İrəvanda Azərbaycan dilində yeganə mətbuat
orqanı olan "Zəngi" qəzeti 1929-cu ilin yanvar
ayının 1-dən etibarən "Qızıl şəfəq" adı ilə nəşr
olundu.
Araşdırmalardan məlum olur ki, Əkbər Rizayevin
redaktorluğu ilə işıq üzü görən "Qızıl şəfəq" qəzeti
həftədə 3 dəfə 4 səhifədən ibarət çıxırdı. Qəzet 17
yanvar 1929-cu ildə 5-ci nömrəsindən etibarən latın
əlifbası ilə nəşr edilməyə başladı. Amma bununla
yanaşı, "Qızıl şəfəq" qəzeti də öz sələfi "Zəngi" kimi çoxlu məhrumiyyətlərlə üzləşməli olurdu.
Bunlara baxmayaraq, İrəvanda xalqımızın bütün
təbəqələrinin savadlanması, habelə bütün
sosial-siyasi proseslərdən xəbərdar olması,
nöqsanların vaxtında aradan qaldırılması işində ana
dilimizdə çıxan "Qızıl şəfəq" qəzeti xüsusi rol
oynamışdır.
Ümumiyyətlə, İrəvanda Azərbaycan ədəbi-mədəni,
ictimai-siyasi mühitinin formalaşmasında və
inkişafında da "Qızıl şəfəq" qəzetinin böyük rolu
vardır. 1927-ci ildə Ermənistan Proletar Yazıçılar
Cəmiyyətinin nəzdində yaradılmış azərbaycanlı
yazarlar bölməsi və onun ətrafına toplaşmış Nəriman
Fəxri, Telman Nəzərli, Əsgər Əsgərzadə, Abbas Tahir,
Yusif Rizayi, Əbülfət Rəhimov, Ələşrəf Bayramov,
Sona Bağırova, Əli Şahin, Abbas Azəri, Əli Əliyev,
İslam Süleyman, Bəhlul Məmmədov, Əbülfət İbrahim,
Cəlal Sərdar və başqa bu kimi gənc ədəbi simaların
yaradıcılığının inkişaf etdirilməsində, onların
ictimaiyyətə təqdim olunmasında "Qızıl şəfəq"
qəzetinin rolu danılmazdır. Araşdırmalar göstərir ki,
"Qızıl şəfəq" qəzeti redaksiyası İrəvan azərbaycanlı
yazarlar bölməsi ilə sıx təmasda işləmiş, gənc
yazarların ədəbi meydana çıxarılmasında, onların çap
olunmuş və olunacaq bütün şeir, hekayə, oçerk və
sair bədii nümunələrin səviyyəsinin yüksək olmasına
xüsusi səy göstərirdi.
Yeri gəlmişkən onu da qeyd edək ki, İrəvanda
Azərbaycan ədəbi mühitinin formalaşmasına və
inkişafına burada keçirilən ədəbi tədbirlərin böyük
təsiri olurdu. Ana dilində yeganə mərkəzi mətbu
orqan olan "Qızıl şəfəq" qəzeti Azərbaycan dilində
cərəyan edən ədəbi hadisələrə qarşı çox həssas idi.
Elə bir ədəbi hadisə olmazdı ki, o, qəzetin
səhifələrində işıqlandırılmasın.
