Professor
A.A.Xələfov özünün çoxcəhətli elmi və pedaqoji fəaliyyətini fəal
ictimai işlərlə sıx şəkildə bağlayır.
O, 1960-1984-cü
illərdə Azərbaycan Mədəniyyət Nazirliyi yanında İdarələrarası
Kitabxana Şurasına başçılıq etmiş, 1976-1989-cu illərdə isə
Respublika Mədəniyyət Nazirliyi yanında
Dövlət İdarələrarası Kitabxana Komissiyasının üzvü seçilmişdir.
Professor
A.Xələfovun ictimai fəaliyyətinin ən mühüm istiqamətlərindən biri
Kitabxana Şurasının keçirdiyi çoxsaylı konfrans, müşavirə, seminar,
dəyirmi masa və disputlarda fəal iştirak etməsi, həmçinin, kitabxana
işinin və kitabxanaçılıq təhsilinin aktual problemləri ilə bağlı
radio və televiziyada müntəzəm çıxışlar etməsi ilə bağlıdır.
1960-1980-ci illərdə
A.Xələfovun rəhbərlik etdiyi iki şura - Kitabxana Şurası və
Respublika Təhsil Nazirliyi nəzdində kitabxanaçılıq-biblioqrafiya
təhsili üzrə elmi-metodik şura çərçivəsində respublikamızda
bütövlükdə əhaliyə kitabxana xidməti sisteminin və kitabxanaçı
kadrlar hazırlığının daha da yaxşılaşdırılması istiqamətində çox
vacib tədbirlər həyata keçirilmişdir. O, bu ictimai işləri yerinə
yetirərkən Azərbaycanın mədəni həyatındakı mühüm proseslərə səmərəli
təsir göstərən sistem yaratmağa nail olmuşdur. Məhz bunun
nəticəsində Azərbaycanda əhaliyə kitabxana xidmətinin
optimallaşdırılmasına, elmi işçilərin və mütəxəssislərin informasiya
təminatına, akademiya kitabxanalarının mərkəzləşdirilməsinə, ali
kitabxanaçılıq təhsili sisteminin təkmilləşdirilməsinə yönəlmiş bir
sıra ümumittifaq və respublika əhəmiyyətli elmi konfranslar,
müşavirələr, seminarlar keçirilmişdir.
A.Xələfov 1970-80-ci
illərdə Bakı şəhəri Yasamal rayon Xalq Deputatları İcraiyyə
Sovetinin deputatı kimi mədəniyyət komissiyasına rəhbərlik edərkən
şəhərdə mədəni-maarif işinin canlandırılması istiqamətində
əhəmiyyətli işlər görmüşdür. Bu işlər, hər şeydən əvvəl, klubların
və kitabxanaların maddi-texniki bazalarının möhkəmləndirilməsində,
onların ixtisaslı kadrlarla təmin edilməsində və fəaliyyət
məzmununun yaxşılaşdırılmasında özünü büruzə verirdi.
Professor A.Xələfov
55 ildən artıqdır ki, kitabxana işi problemlərinə dair beynəlxalq
miqyasda keçirilən bir sıra simpoziumlarda, konqreslərdə və
müşavirələrdə Azərbaycanı ləyaqətlə təmsil edir. O, Moskva,
Sankt-Peterburq, Kiyev, Tbilisi, Daşkənd, İstanbul, Tehran, Təbriz
şəhərlərinin mötəbər kürsülərindən Azərbaycanın müasir elmi, mədəni
və kitabxanaçılıq həyatının aktual istiqamətləri, onun dünya
informasiya məkanına daxil olması imkanları və səmərəli yolları ilə
bağlı özünün ideya və baxışlarını səsləndirmişdir.
1999-cu ildə
professor A.Xələfovun təşəbbüsü ilə Azərbaycanda Respublika
kitabxanaçılarının ilk peşəkar ittifaqı - Azərbaycan Kitabxanaçılar
Cəmiyyəti yaradılır. Respublikanın kitabxana ictimaiyyəti yeni təsis
edilmiş Cəmiyyətin prezidenti vəzifəsinə məhz A.Xələfovu seçir.
Azərbaycan
Kitabxanaçılar Cəmiyyətinin başçısı və görkəmli mütəxəssis kimi
professor A.Xələfovun xarici ölkələrdəki kitabxanaçılıq
təşkilatlarının nümayəndələri ilə görüşlər keçirməsi, kitabxana
işinin inkişafının aktual problemlərinə dair respublikamızda təşkil
olunan beynəlxalq forumlarda iştirak etməsi beynəlxalq kitabxana
ictimaiyyətində müstəqil Azərbaycanın kitabxana siyasəti sahəsində
yeni imicini formalaşdırmağa, həmçinin, onlara Azərbaycanın
kitabçılıq və kitabxana işinin tarixi ənənələri haqqında daha geniş
informasiya verməyə, bu istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməyə
kömək göstərmişdir. Əlbəttə, bütün bu əlaqələr eyni zamanda
Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında, erməni işğalının
ölkəmizin mədəni həyatına, kitabxana işinə vurduğu dəhşətli ziyan
haqqında əsl həqiqətləri xarici ölkə nümayəndələrinə çatdırmağa
imkan vermişdir.
1970-ci illərdən
professor A.Xələfov respublikamızda çıxan “Mədəni-maarif işi”,
“Kitablar aləmində” kimi dövri mətbuat orqanlarının redaksiya
heyətlərinin üzvü olmuş, respublikamızda kitabxana işinin vəziyyəti
və inkişafı ilə bağlı mühüm problemlərə dair elmi və elmi-kütləvi
məqalələrin həmin jurnallarda işıq üzü görməsinə yardım
göstərmişdir.
Professor A.Xələfov
eyni zamanda Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi
olmuşdur.
1975-ci ildən başlayaraq, A.Xələfov Respublika Kitabsevərlər
Cəmiyyəti Rəyasət Heyətinin üzvü və “Kitab” xalq universitetinin
rektoru kimi Azərbaycanda kitabçılıq və kitabxana işinin tarixi,
nəzəriyyəsi və təcrübəsinə dair elmi biliklərin təbliğində mühüm
xidmət göstərmişdir.
Professor A.Xələfov
1967-ci ildən Bakı Dövlət Universiteti Böyük Elmi Şurasının və tarix
fakültəsi yanında namizədlik və doktorluq dissertasiyalarının
müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvüdür.
Hazırda o, BDU-nun
redaksiya-nəşriyyat şurasının rəhbəri kimi bu ali təhsil ocağının
elmi və tədris prosesinin kitabşünaslıq və informasiya təminatı
sahəsində işlərinin qaydaya salınması üçün çox böyük təşkilatçılıq
işi aparır.
Azərbaycanda dövlət
müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi şəraitində
kitabxana işinin inkişafının hüquqi bazasının yaradılması sahəsində
professor Abuzər Xələfovun ictimai fəaliyyətini və xidmətini xüsusi
vurğulamaq lazım gəlir. Bu baxımdan Azərbaycanın kitabxana işi
tarixində ilk dəfə olaraq meydana çıxmış “Kitabxana işi haqqında”
Azərbaycan Respublikasının Qanunu daha mühüm əhəmiyyətə malikdir.
A.A.Xələfov
“Kitabxana işi haqqında” Qanunu hazırlayan işçi qrupunun rəhbəri
kimi müasir şəraitdə Azərbaycan xalqının milli və mənəvi həyatında
baş verən mütərəqqi dəyişikliklərin nəzərə alınması şərti ilə
respublikada kitabxana işinin kökündən yeniləşdirilməsinin hüquqi
əsaslarının işlənilməsi üçün çox böyük elmi təşkilatçılıq işi həyata
keçirmişdir.
“Kitabxana işi
haqqında” Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində
dövlət siyasətinin hüquqi normalarını, kitabxana işinin müntəzəm
inkişafının elmi, maddi-texniki, kadr və təşkilati təminatını özündə
cəmləşdirir. Qanunda Azərbaycanın vahid kitabxana sisteminin
təşkilati quruluşu, kitabxanaların kitabla təchizatı onların
fondlarının yeniləşməsi və mühafizəsi sistemləri, oxuculara xidmətin
təşkilinin və kitabxana işinin idarə olunmasının demokratik
prinsipləri, kitabxanaların və kitabxana işçilərinin statusu,
onların əməyinin qiymətləndirilməsi, ictimai kitabxana birliklərinin
hüquq və vəzifələri, kitabxanaların beynəlxalq əməkdaşlığı haqqında
əsasnamələr özünün hüquqi təsdiqini tapmışdır.
