E L E K T R O N M Ə L U M A T B A Z A S I

"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"

H.Ə.Əliyev


"Kitab hər bir xalqın tarixidir, mədəniyyətidir, elmidir, bu günüdür, sabahıdır, gələcəyidir. Kitab hər bir xalqın milli qüruru, vətənə məhəbbət mənbəyidir"

A.A.Xələfov


 Professor Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətində kitabxanaçı kadrların hazırlanmasının mühüm problemlərinin tədqiqi böyük yer tutur ki, bu da Azərbaycan Respublikasında ali kitabxanaçılıq təhsilinin müasir konsepsiyasının əsasını təşkil edir.

Kitabxana işinin tarixi və nəzəriyyəsi problemləri ilə yanaşı, professor A.Xələfov 65 ildən artıqdır ki, müntəzəm olaraq Azərbaycanda kitabxanaçılıq təhsilinin nəzəri və metodoloji cəhətlərini işləyib hazırlayır. Onun çoxsaylı monoqrafiya, məqalə, məruzə və çıxışlarında bu məsələ ilə bağlı kitabxanaçılıq-biblioqrafiya təhsilinin dərindən əsaslandırılmış konsepsiyası formalaşmışdır ki, bu da respublikamızda kitabxana işinin nəzəriyyə və təcrübəsinin müasir tələblərinə cavab verir.

Çoxillik pedaqoji fəaliyyəti, fakültə dekanı və kafedra müdiri kimi tədris prosesinə rəhbərlik işi A.Xələfovun Azərbaycanda səriştəli tədris-tərbiyə işi təşkilatçısı olaraq formalaşmasına imkan yaratmışdır. O, BDU-nun kitabxanaçılıq fakültəsinin dekanı vəzifəsində işlədiyi müddətdə elm və tədris sahəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdir. Həmin 25 il ərzində fakültəyə tələbə qəbulunun sayı ildən-ilə artmış, qiyabi və axşam şöbələri, rus bölməsi açılmışdır.

Məhz həmin dövrdə fakültənin nəzdində biblioqrafiyaşünaslıq, kitabxana fondu və kataloqların təşkili, kitabşünaslıq və nəşriyyat işi kafedraları, kitabxana işinin təşkili və idarə edilməsi, kitabxana fondu və kataloqları, biblioqrafik informasiya-axtarış sistemləri tədris laboratoriyaları yenidən təşkil edilmişdir.

Fakültənin məzunları Sovetlər Birliyinin müxtəlif şəhərlərində bu gün də uğurla fəaliyyət göstərirlər.

Professor A.Xələfov ali məktəbdə tədris prosesinin mahir bilicisi kimi tanınır. Təsadüfi deyil ki, respublikamızda, Bakı Dövlət Universitetində ali təhsilin yenidən qurulması və optimallaşdırılması ilə bağlı bütün məsələlər məhz onun yaxından iştirakı sayəsində öz həllini tapır.

Respublika Təhsil Şurasının, ali təhsil üzrə vahid şuranın rəyasət heyətinin üzvü, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyinin kitabxanaçılıq-biblioqrafiya təhsili üzrə vahid şurasının bölmə sədri olmaqla, professor A.Xələfov ölkəmizdə bütünlükdə ali təhsil sisteminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının yeni Təhsil Qanununun hazırlanması yönümlərində səmərəli işlər görür.

Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin inkişafında və optimallaşdırılmasında onun xidmətləri əvəzsizdir.

Tələbələrin elmi dünyagörüşlərinin genişləndirilməsi, peşə hazırlığının təkmilləşdirilməsi, ixtisas təhsilinin kütləvi, elmi və xüsusi kitabxanaların iş təcrübəsi ilə qarşılıqlı əlaqəsi, kitabxana proseslərinə mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin tətbiq edilməsi kimi mühüm məsələlərlə bağlı professor A.Xələfov bir sıra təşəbbüslər irəli sürmüş və onların həyata keçirilməsi üçün əməli fəallıq göstərmişdir.

Yüksək ixtisaslı kitabxanaçı kadrlar hazırlanmasının xarakteri və metodikası ilə əlaqədar A.Xələfovun ideya və baxışlarının əməli təntənəsi hələ 1989-cu ildə onun rəhbərliyi ilə Bakı Dövlət Universiteti kitabxanaçılıq fakültəsinin fərdi tədris planının işlənib hazırlanması və SSRİ Ali Təhsil Nazirliyi tərəfindən Sovet İttifaqının kitabxanaçılıq fakültəsi olan bütün universitetləri üçün nümunəvi plan kimi təsdiq edilməsi olmuşdur.

A.Xələfov 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində ölkəmizdə ali kitabxanaçılıq-biblioqrafiya təhsili sahəsində dövlət standartlarının yaradılması üzrə komissiyanın işinə rəhbərlik etmişdir.

Təcrübəli alimin “Kitabxanaçılıq informatikası”, “Kitabxanaçılıq pedaqogikası”, “Kitabxanaçılıq psixologiyası”, “Kitabxana iqtisadiyyatı”, “Kitabxanaçı peşəsi” kimi kitabxanaşünaslıq sahələrinin formalaşmasına, həmçinin, kitabxanaçı kadrların hazırlığının ixtisaslaşdırılmasına, geniş profilli kitabxana işçilərinin hazırlanmasına dair ideya və təklifləri həmişə maraq doğurmuş, tamamilə perspektiv xarakter daşı-mışdır.

Professor A.Xələfovun həmin ideya və təklifləri Bakı Dövlət Universitetində yeni ali təhsil sisteminin – “bakalavr” pilləsinin əsasını təşkil etmişdir. Alim eyni zamanda Bakı Dövlət Universitetində kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və informatika üzrə magistr təhsilinin təşkilatçısı, ali kitabxanaçılıq təhsilinin bu mərhələsində ixtisas fənlərinə dair tədris plan və proqramlarının əsas müəllifidir. Kitabxanaçılıq fakültəsinin magistraturasında dissertasiya tədqiqatları mövzularının işlənilməsi ilə bağlı prosesə də məhz o rəhbərlik etmişdir.

Kitabxanaçı kadrlar hazırlığının tarixi, nəzəriyyəsi və metodikasına dair professor A.Xələfovun çoxillik elmi təşkilatçılıq fəaliyyətinin nəticəsi onun yazdığı “Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı”, “Azərbaycanda ali kitabxanaçılıq təhsili” monoqrafiyalarında, həmçinin, alimin redaktorluğu ilə buraxılmış «Azərbaycanda ali kitabxanaçı kadrların hazırlanması” məqalələr toplusunda özünün geniş əksini tapmışdır. Həmin monoqrafiyalarda müəllif XX əsrin 20-ci illərindən əsrin sonlarına qədərki dövrdə respublikamızda kitabxanaçılıq təhsilinin meydana gəlməsinin və inkişafının mərhələlərini ümumiləşdirmiş, kitabxana işi mütəxəssisləri hazırlığının mühüm forma və metodlarının xüsusiyyətlərini vermişdir.

Bu baxımdan 1998-ci ildə BDU-nun kitabxanaçılıq fakültəsinin 50 illiyi münasibəti ilə professor A.Xələfovun nəşr etdirdiyi “Azərbaycanda ali kitabxanaçılıq təhsili (1947-1997)” kitabı mühüm əhəmiyyət kəsb edir. Burada kitabxanaçılıq fakültəsinin yarıməsrlik tarixi ərzində Azərbaycanda ali kitabxanaçılıq təhsilinin inkişaf meylləri araşdırılır. Müəllif müxtəlif inkişaf mərhələlərində fakültənin tədris planlarının təhlilinə, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabxana fondu və kataloqların təşkili, kitabşünaslıq kafedralarının fəaliyyət xüsusiyyətlərinə xüsusi diqqət yetirir. Fakültənin elmi-tədqiqat işinin mühüm istiqamətlərinin təsviri, özlərini ali kitabxanaçılıq təhsilinin yaranmasına və inkişafına həsr etmiş şəxslərin həyat və fəaliyyəti də əsərdə geniş işıqlandırılır. Monoqrafiyada müasir şəraitdə Azərbaycanda ali kitabxanaçılıq təhsilinin, kitabxanaçı kadrların ixtisasartırma sisteminin yeniləşməsinin strateji istiqamətləri müəyyən olunmuşdur.

