BMT yanında
Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi,
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universiteti
kitabxanaşünaslıq kafedrasının müdiri, «Şöhrət» ordenli, tarix elmləri doktoru,
professor Abuzər Alı oğlu Xələfov Azərbaycan milli kitabxanaşünaslıq elminin
banisidir. Respublikamızda kitabxanaçılıq, biblioqrafiya elmlərinin və ali
kitabxanaçılıq təhsilinin yaranması və formalaşması onun adı ilə bağlıdır.
Abuzər Alı
oğlu Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanda – ulu Göyçə mahalının
Krasnoselo rayonunun Cil kəndində kəndli ailəsində anadan olmuşdur. O, natamam
orta təhsilini burada almış, Böyük Vətən müharibəsi illərində doğma kənddəki
kolxozda işləyə-işləyə təhsilini davam etdirmişdir.
1950-ci ildə
həmin rayonun Toxluca kənd orta məktəbini bitirən Abuzər Xələfov Bakı Dövlət
Universitetinin Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olur.
Hələ tələbəlik
illərində özünün qeyri-adi elmi qabiliyyəti ilə başqalarından fərqlənən bu gənc
tələbə elmi konfranslarda maraqlı məruzələrlə çıxış edir, dəfələrlə fəxri
fərmanlarla təltif olunur.
Əla oxuması və
ictimai fəallığı ilə diqqəti cəlb etdiyinə görə A.A.Xələfov ali təhsilini başa
çatdıran kimi Bakı Dövlət Universitetində müəllim vəzifəsində saxlanılır.
1955-1978-ci illərdə müəllim, baş müəllim, dosent vəzifələrində çalışır.
A.A.Xələfov
həmin illəri həyatının mühüm dövrü adlandırır. Belə ki, gənc mütəxəssis məhz o
dövrdə tədqiqatçı alim kimi özünün ustalığını artırır, elm və tədris prosesinə
rəhbərlik vərdişlərinə yiyələnir, bir sözlə, hərtərəfli təkmilləşir. A.Xələfovun
xoşbəxtliyi onda idi ki, bu illərdə o, Yusif Məmmədəliyev, Əliheydər Qarayev,
Şəfaət Mehdiyev, Faiq Bağırzadə, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan, Feyzulla
Qasımzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev,
Məmmədhüseyn Təhmasib, Əliheydər Qəhrəmanov, Mehdixan Vəkilov, Abbas Zamanov,
Pənah Xəlilov, Zülfəli İbrahimov və başqaları kimi görkəmli alim-pedaqoqlar
dəstəsi ilə əhatə olunmuşdu və onların təsiri ilə formalaşıb yetkinləşirdi. Bu
tanınmış şəxsiyyətlərdən hər biri gənc mütəxəssislərə kömək göstərməyə hər an
hazır olan geniş dünyagörüşlü, yüksək səviyyəli, qayğıkeş insan idi.
A.A.Xələfovun
işgüzar və səmərəli fəaliyyəti nəticəsində 1962-ci ildə BDU-nun kitabxanaçılıq
şöbəsi müstəqil fakültəyə çevrilir və o, yeni yaradılmış fakültənin ilk dekanı
seçilərək 25 il bu vəzifədə çalışır. 1963-cü ildə eyni zamanda kitabxanaşünaslıq
kafedrasının müdiri seçilən A.A.Xələfov bu günə kimi fasiləsiz olaraq həmin
vəzifəni uğurla yerinə yetirir.
Abuzər Xələfov
1961-ci ildə Azərbaycanda kitabxana işi üzrə ilk namizədlik, 1975-ci ildə isə
ilk doktorluq dissertasiyaları müdafiə edir, professor elmi adı alır.
Sevindirici
haldır ki, A.A.Xələfov Sovetlər Birliyi ərazisində kitabxana işi üzrə doktorluq
dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsi almış ilk
alimdir. Onun elmi rəhbəri isə Azərbaycan EA-nın müxbir üzvü, tanınmış alim,
qayğıkeş insan Zülfəli İbrahimov olmuşdur.
Azərbaycanda
kitabxana işi sahəsində ilk sanballı elmi-tədqiqatlar aparmış, ilk dəfə
namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş Abuzər Xələfov bununla da
həmişəlik ölkəmizdə kitabxanaşünaslıq elminin banisi statusunu qazanmışdır.