“Kitabxana işi
haqqında” Qanun hazırlanarkən professor Abuzər Xələfov xarici
ölkələrdə kitabxana işi sahəsində mövcud olan qanunvericilik
təcrübəsinin dərindən öyrənilməsinə və ümumiləşdirilməsinə,
Azərbaycanda kitabxana işinin strateji inkişafının əsas
istiqamətlərini təmin edən prinsipcə yeni hüquqi normaların
hazırlanmasına, onların həyata keçirilməsi mexanizminin
işlənilməsinə xüsusi diqqət yetirmiş, nəticə baxımından çox yüksək
səviyyəli dövlət sənədinin meydana çıxmasında mühüm xidmət
göstərmişdir.
Professor Abuzər
Xələfovun çoxcəhətli elmi, pedaqoji və ictimai fəaliyyəti təkcə
Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən uzaqlarda da ona elm,
mədəniyyət və əlbəttə ki, kitabxana ictimaiyyətinin böyük nüfuzunu
və hörmətini qazandırmışdır.
Azərbaycanda
kitabxanaçılıq elminin və kitabxana işinin inkişafında səmərəli
xidmətlərinə görə Abuzər Xələfov 2000-ci ildə BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, az sonra isə həqiqi
üzvü – akademiki seçilmişdir. Qeyd etmək lazımdır ki, dünyanın bir
sıra dövlətlərinin başçıları və səlahiyyətli şəxsləri, bir çox Nobel
mükafatı laureatları, görkəmli alimlər, elm və mədəniyyət xadimləri
beynəlxalq miqyaslı həmin qurumun üzvüdür.
Professor Abuzər
Xələfovun Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü
seçilməsi, sözsüz ki, dünya kitabxana-informasiya məkanında
Azərbaycanın inteqrasiyası prosesinin dərinləşməsinə mühüm təsir
göstərəcəkdir.
Təsadüfi deyildir ki,
Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin məqalələrində
və çıxışlarında milli elmimizin və mədəniyyətimizin inkişafında, kadr hazırlığında
A.Xələfovun xidməti yüksək qiymətləndirilir.
Azərbaycan
Ağsaqqallar Şurasının sədri, Respublika Milli Elmlər Akademiyası
Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov professor
Abuzər Xələfovu ölkəmizdə kitabxana-biblioqrafiya işinin cəfakeşi
adlandırır.
Akademik Fuad
Qasımzadənin fikrincə, A.Xələfov bir şəxsiyyət kimi özündə alimə,
pedaqoqa, tərbiyəçiyə, gözəl insana, sədaqətli və qayğıkeş dosta
məxsus ən gözəl keyfiyyətləri birləşdirir. O, həqiqi vətəndaş, öz
xalqının vətənpərvəridir.
Azərbaycan Milli
Məclisinin üzvü, millət vəkili, tanınmış dilçi-alim, BDU-nun
dilçilik kafedrasının müdiri, professor Nizami Cəfərov qeyd edir ki,
professor Abuzər Xələfov universitetdə və respublikada təkcə
kitabxanaşünas-alim kimi deyil, həm də yüksək səviyyəli şəxsiyyət və
ictimai elmləri dərindən bilən ictimai xadim kimi tanınır. O,
universitetin və bütövlükdə respublikamızın elmi, mədəni və ictimai
həyatında böyük rol oynayır.
Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Vasif Babazadə
professor Abuzər Xələfovun universitet daxilində gördüyü səmərəli
işləri yüksək qiymətləndirərək qeyd edir ki, Abuzər müəllimdən ötrü
Bakı Universiteti doğma evdən irəlidir. O, universitetin bütün
uğurlarına və nailiyyətlərinə ürəkdən sevinir. Abuzər Xələfov
universitetin əsas sütunlarından biridir.
