Professor Kərim Şükürov

 

Kərim Kərəm oğlu Şükürov 1956-cı il may ayının 10-da Bərdə rayonunda anadan olmuşdur. 1972-ci ildə Bərdə şəhər orta məktəbini bitirərək ADUnun (indiki BDU) tarix fakültəsinə daxil olmuşdur. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vuraraq, 1977-1980-ci illərdə Bərdə şəhər orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləmişdir, Bərdə Şəhər Sovetinin deputatı seçilmişdir.

1980-ci ildə ADU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olmuş, universitetdə pedaqoji fəaliyyətə başlamış, 1983-cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunaraq 1983-1989-cu illərdə SSRİ tarixi (oktyabra qədərki dövr), 1989-cu ildən Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirmişdir. K.Şükürov Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olmuş, ona rəhbərlik etmişdir.

Vətən tarixi ixtisası üzrə “Cənubi Azərbaycandan Zaqafqaziyaya kəsbkarlıq (XIX əsrin 30-cu illəri - 1905-ci il)” mövzusunda namizədlik dissertasiyası, “Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)” mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. “Türk xalqları XVI-XX yüzilliklərdə: say dinamikası (Çar Rusiyası və Sovetlər İttifaqı üzrə)” (1997), “Azərbaycan tarixi: Üç hissədə”, I-III hissələr (1994-2004), “Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)” (2004), “Türkmənçay1828. Tarixi xronika” (2006), “Qarabağ: real tarix, faktlar və sənədlər” (2005, Y.Mahmudovla birgə), “Naxçıvan: tarixi və abidələri”, (2007, Y.Mahmudovla birgə) və digər kitab və monoqrafiyaların, 280 məqalənin müəllifidir. Kitab və məqalələri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, ərəb və fars dillərində də nəşr edilmişdir.

Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq məhz professor Kərim Şükürov tərəfindən İran və Rusiya imperiyası arasında əhalinin miqrasiyasının hüquqi-siyasi məsələləri, miqrantların dinamikası və yerləşməsi məsələləri, əhalinin öyrənilməsinin mənbələri və tarixşünaslığı, Azərbaycanın tarixi demoqrafiyası tədqiq edilmişdir.

2012-ci ildə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, professor Kərim Şükürova Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilmişdir. Bir müddət Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi Elmlər üzrə Ekspert Şurasının sədri olmuşdur.

Professor Kərim Şükürov hazırda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, habelə Azərbaycanın tarixi demoqrafiyası şöbəsinin müdiri, Azərbaycan Turizm və Menecment Universitetinin professoru, “Visions of Azerbaijan” jurnalının məsləhətçi redaktoru və AzTv-də “Azərbaycan tarixi” proqramının aparıcısı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının sədridir.

 

 

 
 Virtual Sərgi Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır