Elmi-pedaqoji kadrların
hazırlanması sahəsində professor Abuzər Xələfovun xidmətləri əvəzsizdir.
Bu gün Azərbaycanda kitabxana
işinin tarixi və nəzəri problemləri üzrə bütöv bir elmi məktəb
formalaşaraq uğurla fəaliyyət göstərir ki, onun da bünövrəsini A.Xələfov qoymuşdur. Bu məktəb ayrı-ayrı tarixi mərhələlərdə Azərbaycanda kütləvi, elmi, texniki, partiya, həmkarlar ittifaqı, uşaq, məktəb, tibb, kənd
təsərrüfatı kitabxanalarının tarixinə, kitabxana işinin nəzəriyyə və
təcrübəsinə həsr olunmuş sanballı elmi-tədqiqatları ilə tanınır.
Respublikamızda kitabxana işinin aparıcı tarixçi və nəzəriyyəçiləri,
dosentlər, elmlər namizədləri T.Quliyev, E.Bədəlov, M.Həsənov, A.Abbasova, X.İsmayılov, A.Əliyev, Z.Baxşəliyev, E.Əhmədov,
M.Məmmədov, Ş.İslamova, K.Aslan, K.Tahirov, P.Kazımi və başqaları məhz bu elmi
məktəbin yetişdirmələridir.
A.Xələfovun rəhbərliyi ilə son
illərdə 22 aspirant və tədqiqatçı namizədlik dissertasiyası müdafiə
etmişdir. 90-cı illərdə A.Xələfovun rəhbərliyi ilə «1923-1988-ci illərdə
Dağlıq Qarabağ Muxtar Vilayətində kitabxana işinin inkişafı» mövzusunda
maraqlı dissertasiya işi (müəllif Ə.Nəcəfov) hazırlanmışdır ki, bu tədqiqatda
Muxtar Vilayətin mədəni həyat tərzinin və əhaliyə kitabxana xidmətinin guya
aşağı səviyyədə olması haqqında erməni separatçılarının Azərbaycanın ünvanına
yağdırdıqları yalan iftiralar əsaslı dəlillərlə rədd edilir. Çoxsaylı arxiv
sənədləri və rəsmi statistika əsasında əsərdə əsl mənzərə yaradılır. Bu isə
vilayətin kitabxana şəbəkəsinin inkişafına, burada məskunlaşmış erməni
əhalisinin kitabxana kitabı və kitabxana xidmətinin müxtəlif formaları
ilə təmin olunmasına Azərbaycanda xüsusi qayğı göstərildiyini, habelə
vilayətdə kitabxana işi üzrə əsas göstəricilərin bütövlükdə istər Azərbaycan,
istərsə də Ermənistan respublikaları üzrə müvafiq göstəricilərdən yüksək
olduğunu sübuta yetirir.
1970-80-ci illərdə A.Xələfov
təkcə Bakıda deyil, həmçinin Sovetlər Birliyinin Moskva, Sankt-Peterburq,
Tbilisi, Daşkənd, Kiyev, Samara və başqa şəhərlərində mədəniyyət,
kitabxanaçılıq və kitabçılıq işinin tarixi və nəzəriyyəsi üzrə yerinə
yetirilmiş bir sıra namizədlik və doktorluq dissertasiyalarının rəsmi
opponenti kimi çıxış etmiş, bir neçə doktorantın məsləhətçisi olmuşdur.
A.Xələfov 1970-80-ci illərdə
Moskva şəhərində fəaliyyət göstərən kitabxanaşünaslıq,
biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahələrində doktorluq
dissertasiyalarının müdafiəsi üzrə Sovet İttifaqında yeganə
İxtisaslaşdırılmış Şuranın üzvü seçilmişdir. O, eyni zamanda 80-ci illərdə
ölkənin görkəmli kitabxanaşünas alimi, Əməkdar elm xadimi, pedaqoji elmlər
doktoru, professor K.İ.Abramovun yazdığı SSRİ-də kitabxana işinin
tarixinə dair ən sanballı monoqrafiyanın
rəsmi rəyçisi olmuşdur.
Professor A.Xələfov
respublikamızda təkcə kitabxanaşünas alim, kitabxanaşünaslıq elmi
məktəbinin nəzəriyyəçisi və yaradıcısı kimi tanınmır, eyni zamanda,
mədəniyyət tarixi problemləri də onun elmi maraq və tədqiqatçılıq
dairəsinə daxildir. Təsadüfi deyil ki, o, Azərbaycanda mədəniyyət tarixi və
mədəni quruculuq məsələlərinə həsr olunmuş xeyli namizədlik və doktorluq
dissertasiyasının opponenti kimi də fəaliyyət göstərmişdir.