Tanınmış dövlət
xadimi Hidayət Orucov professor Abuzər Xələfovun həyatını
Azərbaycanın məşhur şəxsiyyətlərindən olan Mirzə Cəlil
Məmmədquluzadənin və Mirzə Ələkbər Sabirin maarifçilik fəaliyyətləri
ilə müqayisə edir. Onun fikrincə, A.Xələfovla hər görüş insanı mənən
saflaşdırır, onu işığa, nura qərq edir. O qeyd edir ki, özünün
ağsaqqallarını, müəllimlərini həmişə minnətdarlıqla yada salması
A.Xələfovun ən gözəl insani keyfiyyətlərindəndir.
Professor
A.Xələfovun elmi, pedaqoji və sırf insani keyfiyyətləri haqqında
görkəmli elm və mədəniyyət xadimlərinin bu cür fikirlərinin sayını
istənilən sayda artırmaq mümkündür.
30 professor, elmlər
doktoru, dosent, elmlər namizədi və baş müəllimin çalışdığı, onlarla
aspirant və dissertantın təhsil aldığı Kitabxanaçılıq fakültəsində
A.Xələfov ali kitabxanaşünaslıq təhsilinin təşkilatçılarından biri
kimi çox yüksək nüfuz və dərin hörmət qazanmışdır.
Professor Abuzər
Xələfovun başçılıq etdiyi kitabxanaşünaslıq kafedrası son qırx ildə
Azərbaycanda kitabxanaşünaslığın elmi mərkəzinə çevrilmişdir.
Kafedranın nüfuzlu elmi-pedaqoji kollektivi həm əməkdaşlarının
sayına, həm də təhsil dərəcəsinə görə SSRİ dövründə ali məktəblərdə
formalaşmış məşhur kitabxanaşünaslıq məktəblərini gözə çarpacaq
səviyyədə ötüb keçirdi və bu gün də onları qabaqlamaqda davam edir.
A.Xələfov özünün
tələbələri və yetirmələri olan kitabxana işçiləri arasında böyük
sevgi və hörmətə malikdir. Öz müəllimlərinə sonsuz ehtiram bəsləyən
həmin insanlar bu gün Azərbaycanın, demək olar ki, bütün
kitabxanalarında səmərəli fəaliyyət göstərir, respublikamızın böyük
kitabxanalarına və müxtəlif bölgələrdəki kitabxana sistemlərinə
uğurla rəhbərlik edirlər. Onlardan bir çoxu isə dövlət qurumlarında,
ictimai təşkilatlarda, kütləvi informasiya vasitələrində bacarıqla
işləyirlər.
Respublikamızın
kitabxana ictimaiyyəti Abuzər Xələfovu haqlı olaraq Azərbaycanda
kitabxanaçılıq elminin banisi, kitabxanaşünaslığın klassiki
sayırlar. Bu, doğrudan da, belədir. Azərbaycanın çoxəsrlik kitabxana
işi tarixində artıq ayrıca “Abuzər Xələfov mərhələsi” vardır. Bu isə
XX əsrin ikinci yarısına düşür. Sevindirici haldır ki, həmin mərhələ
XXI əsrdə də davam etməkdədir.
Abuzər Xələfovun
Azərbaycanda cəmiyyət, elm və
mədəniyyət qarşısındakı xidmətləri özünün yüksək qiymətini almışdır.
1946-cı ildə - cəmi
15 yaşı olarkən Abuzər Xələfov SSRİ Ali Soveti Rəyasət Heyətinin
fərmanı ilə «1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli
əməyinə görə» medalına layiq görülmüşdür.
Sonrakı illərdə o, dövlət və ictimai təşkilatlar tərəfindən bir çox
medallarla, fəxri fərmanlarla, döş nişanları ilə təltif edilmişdir.
Onların arasında SSRİ Mədəniyyət Nazirliyinin N.K.Krupskaya adına
medalı, “SSRİ ali məktəb əlaçısı” nişanı, “Bilik” Cəmiyyəti
Həmkarlar İttifaqı təşkilatının fəxri fərmanları və digərləri xüsusi
yer tutur.
A.Xələfov 1969-cu
ildə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri
adına layiq görülmüşdür.
2000-ci ildə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə
Abuzər Alı oğlu Xələfov elm və təhsilin inkişafındakı böyük
xidmətlərinə görə ölkəmizin yüksək mükafatı – “Şöhrət” ordeni ilə
təltif olunmuşdur. 2001-ci ildə
professor A.A.Xələfova “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.