bootstrap carousel by WOWSlider.com v9.0
css slider by WOWSlider.com v9.0

Əliağa Şıxlinski 1865-ci il aprel ayının 23-də Qazax qəzasının Qazaxlı kəndində anadan olub. Anası Şah Yəmən xanım Qayıbova Azərbaycan ədəbiyyatının korifeylərindən biri olan unudulmaz şairimiz Molla Vəli Vidadinin nəvəsi idi. 1883-cü ildə orduda hərbi xidmətə başlayan Şıxlinski hərb sənətinin sirlərinə yiyələnməyə çalışır. Bütün bu uğurlu addımlar onu Peterburq artilleriya məktəbinə gətirir. 1886-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirən Şıxlinski 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi ön cəbhədə qəhrəmanlıqla vuruşmağa başlayır. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılır.

Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Əliağa Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi alır. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" əsəri 1910-cu ildə çap olunur. Bundan əlavə, onun "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilir. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verilir. Beləcə o, Azərbaycanın ilk hərbi generallarından olur, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilir.

1914-cü ildə baş verən I dünya müharibəsi zamanı Petroqrad şəhərinin artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırılır. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olunur.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əliağa Şıxlinskini vətəninə qayıtmağa məcbur edir. 1918-ci ilin dekabrında dövlətin hərbi işi Azərbaycanın iki görkəmli oğluna tapşırılır. Artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın hərbi naziri, daha bir artilleriya general-leytenantı Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin edilir. Qısa zaman ərzində bu iki şəxsiyyətin gərgin səylərilə Azərbaycan ordusu yaradılır. Ordunun xeyli cəbbəxanası formalaşır.

Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Əliağa Şıxlinski həmişə birincilər sırasında olub. O dörd müharibənin şahidi, üçünün iştirakçısı olub: 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il Cahan Müharibəsində, 1918-ci ildə isə torpaqlarımızın bütövlüyü uğrunda daşnak Ermənistanına qarşı döyüşüb. Böyük Vətən müharibəsinin şahidi olan qoca general yenə də fəaliyyətini dayandırmır. O, "Xatirələrim" kimi qiymətli hərbi memuarını diktə edib yazdırır. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan faydalanmasın, bir qiymətli mənbə kimi ondan istifadə etməsin.

Görkəmli sərkərdə Əliağa Şıxlinskinin xalqımız üçün ən böyük xidmətlərindən biri də 1917-ci ilin noyabrında olur. Həmin ayın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradır. Bununla da o, Azərbaycan Silahlı Qüvvəllərinin təməl daşını qoyur. Bu barədə general "Xatirələrim" hərbi memuarında daha dəqiq məlumat verir: "Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olunduğu barədə əmri oxudum. Öz xalqımın baş verə biləcək xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət edib Tiflisdə öz qərargahımı düzəltməyə başladım. Dekabrın 31-də öz qərargahımın ilk heyətilə Gəncəyə getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul olum. Korpus hissələrinin təşkilində böyük əngəllərə rast gəlirdik".

"Açıq söz" qəzeti 1918-ci il 7 yanvar tarixli nömrəsində nizami müsəlman əsgəri qüvvələrinin yaranması haqqında belə bir xəbər yaymışdı: "Yanvarın 3-də Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsinin üzvü, Mərkəzi Komitə sədri Fətəli xan Xoyski müsəlman əsgəri dəstələri təşkilatı haqqında məruzədə bulunmuşdur. Məruzədən anlaşıldığına görə, 1917-ci il dekabrın 11-də Zaqafqaziya Komissarlığı Zaqafqaziya müsəlmanlarından nizami ordu təşkil etməsi qətnaməsini çıxarmışdır. Nizami ordu üçün lazımi qədər könüllü cəm edilməsi işi Zaqafqaziya Mərkəzi Müsalman Komitəsinə həvalə edilmişdir. Nizami ordu təşkil edildikdən sonra müsalmanlardan alınan əsgəri verginin ləğv edilməsi haqqında Zaqafqaziya Komissarlığı tərəfindən dekret veriləcəkdir. Zaqafqaziya Komissarlığının qətnaməsinə əsasən, dekabrın 19-da beşinci və yeddinci Qafqaziya nişançı firqələrindən ibarət olan altıncı ordu korpusunun Müsəlman nizami ordusu ilə əvəz edilməsi haqqında Qafqaziya cəbhəsi qoşunlarının baş komandanı tərəfindən "Əmrnamə" verilmişdir. Həmin əsgər dəstələrini milliləşdirmək işlərinə nəzarət general Əliağa Şıxlinskiyə həvalə edilmişdir. General Əliağa Şıxlinski öz vəzifəsinin ifasına başlamışdır".

General Əliağa Şıxlinski 1918-ci ilin oktyabrında Gəncədə yeni yaratdığı Milli Azərbaycan korpusunun əsgərləri qarşısında çıxış edir: "Azərbaycanlılar birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana deyil və onun mövcudluğu hər hansı bir azərbaycanlının maddi rifahını daha da yaxşılaşdırmaq üçün yaranmayıb. Ordu xalqın istinadgahıdır - bura xalqın ləyaqətli oğulları gəlməlidir".

General Əliağa Şıxlinski bu vətənpərvər çıxışını Gəncədə praporşiklər məktəbinin birinci buraxılışı münasibətilə söyləyir. Bu şənlikdə Qafqaz İslam Ordusunun baş komandanı Nuru Paşa, atası Hacı Əhməd paşa, xalq təhsil naziri Nəsib bəy Usubbəyov, daxili işlər nazirinin vəkili Mehdi bəy Hacınski, sosial təminat naziri Musa bəy Rəfibəyov, Gəncə qubernatoru, general İbrahim aba Vəkilov və başqa dövlət xadimləri iştirak edirlər.

Azərbaycan Silahlı Qüvvələrinin 1918-20-ci illərdə təşkilində Əliağa Şıxlinskinin müstəsna rolu olur. Doğma xalqın nizami ordusunu yaratmaq istəyən general uzun illər hərbi təcrübəsindən gecə-gündüz istifadə edir. Yetmiş ildən çox Respublika Yeni Tarix Mərkəzi Dövlət arxivində "tam məxfidir" qrifi ilə saxlanan qiymətli bir sənəd bunu bir daha təsdiq edir. Milli Azərbaycan korpusunun komandiri general Əliağa Şıxlinski 1918-ci il dekabrın 13-də Gəncədən göndərdiyi "Məlumat"ında yeni Azərbaycan Ordusunun struktur layihəsini hazırlayır. General yazır ki, Azərbaycanın müstəqil respublika elan edilməsi ona may ayının 27-də qəzetlərdən aydın olur: "Mən mayın 28-də yeni dövlətin hərb nazirliyinin layihəsini artıq hazırlamışdım". Layihənin arxasında izahedici qeyd olan müfəssəl sxem əlavə edilir. Vəziyyətlə əlaqədar Əliağa Şıxlinski layihəsində təklif edir ki, vaxtilə türk zabitlərinin köməyilə yaradılmış hərbi korpus ləğv edilsin. Müharibə şəraitində bu azlıq təşkil edir. Əvəzində diviziyalar təşkil olunsun. Onlar da hərb nazirinə və onun köməkçisinə tabe olunsun.

Əliağa Şıxlinski layihədə incə bir mətləbə də toxunur. May ayında ilk müstəqil Azərbaycan hökuməti yarananda hərb naziri doktor Xosrov bəy Sultanov təyin edilir. O da mülki şəxs idi. Xosrov bəy türk zabitlərinin köməyilə ordunun təşkilində bəzi təxirəsalınmaz işlər görsə də, bu, ölkədəki ağır vəziyyəti yüngülləşdirmir. Azərbaycanın həm daxilindəki, həm də qonşuluğundakı amansız düşmənə qarşı güclü ordu yaratmaq vacib idi. Təhlükə o qədər artmışdı ki, ölkənin qərb rayonlarında hərbi vəziyyət elan olunur. Belə bir şəraitdə mülki şəxsin hərb naziri olmasını peşəkar hərbçi olan Əliağa Şıxlinski məsləhət bilmir. Ona görə də haqlı olaraq yazır ki, hərb naziri, əgər o mülki şəxsdirsə, onda özünün yanında səlahiyyətli şəxslərin çox kiçik sayından hərbi şura yaratmalı və qoşunların təlim-tərbiyəsinə bilavasitə nəzarət etmək üçün köməkçi təyin etməlidir.

Mətndən o da məlum olur ki, Əliağa Şıxlinski layihəni artıq ikinci, bəlkə də üçüncü dəfə hökumətin ünvanına göndərir: "Hökumət Gəncə şəhərinə köçən kimi (iyun ayının əvvəlində), mənim layihəm hərb nazirliyi müəssisələrinin müfəssəl sxemi şəklində Nazirlər Sovetinin sədrinə təqdim edilir. Ehtimal edilirdi ki, hökumətə tam məlumatı, yəqin ki, Nazirlər Sovetinin müvafiq iclasına dəvət olunacaq korpus komandiri şəxsən özü təqdim edəcək. Lakin mən heç bir yerə dəvət edilməmişəm və layihə haqqında heç bir xəbərdarlıq almamışam. Güman edirəm ki, layihə heç müzakirə edilməmişdir. Çünki Bakı quberniyasının bolşeviklərdən təmizlənməsi və bunun üçün lazım olan xarici kömək ilə əlaqədar olaraq yaranmış xüsusi şəraitə görə hökumət hərb naziri təyin etməkdən imtina etmişdir".

Nəhayət, hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin gün alovlu bir bəyanatla xalqa müraciət edir. Dekabrın 29-da isə general-leytenant Əliağa Şıxlinski hərb nazirinin müavini təyin olunur.

1920-ci il aprelin 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edir. Düşmən öz hiyləgərliyindən istifadə edərək müqavimətsiz təslim olmaq üçün gənc Azərbaycan Demokratik Respublikasına altı şərt irəli sürür. Bu şərtlərdən biri də Azərbaycan ordusunun ləğv olunmaması idi. Əliağa Şıxlinski qan tökülməsinin qarşısını almaq, həm də 72 minlik qoşunla vuruşmağın mümkünsüz olduğunu nəzərə alaraq minalanmış körpülərin partladılmasına icazə vermir. İşğaldan sonra isə imperiya yetkililəri verdikləri sözlərə əməl etmirlər. Azərbaycan ordusu hissə-hissə dağıdılır. Sovet imperiyası iki dahi şəxsiyyətə - Səməd bəy Mehmandarova və Əliağa Şıxlinskiyə isə toxunmur. Ən azı ona görə ki, hərbi ixtisasçı kimi onlar əvəzolunmaz idi.

Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında çalışır. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərilir. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz İslam Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başlayır. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edilib.

1928-ci ildə "Rusca-Azərbaycanca qısa hərbi lüğət" çap etdirən Şıxlinski məhz buna görə SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə təltif olunub. 1929-cu ildən istefaya çıxan general-leytenant Əliağa Şıxlinski bir çox orden və medallarla, o cümlədən Fransanın yüksək hərbi ordenlərilə mükafatlandırılıb. Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.

 

 

 Virtual Sərgi Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır