri özündə birləşdirən, mənən varlı şəxsiyyətin simasında bir dünya kəşf etmişəm.

İndi ömrünün müdriklik zirvəsində olan görkəmli alimə, əzizimiz Abuzər Xələfova sağlamlıq və gümrahlıqla dolu cansağlığı, uzun ömür arzulayırıq. Biz onun alim və pedaqoq qələmindən yeni-yeni əsərlər gözləyirik.

Alış QASIMOV,
Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri,
hüquq elmləri doktoru, professor


Abuzər Xələfov altmış bir illik fəaliyyəti dövründə, hər bir ilin, onilliyin tələb və ehtiyaclarına uyğun inkişaf edən, xüsusilə müstəqil Azərbaycan dövlətinin prinsiplərini əldə rəhbər tutan fəal təşkilatçı, ali təhsilin, ümumən müasir tədris prosesinin mahir bilicilərindəndir. Onun “Kitabxanaçılıq informatikası”, “Kitabxanaların kompüterləşdirilməsi”, “Kitabxanaçılıq pedaqogikası”, “Kitabxanaçılıq psixologiyası”, “Kitabxana iqtisadiyyatı”, “Kitabxana peşəsi” sahələrinin hər birinin formalaşması və inkişafı üçün irəli sürdüyü səmərəli təkliflərin, tövsiyə və dəyərli məsləhət və mülahizələrin xüsusi rolu olmuşdur.

Abuzər Xələfov indi də fakültənin, ümumən Azərbaycanda kitabxanaçılıq işinin böyük dayağı kimi fəaliyyətini davan etdirir. Odur ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan müasir, müstəqil Azərbaycan dövləti onu səmərəli xidmətlərinə görə “Şöhrət” ordeni, Prezidentin fərdi təqaüdçüsü və digər fəxri mükafatlara layiq görmüşdür. Biz inanırıq ki, Abuzər Xələfov səmərəli fəaliyyətini bundan sonra da davam etdirəcək, daha yeni uğurlar qazanacaqdır. Bu yolda əziz dostumuz Abuzər Xələfova cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.

Abdulla ABASOV,
Filologiya fakültəsinin Müasir Azərbaycan
ədəbiyyatı kafedrasının professoru,
filologiya elmləri doktoru


Abuzər müəllim çox ədalətli bir şəxsiyyətdir. İnsanlar üçün xoşbəxtliyin qapısını ədalət açır. Bəşəriyyətin ən çox ədalətə ehtiyacı var. Çox görmüşəm ki, Abuzər müəllim ədalətsiz bir içi görən kimsəyə öz kəsərli sözünü deməsin. Mən elmimizin ağsaqqalının dilindən çox eşitmişəm ki, “Ədalətsizliyi görüb susmağın özü ədalətsizliyin içərisin-də iştirak etmək deməkdir”.

BDU-nun Ağsaqqallar Şurasının sədri, dünya şöhrətli alim nəfsinə hakim bir şəxsiyyətdir, yəni əqil və əxlaq insan şəxsiyyətinin ən böyük var-dövlətidir. Çünki insan var-dövlətini qoruyur. İnsanı isə əql və əxlaq qoruyur.

Abuzər müəllimlə Həcc və Məşhəd ziyarətində olarkən bu şəxsiyyətdə gördüklərimi qələmə almaq üçün bir kitab yazmaq lazımdır. Məşhəd ziyarətində bir hadisə yadımdan çıxmır. Azərbaycandan 30 nəfər ziyarətə gedənlərin içərisində bir nəfər harda gəldi çıxış edirdi və ona heç söz də vermirdilər. Həmin adam duran kimi özünü tərifləməyə başlayırdı. Abuzər müəllim axırda dözməyib böyük bir məclisdə durub dedi ki, bu alim bircə evlər idarəsinin müdiri işləmir, qalan bütün titulları vardır. Sonra da ona 30 nəfər ziyarətçinin yanında öz kəsərli sözlərini dedi.

Əyyub ƏZİZOV,
Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müdiri,
kimya elmləri doktoru, professor


Mən Abuzər müəllimi həmişə son dərəcə obyektiv, özünə və ətrafdakılara qarşı tələbkar, eyni zamanda xeyirxah, əlindən gələn imkanları daxilində köməkliyini əsirgəməyən bir insan kimi görmüşəm. Özünün astagəl, təmkinli davranışı, məntiqli və dolğun düşüncələri, fikirləri ilə Abuzər müəllim onu dinləyən hər kəsdə özünə qarşı dərin rəğbət və hörmət hissi yaradır. Onunla həmsöhbət olanlar ilk anlardan hiss edirlər ki, Abuzər müəllim hər bir sözün, ifadənin və fikrin məntiqinə diqqət yetirən bir insandır.

Neçə illərdir ki, Abuzər müəllim Bakı Dövlət Universitetində Nəşriyyat Şurasına rəhbərlik edir. Şuranın bir üzvü kimi mən həmişə Abuzər müəllimin müzakirə olunan məsələlərə son dərəcə obyektiv, qərəzsiz və səriştəli münasibətinin şahidi olmuşam. Daxil olan çap materialları və sənədləri haqqında ən xırda təfərrüatları səbr və təmkinlə təqdim etməklə Abuzər müəllim, hətta həmin sahənin mütəxəssisi olmayan Şura üzvlərində lazım olan təsəvvürü yarada bilir.

Oqtay ƏKBƏROV,
Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr
kimyası kafedrasının müdiri,
Əməkdar müəllim, kimya elmləri doktoru,
professor


Prof. A.A.Xələfov böyük məsuliyyət hissi ilə çalışan, hər sözün mənasını qabaqcadan bilən adamdır. Görkəmli alimin xoşbəxtliyi ondadır ki, onun yazılı və şifahi nitqi son dərəcə zəngindir. Elmi məclislərdə, universitetdə keçirilən müxtəlif xarakterli tədbirlərdə çıxışlarına qulaq asmışam. O, həmişə diqqət mərkəzində olmağa çalışır, mövzuya uyğun elmi-nəzəri müddəaları faktik materiallarla çox gözəl əlaqələndirir, bu da dinləyicilərin marağına səbəb olur. Prof. A.Xələfov indi ahıl yaşında olsa da həmişə stol arxasındadır.

Prof. A.Xələfovun Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsini uğurla yerinə yetirməsi sayəsində respublikamızda kitabxana işi əsas elmi-tədqiqat mərkəzinə çevrilmişdir.

Görkəmli alim öz işində sadə olduğu qədər də son dərəcə ciddidir. Uzun illərdən bəri müşahidəm əsasında belə nəticəyə gəlmişəm ki, Abuzər müəllim hər prinsipial məsələdə asanlıqla güzəştə getməyi sevmir, qeyri-səmimi cavabdan xoşu gəlmir. Universitetdə dekan olduğu illərdə professor Əli Sultanlının Abuzər müəllimin haqqında tələbə ilə söhbətinin şahidi olmuşam, indiyədək onu unuda bilmirəm. Prof. Əli Sultanlı tələbədən soruşur:

 - Abuzər Xələfovun fakültəsində oxuyursan?

- Bəli!

- O, çox ciddi adamdır ha!

Bəli, o, adamlarla münasibətində son dərəcə həlimdir, işində, tələbkarlıqda ciddidir. Prof. Abuzər Xələfov əsərlərində, elmi məclislərdəki məruzə və çıxışlarında Azərbaycan Respublikasında ali kitabxanaçılıq təhsilinin müasir konsepsiyasının əsasını formalaşdırmışdır.

Süleyman MƏMMƏDOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Azərbaycan tarixi kafedrasının müdiri,
Əməkdar elm xadimi, tarix elmləri doktoru,
professor


İnsanın ləyaqəti, böyüklüyü onun ruhi-mənəvi əzəməti ilə ölçülür. Ruhən böyük olan insanların sərvətləri öz şəxsiyyətləri olur. Belə insanlar yalnız ailəsinə, nəslinə, elinə-obasına deyil, bütöv Vətən övladlarına örnək olur. Belə örnək insanlardan biri Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovdur. Onun adı Azərbaycan elm tarixinə, kitabxanaşünaslıq elminin banisi, milli kitabxanaşünaslıq elmi məktəbinin yaradıcısı, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi yazılıb. O, Azərbaycan kitabxanaçılıq elmini xarici ölkələrdə ləyaqətlə təmsil edən ziyalılarımızdan biridir. Xalqa ən çox fayda verən şəxs insanların ən yaxşısı sayılır.

Abuzər Xələfov şəxsiyyəti, yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti ilə xalqına daha çox fayda verən insanlardan biridir. Onun həyatının mənası zəhmətdir. Soyadının və adının qarşısına yazılan titullar, aldığı müxtəlif dövlət mükafatları, fəxri fərmanlar, orden və medallar onun yuxusuz gecələrinin, narahat gündüzlərinin, səbrlə yazıb-yaratmağının, arayıb-axtarmağının, sözünü yerində və vaxtında deməyinin nəticəsidir. İnsan kərpic kimidir, bişdikcə möhkəmlənir. Həyatın çətinlikləri, elm yolunun daşlı-kəsəkli yolları onu daha da möhkəmləndirib, qısa bir müddətdə şöhrətin uca zirvəsinə yüksəldib.

Abuzər müəllim mənim uşaqlıqdan idealım olub. Bizim kənddə elm yolunda ilk cığır açan, açdığı cığırı sonrakı illərdə geniş və şaqraq yola çevirən məhz Abuzər müəllim olmuşdur. Onun bu nümunəsinin və fədakarlığının nəticəsidir ki, doğma kəndimizdən onlarla elmlər namizədi və doktoru Azərbaycan elminin müxtəlif sahələrini ləyaqətlə təmsil edir”.

Fərrux RÜSTƏMOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Pedaqoji fakültəsinin dekanı,
Beynəlxalq pedaqoji Akademiyanın həqiqi üzvü,
Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki,
pedaqoji elmlər doktoru,
professor


Professor Abuzər Alı oğlu Xələfov orijinal təfəkkürə, özünəməxsus təlim-tərbiyə üslubuna, sadə ifadə və deyim tərzinə, məna və təsvir yükünə malik yaradıcı alim, şəxsiyyəti etibarı ilə kamil, fəlsəfi mühakimə və düşüncəyə, aydın duyuma, yüksək nitq mədəniyyətinə malik zəkalı ömür sahibi, böyük pedaqoq, gözəl ailə başçısı, zəhmətkeş alimdir.

Əmək və müharibə veteranı olan professor A.Xələfovun vətən və cəmiyyət qarşısındakı, elm, mədəniyyət və təhsilin inkişafındakı dövlət orqanlarının və bir sıra ictimai təşkilatların xüsusi mükafatları, medalları və fəxri fərmanları ilə dəyərləndirilmişdir. Belə ki, 1969-cu ildə kadr hazırlığı sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2001-ci ildə isə kitabxanaşünaslıq elminin inkişafında böyük xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş ilk kitabxanaşünas alimdir. Görkəmli alim A.Xələfov 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə elm və təhsil sahələrindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Abuzər müəllim yaratmaq, mübarizə aparmaq üçün doğulan insanlardandır... Ulu Zərdüşt alimləri həyatın yol göstəriciləri adlandırırdı. Bu fikir sanki professor Abuzər Xələfov haqqında deyilib.

Əli ALLAHVERDİYEV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
İqtisadi nəzəriyyə kafedrasının müdiri,
iqtisad elmləri doktoru,
professor


