2001-2011-ci illər Birləşmiş
Millətlər Təşkilatı yanında
Beynəlxalq
İnformasiyalaşdırma
Akademiyasının akademiki,
Azərbaycan Respublikasının
Əməkdar elm xadimi,
«Şöhrət» ordenli, tarix
elmləri doktoru, professor,
BDU-nun
kitabxanaşünaslıq
kafedrasının müdiri Abuzər
Alı oğlu Xələfovun elmi
fəaliyyətinin zirvəsi
sayıla bilər.
Bu illər ərzində onun yaratdığı
əsərlər, apardığı tədqiqatlar öz məzmunu, elmi əhəmiyyəti baxımdan əvvəllər
yazdığı çoxsaylı əsərlərinin məntiqi davamı olmaqla yanaşı, müəllifin elmi
təfəkkürünün, zəhmətsevərliyinin və öz peşəsinə vurğunluğunun daha yüksək
zirvələrə çatdığından xəbər verir.
Professor Abuzər Xələfovun
2001-2011-ci illərdəki elmi fəaliyyəti çox geniş və əhəmiyyətlidir. Professorun
XXI əsrin ilk illərindəki zəngin yaradıcılıq yolu, elmi ictimaiyyətin dərin
rəğbətini qazanan, görkəmli ziyalı alim, müəllim, fədakar elm, mədəniyyət və
təhsil xadiminin keçdiyi şərəfli bir yoldur.
Amerika
Bioqrafiya İnstitutunun direktoru Y.M.Evansın imzası ilə BDU-nun professoru
Abuzər Xələfovun ünvanına xoş məramlı məktub gəlmişdir.
Məktubda deyilir: «Azərbaycan
kitabxanaçılıq elminin banisi, milli kitabxanaların tarixinin görkəmli
tədqiqatçısı, Bakı Dövlət Universiteti kitabxanaşünaslıq kafedrasının müdiri, kitabxanaçılıq-informasiya fakültəsinin yaradıcısı, BMT yanında
Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Əməkdar elm xadimi,
tarix elmləri doktoru, professor Abuzər Xələfov Amerika Bioqrafiya İnstitutu
tərəfindən “İlin adamı – 2004” seçilmişdir”. Y.M.Evansın təbrik məktubunda
bildirilir ki, bu titul görkəmli şəxslərin cəmiyyətin quruculuq və
inkişafındakı xidmətlərinə görə təltif edildikləri nadir nomi-nasiyadır.
XXI əsrin ilk illərində Abuzər
Xələfovun elmi-tədqiqat fəaliyyətində kitabxanaşünaslıq nəzəriyyəsinin tarixi
və müasir problemlərinin işlənməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu baxımdan onun 2001-2004-ci
illərdə nəşr etdirdiyi 2 cildlik “Kitabxanaşünaslığa giriş” monoqrafiyası
Azərbaycanda kitabxanaşünaslıq fikrinin inkişafında yeni mərhələ sayıla bilər.
Azərbaycanın müstəqilliyi
şəraitində kitabxanaşünaslıq nəzəriyyəsində ümumbəşəri və milli dəyərlərə,
eləcə də dünya kitabxanaşünaslıq nəzəriyyəsinin müasir mütərəqqi ideyalarına
əsaslanan bu əsər respublikamızda kitabxanaçılıq-informasiya ixtisası üzrə ilk dərslikdir. Burada kitabxanaşünaslığın nəzəri problemləri və metodoloji
əsasları, kitabxanaçılıq fəaliyyəti verilmişdir. Dərsliyin birinci cildində
“Kitabxanaşünaslığa giriş” fənninin predmeti, bunun tərkib hissələri,
cəmiyyətdə kitabxanaçılıq fəaliyyətinin ictimai mahiyyəti, sosial
funksiyalarının ümumnəzəri problemləri sistemləşdirilmiş və
ümumiləşdirilmiş bir elmi fənn kimi əks etdirilmişdir.