1929-cu ilin yanvarında EK (b) F-nin VI qurultayında
iştirak etmək üçün Bakıdan nümayəndə heyəti
getmişdi. Onlar qurultay iclaslarından başqa
klublarda, məktəblərdə, qiraətxanalarda, həmçinin,
"Qızıl şəfəq" qəzetinin redaksiyasında olmuş, bədii,
publisist məsələlərlə də bağlı söhbətlərdə iştirak
etmişlər. Bundan 6 ay sonra 1929-cu ilin iyun ayında
Zaqafqaziya şair və yazıçıları İrəvan şəhərində
toplaşaraq partiyanın "yeni tələbləri səviyyəsinə"
cavab verən əsərlər yaratmaq üçün yazıçı və
şairlərin qarşısında duran vəzifələri
müəyyənləşdirdilər. Ədəbi toplantıda Azərbaycandan
C.Məmmədquluzadə, H.Cavid, Ə.Haqverdiyev, S.Sani
Axundov, C.Cabbarlı, S.Rüstəm, X.İbrahim, A.Şaiq,
Ə.Cavad, M.Müşfiq, M.Rahim, S.Hüseyn, C.Əfəndizadə,
İ.Əminbəyli, H.K.Sanılı iştirak etmişdi. "Qızıl
şəfəq" qəzeti Azərbaycan yazıçılarının İrəvanda
olduğu on günlük fəaliyyətini işıqlandırmış,
irəvanlı gənc şairə Asya Məsudi nümayəndə heyətinin
gəlişini şeiri ilə alqışlamışdı. Bakıdan gəlmiş
nümayəndə heyəti "Qızıl şəfəq" qəzetinin
redaksiyasında olmuş, qəzetin redaktoru Əkbər
Rizayevlə və redaksiya heyəti ilə keçirilən görüşdə
qəzetdə ədəbiyyat səhifəsinin buraxılması,
genişləndirilməsi və s. məsələlər haqqında müzakirə
aparmışdılar. Onu da qeyd edək ki, belə tədbirlər
sırf ideoloji xarakter daşıyıb, prinsip etibarı ilə
marksizm-leninizm fəlsəfəsinin ədəbiyyata təcəssümü
problemlərinə həsr olunsalar da, İrəvan azərbaycanlı
şair və ədiblərinin yaradıcılığına bir növ stimul
verirdi.
Vaxtı ilə "Zəngi" qəzetinin arzusu 5 min tirajla çap
olunmaq idisə, onun xələfi olan "Qızıl şəfəq" öz
nəşrinin 2 il yarımında artıq 10 min tiraj haqqında
elan vermişdir. "Bütün kolxoz, kolxozçu, zəhmətkeş,
kəndli, firqəçi, komsomol, qadın, pioner, hamı,
hamı, hamı "Qızıl şəfəq"in sayı 10 min olmalıdır".
Qəzetin tirajının artmasına İrəvan Türk Pedaqoji və
Kənd Təsərrüfatı Texnikumunun müəllim və tələbə
kollektivi xüsusi səy göstərirdilər. Qəzetin ən
aktiv müxbirləri və təbliğatçıları məhz bu təhsil
müəssisələrinin müəllim və tələbə heyəti idi. Həmin
müəllim və tələbələr İrəvanda və eləcə də yerlərdə
EK(b)P MK-nın Azərbaycan dilində yeganə mətbuat
orqanı olan "Qızıl şəfəq" qəzetinin yayılması və
abunə yazılışı işində çox fəal iştirak edirdilər.
Araşdırmalardan məlum olur ki, 1929-cu ilin avqust
ayında qəzetin redaktoru təyin edilmiş Mustafa
Hüseynov redaksiya heyətinin üzvləri Əkbər Rizayev,
Murtuza Muradov və başqaları "Qızıl şəfəq"in
tirajının artırılması üçün çox ciddi səy göstərirdi.
Onların fədakar fəaliyyəti sayəsində qəzetin
ideya-siyasi səviyyəsi günü-gündən yüksəlir,
kütlələrlə əlaqəsi möhkəmlənir, nüfuzu daha da
artırdı. Qəzet yalnız Ermənistanda deyil, başqa
şəhərlərdə də özünə oxucu kütləsi toplaya bilmişdi.
Xüsusilə Azərbaycanda, onun bir sıra şəhər və
kəndlərində oxucuları, müxbirləri olan "Qızıl
şəfəq"in artan nüfuzu bu mətbu orqanın yayılma
arealını daha da genişləndirmişdi. Bakıda Məhəmməd
Zəki, Naxçıvanda, Şərurda İbrahim Qazıbəyov Qulam
Səfərov, Ordubadda Səfa Əylisli, Gəncədə Məhərrəm
Əliyev qəzetin ən fəal müxbirləri olmaqla yanaşı, bu
mətbu orqanın abunə yazılışında da çox böyük səy
göstərirdilər.
1931-ci ilin 30 iyun tarixi "Qızıl şəfəq" üçün yadda
qalan günlərdən birinə çevrilir. Həmin gün qəzetin
500-cü nömrəsi çapdan çıxır. Bu münasibətlə İrəvan
şəhər mərkəzi kəndli evində qəzetin müxbirləri və
işində yaxından köməklik göstərənlərin iştirakı ilə
geniş tədbir keçirilir. Həmin tədbirdə Ermənistanda
keçirilən teatrlar olimpiadasında münsiflər
heyətində təmsil olunmaq üçün İrəvana dəvət almış,
Azərbaycanın görkəmli səhmə ustaları Hüseynqulu
Sarabski və Rza Təhmasib də iştirak etmişdir.