Professor A.Xələfovun pedaqoji fəaliyyəti də çox barlı-bəhərlidir. O, demək olar ki, yarıməsrlik pedaqoji fəaliyyəti dövründə kitabxanaşünaslığa dair bütün fənləri tədris etmişdir. Son onilliklər ərzində isə Abuzər müəllim bakalavrlar üçün “Azərbaycanda kitabxana işinin tarixi”, “Ümumi kitabxanaşünaslıq” və başqa ixtisas kursları üzrə, həmçinin magistratura tələbələri üçün “Kitabxanaşünaslığın müasir problemləri”, “Kitabxanaşünaslığın tarixi və metodologiyası” fənləri üzrə mühazirələr oxuyur.

Alim eyni zamanda, həm ayrı-ayrı kitabxanalarda, həm də fasiləsiz fəaliyyət göstərən mədəniyyət işçilərinin ixtisasartırma kurslarında kitabxana işçiləri qarşısında mühazirələr oxumağa da vaxt tapır.

Professor A.A.Xələfov kitabxanaçılıq fakültəsində mühüm kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq fənləri silsiləsi üzrə, demək olar ki, bütün dərsliklərin, tədris və metodik vəsaitlərin və proqramların müəllifi, həmmüəllifi, redaktoru, yaxud tərcüməçisi olmuşdur.

1999-2000-ci tədris ilində professor A.Xələfovun rəhbər-liyi ilə yeni tarixi şəraitdə Azərbaycanda ali kitabxanaçılıq təh-silinin müasir konsepsiyası əsasında kitabxanaşünaslıq fənləri silsiləsi proqramlarının yeniləşdirilməsi üzrə xeyli işlər görülmüşdür.

1999-cu ildə professor A.Xələfov kitabxanaçılıq fakültəsi nəzdində “Kitabxana proseslərinin kompüterləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü irəli sürmüş və bu yeni laboratoriyaya rəhbərliyi öz üzərinə götürmüşdür. Məhz onun başçılığı ilə Azərbaycan ali məktəb kitabxanaları texnologiyasının kompüterləşdirilməsi, informasiya ehtiyatlarının inteqrasiyası və əlverişliliyi problemlərinin həlli üzrə laboratoriyanın əsas nəzəri və tətbiqi fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. İlkin mərhələdə bu işin təcrübi nəticəsi Bakı Dövlət Universiteti elmi kitabxanasındakı Azərbaycan nəşrlərinin kataloq kartoçkalarının maşınla oxunan şəkildə retrospektiv konversiyasının yaradılması olmuşdur. Hazırda burada kitabdakı xarici nəşrlərin elektron kataloqunun optimal texnologiyasının seçilməsi, respublika ali məktəb kitabxanalarının ümumi elektron kataloqunun yaradılması istiqamətində iş aparılır. Proses tamamlanarkən UNIMARC biblioqrafik qeydlərin beynəlxalq formatı Azərbaycan dilinə tərcümə edilir.

Gələcəkdə Azərbaycan ali məktəb kitabxanalarının qlobal şəbəkələrdə vahid idarəetmə çıxışına malik korporativ kompüter şəbəkəsinin yaradılması və respublikamızın əksər ali məktəb kitabxanalarının istifadəçi kimi bu şəbəkəyə qoşulması da nəzərdə tutulmuşdur.

<<  Geri

Azərbaycan Milli Kitabxanasэ

Elektron Məlumat Bazası Milli Kitabxana tərəfindən hazırlanmışdır