Dərsliyin ən mühüm və önəmli
xüsusiyyətlərindən biri də odur ki, dünyada kitabxanaşünaslıq fənninin
inkişaf mərhələləri şərh edilmiş, Azərbaycanda orta əsrlərdən başlayaraq
müasir dövrə qədər kitabxanaşünaslığın təşəkkülü və inkişafının mühüm tarixi
mərhələləri işıqlandırılmışdır.
Həmin kitab əhatə etdiyi
problemlərə, mənbə və sənəd bazasına, materialların həcminə və təhlil
üsullarına görə sanballı bir nəşrdir. Dərsliyin ən mühüm üstünlüklərindən
biri də məzmunca çox mürəkkəb olan materialların dəqiq təşkili,
sistemləşdirilməsi və ifadəsidir.
Yeni, XXI əsrin əvvəllərində
Abuzər Xələfovun xalqımızın mədəniyyət tarixinə verdiyi qiymətli
töhfələrindən biri də onun 2004-cü ildə çap etdirdiyi “Azərbaycanda kitabxana
işinin tarixi” adlı dərslik olmuşdur. Həmin il bu dərsliyin ölkəmizdə kitabxana işi tarixinin ən qədim dövrlərdən XX əsrə qədərki dövrünü əhatə edən
I hissəsi çap edilmişdir.
Bu əsaslı tədqiqatın ana xətti
ondan ibarətdir ki, Azərbaycan xalqı hələ tarixin erkən çağlarından
başlayaraq təhsilə, elmə, kitab və kitabxanalara çox böyük qiymət vermiş, milli
sərvətimiz olan yazı abidələrinin toplanıb saxlanılmasında, əsrdən-əsrə,
nəsildən-nəslə çatdırılmasında kitabxanalarımız əvəzsiz rol oynamışlar.
Müəllifin yazdığı kimi «Vətən tarixini öyrənmək, öz soykökünə qayıtmaq, qan
yaddaşını bərpa etmək hər bir insanın şərəfli vəzifəsidir, vətəndaşlıq borcudur.
Tarix insanlara keçmişin ibrət dərsini anlamaqda, Vətən qarşısındakı borcunu
başa düşməkdə, Vətənə məhəbbəti, torpaq sevgisi borcunu başa düşməkdə, torpaq
sevgisi yaratmaqda, əsrlərdən bəri yaranıb formalaşan milli mənəvi sərvətlərə
yiyələnməkdə güclü amildir”.
Professor A.A.Xələfovun
xalqımızın kitab və kitabxana tarixinə həsr etdiyi bu əsəri məhz həmin
niyyətlərə xidmət edən qiymətli tədqiqatdır.
2006-cı ildə professor
A.Xələfovun Azərbaycan elmi və mədəniyyətinə verdiyi qiymətli töhfələrdən biri
də onun “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı monoqrafiyasıdır.
Professor A.A.Xələfov kitaba
daxil etdiyi əlavələrdə kitabxana işi ilə bağlı olan bir sıra mühüm sənədləri
də oxucuların diqqətinə çatdırmağı lazım bilmişdir. Burada müasir dövrdə
müxtəlif tipli və növlü kitabxanalarda Heydər Əliyev irsinin səmərəli təbliği
məqsədilə ümummilli liderin həyat və fəaliyyətinin qısa tarixçəsi,
təltifləri, əsərlərindən seçmələr, dünyanın görkəmli siyasətçilərinin, elm və
mədəniyyət xadimlərinin onun haqqında fikirləri verilmişdir.
2006-cı ildə professor A.Xələfov
elm və təhsil sahəsindəki əvəzsiz xidmətlərinə görə Heydər Əliyev Fondunun
təsis etdiyi “Mədəniyyətin dostları” təqaüdünə layiq görülmüşdür. Həmin ildə
Azərbayan Respublikası Təhsil Nazirliyinin əmri ilə A.Xələfov “Qabaqcıl təhsil
işçisi” döş nişanı ilə təltif edilmişdir.