H.Sarabski konfrans iştirakçıları qarşısında çıxış
edərək yaradıcı kollektivə işlərində uğurlar
arzulamış və öz təbrikini çatdırmışdı.
Qəzet 1931-ci ildə dekabr ayında özünün 6-cı
ildönümü və 500-cü nömrəsi münasibəti ilə
işçi-kəndli müxbirlərinin respublika konfransını
keçirmişdi. Bu münasibətlə qəzetin xüsusi nömrəsi
buraxılmışdır. Qəzetin həmin nömrəsində Vedibasarda
çıxan "Bolşevik surəti" qəzetinin və Ağbaba maarif
şöbəsinin müdiri Əjdər Kazımovun bir sıra qurumların
təbrikləri verilmişdir. İrəvan proletar yazıçılar
cəmiyyətinin azərbaycanlı bölməsinin katibi Əbülfət
Rəhimov "Qızıl şəfəq" qəzetinin 6-cı ildönümünə",
Müzəffər Nəsirli "Doğuşlar" ("Qızıl şəfəq"ə ithaf),
Abbas Tahir "Qəsrlərə hücum" şeirləri, Telman
Nəzərli "Qızıl şəfəq" adlı oçerki, qəzetin müxbiri
İmanqulu Kərimov isə "Sosializm quruluşu cəbhəsində"
adlı məqaləsi ilə qəzeti təbrik edirdi. Qəzetdə dərc
olunan bu yazılarda və məqalələrdə qəzetin keçdiyi
çətin mübarizə yolu da əks olunmuşdur.
1929-cu ilin noyabr ayının 20-dən etibarən həftədə 2
dəfə 6 səhifədən ibarət çıxan "Qızıl şəfəq" qəzeti,
1930-cu ilin 24 yanvarından yenidən həftədə 3 dəfə 4
səhifədən ibarət çıxmışdır. Qəzetin həftədə 3 dəfə
çıxması nəticəsində bir sıra mühüm sahələr haqqında
məlumat ya gec dərc edilirdi, yaxud da
işıqlandırılmırdı. Qəzet özünün 22 dekabr 1931-ci il
sayında 1932-ci il yanvar ayının 1-dən gündəlik
çıxacağı barədə məlumat vermişdi. Qəzet özünün
gündəlik çıxacağı haqqında elan versə də, buna nail
ola bilməmişdir. Qəzet hələ 1930-cu illərdən
tirajının artaraq, 10000-ə yüksəlməsini təmin etməyi
qarşısına hədəf kimi qoysa da, 1934-cü ildə özünün
10 illik yubileyi və 1000-ci nömrəsinin çapdan
çıxmasını böyük təntənə ilə qeyd etdiyi bir vaxtda
hələ də abunəçilərinin sayı 7000-i ötməmişdi. Hətta
qəzet bu barədə yazır: "Ermənistan Soyuz Peçatın
məsul işçilərin bəziləri belə simasızlıq və işdə
məsuliyyətsizlikləri aradan qaldırmaq əvəzində
onların özləri belə bu məsələni genişləndirirlər.
Qəzetin vaxtında abunəçilərə çatmaması və tirajının
artmaması işinə özləri səbəb olur. Türk mətbuatının
yayılmasına fikir verilmir". Bütün çətinliklərə,
erməni şovinist dairələrinin gizli və rəzil
ayrı-seçkilik siyasətinə baxmayaraq, qəzetin
kollektivi böyük əzmkarlıqla və daha da inamla
fəaliyyət göstərdi.
1934-cü ildə qəzetin "1000-ci nömrəsinin çapdan
çıxması və 10 illiyi münasibəti ilə qəzetin
redaktoru M.Hüseynov qəzetin keçdiyi yol haqqında
geniş məqalə ilə çıxış edərək yazır: "Qızıl şəfəq"in
10 il ərzində gördüyü işlər inkar olunmaz
müvəffəqiyyətlərdir". Həmin dövrdə qəzetin redaktoru
M.Hüseynov məsul katibi isə şair, tərcüməçi Əbülfət
İbrahim idi.