A.Xələfov uzun illərdir ki,
“Bakı Universitetinin Xəbərləri” elmi məcmuəsinin redaksiya heyətinin
üzvüdür.
Professor A.Xələfov 1970-1980-ci
illərdə BDU Elmi Xəbərlərinin “Kitabxanaşünaslıq və biblioqrafiya”
seriyasının yaradıcısı və əvəzsiz redaktoru olmuşdur. Öz məzmununa və
mahiyyətinə görə ümumittifaq əhəmiyyətli nəzəri mətbu orqan olan bu seriyanın
səhifələrində Sovet İttifaqının bir çox tanınmış kitabxana işi
mütəxəssislərinin elmi axtarışlarının nəticələri dərc edilirdi. Mövcud olduğu
10 il ərzində elmi əsərlərdə kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın,
kitabşünaslığın və informatikanın tarixinə
və nəzəri problemlərinə dair 200-ə yaxın elmi məqalə işıq üzü görmüşdür.
1980-ci ildən seriya kitabxana
işinin tarixinin və nəzəriyyəsinin ən aktual problemlərinə həsr olunmuş
mövzu məcmuələri şəklində davam etdirilmişdir ki, onlar da A.Xələfovun
redaktorluğu ilə çıxmışdır. Həmin məcmuələrdən bəzilərinin adlarını
qeyd etmək yerinə düşər: “Azərbaycanda kitabxana işinin
mərkəzləşdirilməsi məsələləri”, “Elmi işçilərə kitabxana-biblioqrafiya
xidmətinin təşkili”, “Azərbaycanda kitabxanaçı kadrların hazırlanması”,
“Azərbaycanda kənd əhalisinə kitabxana xidmətinin təşkili”, “Müasir
mərhələdə Azərbaycanda kitabxana işi məsələləri” və s.
Professor A.Xələfovun yaratdığı
elmi məktəb hazırda 1963-cü ildən bəri onun başçılıq etdiyi
kitabxanaşünaslıq kafedrasının əsas elmi istiqamətini
müəyyənləşdirir. Ölkəmizdə bu kafedranın kitabxanaşünaslığın elmi mərkəzinə
çevrilməsi də məhz bununla izah olunur.
55 il ərzində kitabxanaşünaslıq
kafedrası kitabxana işinin tarixi, nəzəriyyəsi və metodikasının aktual
məsələlərinə dair iri həcmli işlər yerinə yetirmişdir ki, bunlar da
Azərbaycanda yeni ictimai-siyasi vəziyyət işığında, suveren və azad dövlət
quruculuğu şəraitində kitabxana işi problemlərinin müasir baxımdan
çözülməsi, cəmiyyətin sosial, iqtisadi və mənəvi həyatının ümumi sistemində
kitabxana-informasiya proseslərinin yüksək peşəkarlıqla
ümumiləşdirilməsi, dərindən və hərtərəfli şəkildə araşdırılması
səviyyəsi ilə seçilir.
Kitabxanaşünaslıq kafedrasının
elmi seminarları həmişə yüksək elmi səviyyədə keçirilir ki, burada da
kitabxana işi nəzəriyyə və təcrübəsinin ən ağrılı məsələləri müzakirə olunur.
Yalnız son illərdə keçirilən seminarlarda bu mövzular dinlənilmiş və
müzakirə edilmişdir: “Bazar iqtisadiyyatı və kitabxanalar”, “Müasir şəraitdə
əhaliyə kitabxana xidmətinin demokratikləşdirilməsi”, “İnternet və
kitabxanalar”, “Kitabxana proseslərinin kompüterləşdirilməsi problemləri”
və s.
Kitabxanaşünaslıq kafedrasında
müntəzəm olaraq kitabxana işinin ən aktual məsələlərinə dair elmi
konfranslar və müşavirələr də keçirilir. Bu elmi yığıncaqlarda professor
A.Xələfov dəfələrlə məruzə və məlumatlarla çıxış etmişdir.
Professor Abuzər Xələfov
magistrlərin və bakalavrların elmi işlərinə də xüsusi diqqət yetirir.
Bakalavrların buraxılış işləri, magistrlərin dissertasiyaları, bir sözlə,
tələbələrin respublika və universitet miqyaslı elmi konfranslardakı
məruzələri və çıxışları həmişə mütəxəssislərin yüksək qiymətini alır.
A.Xələfovun rəhbərlik etdiyi tələbələrin elmi məruzələri dəfələrlə
diplomlara və fəxri fərmanlara layiq görülmüşdür.