A.Xələfovun XXI əsrin ilk
illərində yazdığı elmi məqalələrdə ölkəmizin müstəqilliyi şəraitində
cəmiyyətdə kitabxana işinin sosial-siyasi, iqtisadi və tərbiyəvi əhəmiyyəti,
informasiya cəmiyyətinin formalaşmasında kitabxanaların rolu və vəzifələri
hərtərəfli işıqlandırılmışdır. Bu məqalələr müasir dövrdə kitabxana işinin
modernləşdirilməsi, informasiyalaşdırılması, ayrı-ayrı kitabxana proseslərinin
yeniləşməsi vəzifələri haqqında geniş təsəvvür yaradır.
Abuzər Xələfovun elmi məqalələri
mücərrəd səviyyə daşımayıb, əksər hallarda konkret obyekt, şəxs və ya problem
əsasında qurulmuş təhlil xarakteri daşıyır, ayrı-ayrı kitabxanaların
fəaliyyətinə qiymət verir, onların gələcək inkişaf perspektivlərinə dair
qiymətli tövsiyələr verir.
Bu məsələlərlə yanaşı, Abuzər
Xələfovun ümummilli lider Heydər Əliyevə həsr edilmiş məqalələrində bu böyük
şəxsiyyətin ölkədə kitabxana işinin inkişafındakı rolu, müasir dövrdə ölkə
kitabxanalarında Heydər Əliyevin əsərlərinin təbliğinə xüsusi diqqət yetirilir.
Professor Abuzər Xələfovun
“Azərbaycanda kitabxana işinin tarixi” adlı dərsliyinin II hissəsi 2007-ci
ildə çapdan çıxmışdır.
“Azərbaycanda kitabxana işinin
tarixi” dərsliyinin II hissəsi XX əsrin birinci yarısında respublikamızda
kitabxanaların yaranması, inkişafı və formalaşması məsələlərinin tədqiqinə və
təhlilinə həsr olunmuşdur. Müəllif müxtəlif tipli və növlü kitabxanaların
inkişaf xüsusiyyətlərini ölkənin ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi
həyatı ilə vəhdətdə şərh etmiş, kitab nəşri, mətbuat və mədəniyyətin digər
sahələri ilə sıx əlaqələndirmişdir.
Professor A.Xələfovun daha bir
əsəri – “Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla
davam edir” 2009-cu ildə çapdan çıxmışdır. Kitabda ümummilli lider Heydər
Əliyevin Azərbaycan Respublikasına 34 illik rəhbərliyi dövründə Azərbaycan
mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsində
misilsiz xidmətləri, həyata keçirdiyi kitabxana siyasəti ümumiləşdirilmiş və bu
siyasətin ulu öndərin layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi işıqlandırılmışdır.
Görkəmli alimin “Bakı Dövlət
Universitetinin Elmi Kitabxanası 90 il elm və təhsilin xidmətində” adlı
monoqrafiyası Bakı Dövlət Universitetinin yaradılmasının 90 illik yubileyinə
həsr olunmuş çox qiymətli əsərdir. İlk dəfə nəşr olunan bu monoqrafiyada ayrıca
bir kitabxananın – Bakı Dövlət Universiteti Elmi Kitabxanasının 90 illik
tarixi əhatəli tədqiq edilmişdir.
Professor A.Xələfovun elmi
rəhbərliyi ilə 2009-cu ildə K.M.Tahirov “M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının yaranması və inkişafı: 1923-1969-cu illər” mövzusunda,
2010-cu ildə P.F.Kazımi “Səfəvilər dövründə
Azərbaycanda kitabxana işi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
2009-cu ildə professor Abuzər
Xələfovun böyük xid-mətlərini nəzərə alan Azərbaycan KİVİHİ öz qərarı ilə onu
“Qızıl qələm” diplomuna layiq görmüşdür. Elə həmin ildə Əməkdar elm xadimi, Bakı
Dövlət Universitetinin professoru Abuzər Xələfov “İlin nüfuzlu ziyalısı” Fəxri
diplomuna layiq görülüb.
Abuzər Xələfovun “Azərbaycanda
kitabxana işinin tarixi” adlı dərsliyinin III hissəsi “Bakı Universiteti”
nəşriyyatında 2010-cu ildə çap olunmuşdur.
“Azərbaycanda kitabxana işinin
tarixi” dərsliyinin III hissəsi XX əsrin ikinci yarısında və XXI əsrin
əvvəllərində respublikamızda müxtəlif kitabxana şəbəkələrinin inkişafı və
formalaşması məsələlərinin araşdırılmasına və ümumiləşdirilməsinə həsr edilmişdir. Müəllif kitabxana işinin tarixini Azərbaycan mədəniyyətinin tərkib
hissəsi kimi tədqiq etmiş, ölkəmizin mədəni inkişafında kitabxanaların rolunu
və vəzifələrini elmi şəkildə sistemləşdirmişdir.
Dərslikdə XX əsrin 70-80-ci
illərində respublikamızda kitabxana işinin inkişafında Heydər Əliyev
mərhələsinin hərtərəfli tədqiqinə və öyrənilməsinə xüsusi diqqət
yetirilmişdir.
Əvvəlki dövrlərdə olduğu kimi,
son illər ərzində də kitabxanaşünaslıq və informasiya sahəsində
respublikamızda əldə edilmiş nailiyyətlər bu alimin adı ilə möhkəm bağlıdır.
Bu dövr ərzində də Abuzər Xələfov kitabxanaçı və kitabxanaşünas alimlərin
müəllimi olmuşdur. Bu müəllimlik təkcə onun elmi-nəzəri və pedaqoji ustalığı ilə
məhdudlaşmır. Abuzər Xələfov həm də yüksək mənəvi, əxlaqi keyfiyyətlərə malik
insandır. Təsirə qapılmamaq, öz vicdanının səsinə qulaq asmaq Abuzər
Xələfovun bir ziyalı və alim kimi əxlaqi keyfiyyətlərini xarakterizə edir.
2010-cu ildə “Kitabxanaşünaslıq
və informasiya” adlı elmi-nəzəri və praktiki jurnal nəşr olunur. Təsisçisi və
baş redaktoru Abuzər Xələfov olan bu jurnal kitabxanaşünaslığın, kitabxana
işinin tarixi, nəzəriyyəsi və təcrübi problemlərinə dair elmi məqalələri dərc
edən nüfuzlu elmi jurnallardan hesab edilir.
Ömrünün 65 ilini kitabxana işi
tarixinin araşdırılmasına, kitabxanaçılıq elminin formalaşdırılmasına,
inkişafına və təcrübədə tətbiq edilməsinə, yüksək ixtisaslı kadrların
yetişdirilməsinə həsr etmiş alimi yaxın və uzaq xarici dövlətlərdə də yaxşı
tanıyırlar. O, kitabxana işinin tarixinə və kitabxanaşünaslığın aktual
məsələlərinə dair çoxsaylı dərs vəsaitləri, monoqrafiyalar və elmi məqalələrin
müəllifidir.
2010-cu ildə Amerika Bioqrafiya
İnstitutu Abuzər Xələfovu «İlin adamı» elan etmiş və onu «Qızıl medal»la
mükafatlandırmışdır. «Şöhrət» ordenli professor Abuzər Xələfovun belə nüfuzlu
titula layiq görülməsi Azərbaycanda kitabxanaçılıq elminin dünyada tanınmasına
dəlalət edir.
2011-ci ilin may ayında AMEA
Mərkəzi Elmi Kitabxanasında «Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və
kitabşünaslıq üzrə elmi tədqiqat işlərinin ümumrespublika müsabiqəsi»nin
yekunları ilə bağlı tədbir keçirilib. Kitabxanaşünaslıq üzrə ən yaxşı
elmi-tədqiqat işinə görə Bakı Dövlət Universitetinin professoru Abuzər Xələfov
diplomla təltif olunmuşdur.
Görkəmli kitabxanaşünas alim,
professor A.A.Xələfovun 80 illik yubileyinin geniş şəkildə qeyd olunması
haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyi 21 aprel 2011-ci il tarixli
623 saylı əmr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 29 aprel
2011-ci il tarixli 211 saylı əmr və Bakı Dövlət Universitetinin rektorluğu 18
may 2011-ci il tarixli R-41 saylı əmr vermişdir. Həmin əmrlərdə geniş
tədbirlər planı öz əksini tapmışdır.
2011-ci ildə “Kitabxana
və cəmiyyət” kitabı çapdan çıxmışdır. 2011-ci ildə “Məqalələr toplusu
(1990-2011-ci illər)” kitabı Bakı Universiteti Nəşriyyatında 464 səhifədən
ibarət çap olunmuşdur.
2012-ci il 02 noyabrda BDU
ilk veteran təşkilatının sədri Xələfov Abuzər Alı oğlunu Gənclərin hərbi
vətənpərvərlik tərbiyəsində və rayonun ictimai həyatında fəal iştirakına görə
Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı qüvvələr və Hüquq mühafizə
orqanları veteranları şurasının Yasamal rayon təşkilatı Fəxri fərman”la
təltif etmişdir. 2013-cü ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 90
il elm və mədəniyyətin xidmətində” adlı kitabı çap olunmuşdur.
2013-cü ildə Azərbaycanda elmin və təhsilin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 82-ci
ildönümü münasibətilə professor Abuzər Xələfovu“Aşıq Şəmşir” Mədəniyyət ocağı
İctimai Birliyi “Diplom”la təltif etmişdir.
2013-cü il dekabrın 25-də
Universitetin və fakültənin ictimai həyatındakı fəal mövqeyinə, gənc nəslin
yetişdirilməsindəki xidmətlərinə görə və anadan olmasının 82 illik yubileyi
münasibətilə, Ağsaqqallar Şurasının sədri, BDU HİK İdarə heyətinin üzvü prof.
Abuzər Xələfov BDU HİK tərəfindən “Fəxri fərman”la təltif etmişdir.
2014-cü ildə “Söz, kitab,
mütaliə, kitabxana və kitabxanaçı haqqında müdrik fikirlər” adlı kitabı çapdan
çıxmışdır.
2014-cü ildə
“Kitabxanaşünaslığın tarixi və metodologiyası” 552 səhifəlik dərsliyi çap
olunmuşdur.
Bakı Dövlət Universiteti Elmi Şurasının 9 mart 2016-cı il tarixli
iclasının qərarı ilə ilk dəfə Kitabxanaçılıq-informasiya fakültəsinin
yaradıcısı, Kitabxanaşünaslıq kafedrasının müdiri, əməkdar elm xadimi, professor
Abuzər Alı oğlu Xələfova “Bakı Dövlət Universitetinin fəxri professoru” adı
verilmişdir.
Özünə və ətrafındakılara qarşı
tələbkarlıq, prinsipiallıq, işgüzarlıq, ciddilik, düzgünlük, qayğıkeşlik,
səmimilik, yüksək vətəndaşlıq məsuliyyəti hissləri, milli dirçəliş və milli
dövlətçilik ideyalarına sədaqət Abuzər Xələfovu alim, vətəndaş və doğma Vətənin
sadiq vətənpərvəri kimi səciyyələndirən xarakterik cəhətlərdir. Bu gün professor
Abuzər Xələfov çox yüksək elmi səviyyədədir. Alim müstəqil Azərbaycanda elmin,
mədəniyyətin və təhsilin inkişafı naminə yeni ideyalar və yaradıcılıq planları
haqqında düşünür.