Miqyaslı alim olmaqla yanaşı Abuzər müəllim Azərbaycan ali təhsil sistemində xüsusi yeri və nüfuzu olan ustad pedaqoqlarımızdan, söz sahibi olan müdrik ağsaqqallarımızdan biridir. Bütün şüurlu həyatını Bakı Dövlət Universitetinin inkişafına həsr etmiş professor Abuzər Xələfovun ən böyük əsəri Universitetin Kitabxanaçılıq-informasiya fakültəsidir. Fakültənin yaranması, onun elmi-pedaqoji kadr korpusunun formalaşması, 1962-ci ildən 25 il müddətində onun başında duran Abuzər müəllimin gərgin və yorulmaz əməyinin nəticəsidir. Abuzər müəllimin rəhbərliyi altında sovetlər birliyi dönəmində kitabxanaçılıq fakültəsinin adı Moskva, Sankt-Peterburq, Kiyevdə fəaliyyət göstərən fakültələrlə birgə çəkilirdi. Bütün bunlar həm də Abuzər müəllimin böyük təhsil təşkilatçısı olmasını təsdiq edir.

Azərbaycan Respublikasının müstəqilliyi illərində ölkədə aparılan təhsil islahatlarının düzgün istiqamətlənməsində Abuzər müəllimin də xüsusi payı olduğunu qeyd etmək istərdim. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununun hazırlanması, müzakirəsi və qəbul olunması sahəsində professor Abuzər Xələfovun fəaliyyətini ayrıca qiymətləndirmək lazımdır.

İlham MUSTAFAYEV,
Azərbaycan Respublikası Təhsil Nazirliyi Ali və
orta ixtisas təhsili şöbəsinin müdiri,
fizika-riyaziyyat elmləri doktoru,
professor


İnsanın üzərinə düşən, boynunun borcu olan missiyaların hamısını mükəmməl şəkildə yerinə yetirən, özünün şərəfli adını daima ucalarda tutmağı bacaran, reputasiyasına zərrə qədər kölgə düşürməyən Abuzər müəllim örnək bir şəxsiyyətdir. Həyatda şərəfli ömür sürmək, hamının – həm kiçiyin, həm də böyüyün hörmətini qazanmaq, ömrün bütün mərhələlərində öz-özünün qarşısında hesabat verərkən həm razı qalmaq, həm də vicdanın üzünə dik baxa bilmək. Bütün bunlarla yanaşı elmin ən yüksək mərtəbəsinə qədər ucalmaq. Söz, hörmət, ehtiram sahibi olmaq. Öz yaradıcısı, tanrısı önündə, inancı qarşısında da mömin bir insan – müsəlman kimi Allahın rizasını qazanmaq. Bütün bunları həyata keçirə bilmək üçün bəzən bir ömür kifayət etmir.

Bakı Dövlət Universitetinin ən gözəl simalarından biri olan akademik, ən sevdiyi və pərəstiş etdiyi müəllimlərinin səviyyəsinədək yüksəlməyi və hər kəsə nəsib olmayan bir işi reallaşdırmağı bacardı. İndi bu nüfuzlu elm ocağında onun da adı öz sahəsinin banisi kimi çəkilir.

Kərim TAHİROV,
M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət işçisi,
professor


Azərbaycan elminin və təhsilinin inkişafı milli dövlətçiliyimizin təməl prinsiplərindən biridir.

Bu gün dünyada sivilizasiyalı cəmiyyət uğrunda gedən mübarizədə kimin daha güclü olması təhsilin və elmin səviyyəsi ilə ölçülür. Elm elə bir sahədir ki, böyük istedada, xüsusi qabiliyyətə və dərin təfəkkürə malik olmadan burada uğur qazanmaq qeyri-mümkündür.

Elm fədakarlıq, mübarizlik, dönməzlik, inadkarlıq və qətiyyət tələb edən bir sahədir. Bütün bu keyfiyyətlərin hamısı Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, milli kitabxanaşünaslıq elmi məktəbinin yaradıcısı, görkəmli elm, mədəniyyət xadimi Abuzər Xələfovda cəmlənmişdir. O, nəinki ölkəmizdə, xaricdə də tanınan və Azərbaycanın adını yüksəklərə qaldıran bir ziyalıdır”.

Lətifə MƏMMƏDOVA,
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri,
tarix üzrə fəlsəfə doktoru,
dosent


 

Azərbaycan Milli Kitabxanasэ

Elektron Məlumat Bazası Milli Kitabxana tərəfindən hazırlanmışdır