Uğurlu fəaliyyəti nəticəsində bu mətbuat orqanı
nəinki Cənubi Qafqazda, bütün SSRİ-də nəşr edilən
mətbuat orqanları arasında böyük nüfuz qazana
bilmişdi. "Qızıl şəfəq"in 1000-ci nömrəsinin çapdan
çıxması münasibəti ilə Cənubi Qafqazda və başqa
yerlərdə nəşr olunan bir sıra mətbuat orqanları
qəzetin redaksiyasına təbrik məktubu göndərmiş və
yaradıcı kollektivə uğurlar arzulamışlar. Belə
mətbuat orqanlarından Azərbaycanda çıxan "Kommunist"
(redaktoru Əli Aslanov), "Yeni yol", "Bakinskiy
raboçiy", "Gənc işçi" (redaktoru Qəzənfər Məhəmmədov),
"Vışka", Naxçıvanda çıxan "Şərq qapısı", Tiflisdə
çıxan "Yeni kənd" (redaktoru Teymur Hüseynov), "Zarə
Vostoka", "Na rubeje Vostoka", "Krestğənskaə qazeta"
və s. göstərmək olar. Azərbaycan dilində çıxan yerli
mətbuat orqanlarından"Bolşevik surəti", "Zərbəçi
kolxozçu" "Qırımızı Basarkeçər", "Qızıl şəfəq"in 10
illiyi və 1000-ci nömrəsinin işıq üzü görməsi
münasibəti ilə bu mətbuat orqanını təbrik edirdi. Bu
da qəzetin gərgin fəaliyyətinə verilən ictimai dəyər
idi. Qəzet özünün 1000-ci nömrəsinin çapdan çıxması
münasibəti ilə rəngli formatda xüsusi yubiley
nömrəsi buraxmışdır.
Qəzetin uğurlu fəaliyyəti erməni şovinist
dairələrində qıcıq yaratdığından qəzetin ünvanını
tez-tez dəyişməklə onun artan nüfuzuna və
möhkəmlənməsinə hər vasitə ilə maneçilik törətməyə
çalışmışlar. Daimi redaksiyası olmayan qəzetin
redaksiyası 1929-cu ildə Engells küçəsi 4, kənd
təsərrüfatı bankının binasında, Abovyan 35-də,
1933-cü ildə Kununyan ev 23-də, 1934-cü ildə İrəvan
firqə komitəsinin ikinci mərtəbəsində, 1936-cı ildə
Qanuni küçəsi 32-də, mənzil kooperativ binasında və
s. yerləşirdi. Bu qəzeti oxucu kütləsi ilə canlı
təmasdan məhrum etmək, müxbirlərdən təcrid etmək
məqsədi güdürdü.
Belə ki, 1932-ci ildə Ermənistanda 10 mərkəzi, 13
rayon, 1933-cü ildə 13 mərkəzi, 18 rayon qəzeti,
1934-cü ildə isə 55 qəzet nəşr edildiyi halda,
bunlardan yalnız Azərbaycan dilində 1 mərkəzi üç
rayon qəzeti nəşr edilirdi.
Bütün bunlara baxmayaraq, "Qızıl şəfəq" qəzeti öz
fəaliyyətini uğurla davam etdirir və mətbuat
orqanları arasında öz yerini daha da
möhkəmləndirirdi. 1935-ci ildə Azərbaycan
yazıçılarından M.S.Ordubadi, M.Müşfiq, S.Rəhman,
M.Hüseyn, Y.Vəzirovdan ibarət nümayəndə heyəti
İrəvanda olarkən "Qızıl şəfəq" qəzetinin
redaksiyasında olmuş, bu mətbuat orqanının redaksiya
heyətinin üzvləri ilə görüş keçirmişlər. Görkəmli
yazıçı və şairlər "Qızıl şəfəq" qəzetinin fəaliyyəti
ilə yaxından tanış olmuşlar. Onlar qəzetin
azərbaycanlı əhali arasında böyük iş apardığını və
yaradıcı soydaşlarımızın bədii yaradıcılığının
inkişafında böyük rol oynadığını xüsusi qeyd
etmişlər.
Qəzet demək olar ki, Azərbaycandan İrəvana gəlmiş
şair və yazıçılardan ibarət nümayəndə heyətinin
səfərini onların bütün görüşlərini daim öz
səhifələrində işıqlandırmışdır. Qəzet onların səfər
təəssüratları ilə bağlı geniş müsahibəni və hər
birinin yaradıcılığından bədii nümunələr də dərc
etmişdir. Ümumiyyətlə, Azərbaycanın bir çox görkəmli
ziyalıları Vəli Xuluflu, Əli Nazim, Əbülhəsən və
başqaları qəzetin qonağı olmuşlar.
Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı öz
məkrli planlarını, şovinist və antitürk siyasətini
bütün sahələrdə olduğu kimi milli mətbuatımıza qarşı
da həyata keçirirdi. Ermənilər kommunist-bolşevik
pərdəsi altında ziyalılarımızı məhv etməklə yanaşı,
onlara qarşı fiziki terror və sui-qəsdlər təşkil
etməkdən çəkinmirdilər. Erməni terrorunun
qurbanlarından biri də "Qızıl şəfəq" qəzetinin
Dilican üzrə müxbiri, amansızcasına qətlə yetirilmiş
Alma Muğanlinski idi. "Qızıl şəfəq" qəzeti bu haqda
yazırdı: "Alma öz şərəfli vəzifəsini yerinə yetirmək
sahəsində ön sıralarda gedən bir yoldaş idi.
Düşmənlər ona sui-qəsd etməkdən çəkinməyərək Almanı
qətl etdilər".
Nəşrlər üzərində nəzarəti gücləndirmək və ya keçmişi
idealizə edən kiçik bir yazının da dərc edilməsinə
yol verməmək üçün 1922-ci ilin iyun ayında Ədəbiyyat
və Nəşriyyat Baş İdarəsi (Qlavlit) yaradılmışdı. Bu
mərkəzi idarənin hər bir müttəfiq respublikada
şöbəsi var idi. Bu şöbələr zahirdə respublika XKS-nə
tabe olsalar da, əslində, onların işinə Moskvadan
nəzarət olunurdu. Bu, səbəbdən də repressiya
illərində ən çox təqiblərə məruz qalan zümrələrdən
biri də mətbuat işçiləri idi. 1937-1938-ci illərdə
amansız repressiya "Qızıl şəfəq" qəzetinin
taleyindən də yan ötmədi. Belə ki, "Zəngi" sonralar
isə "Qızıl şəfəq" qəzetinin məsul redaktoru
M.Hüseynov güllələndi. M.Hüseynovun güllələnməsində
erməni şovinist dairələrinin xüsusi rol oynaması
aydın şəkildə özünü göstərmişdir. Bu ilk növbədə
onunla bağlı idi ki, M.Hüseynovun qəzetdə məsul
redaktor olduğu dövrlərdə azərbaycanlıların ədəbi-mədəni
yüksəlişinə hər vasitə ilə süni əngəllər yaratmağa
çalışan, Ermənistan rəhbərliyini kəskin tənqid edən,
erməni daşnaklarının azərbaycanlılara qarşı
törətdikləri vəhşiliklərə, qətliamlara və total
qırğınlara aid kifayət qədər materiallar çap
etdirməsi, Türkiyənin iqtisadi-siyasi uğurları,
Atatürkün, o cümlədən, digər türk dövlət
xadimlərinin haqqında qəzetin səhifələrində müntəzəm
yazılar dərc etdirməsi, Türkiyə haqqında intensiv
informasiyaların çap olunması erməni şovinistlərini
qıcıqlandırmaya bilməzdi. Qəzetin digər əməkdaşları
İbrahim Əliyev, İsmayıl Əliyev, Abdulla Mirzəyev,
məktublar şöbəsinin müdiri, şair Abbas Azəri də
repressiyaya məruz qalaraq, müxtəlif bəhanələrlə
aradan götürülmüşlər. Onların ən böyük təqsiri
mətbuatda xalqının tarixi haqqını müdafiə etmələri
idi.
Bütün bunlara baxmayaraq, onu da xüsusi qeyd etmək
yerinə düşər ki, müxtəlif vaxtlarda qəzetin məsul
redaktorları olmuş Əkbər Rizayev, Mustafa Hüseynov,
Əli Tağızadə, Rza Vəlibəyov, Səfər Alməmmədov və
başqaları əsl ziyalılıq cəsarəti göstərirdilər.
Onlar erməni şovinizmi əhatəsində soydaşlarımızın və
ana dilimizin hüquqlarını qoruyurdular.
Aparılan araşdırmalardan belə bir nəticə hasil olur
ki, 1 yanvar 1929-cu ildən 1 oktyabr 1937-ci ilə
kimi fəaliyyət göstərən "Qızıl şəfəq" qəzeti "Ermənistan"da
yaşayan azərbaycanlıların ictimai-siyasi və ədəbi-mədəni
həyatının güzgüsü idi. (Cəlal ALLAHVERDİYEV.
Filologiya üzrə fəlsəfə doktoru, dosent // 525-ci
qəzet.- 2021.- 18 may.- S.14;15.)
|