close

Aksiyalar

Son vaxtlar kitabxanalarda oxucularla işin aktiv forması kimi mütaliəyə dəstək olmaq, kitabla pis rəftara və kitab oxumamağa etiraz əlaməti olaraq, mütaliəni dəbə çevirmək məqsədilə müxtəlif aksiyalar təşkil edilir.

Aksiyanın konkret məqsədi və gözlənilən nəticələr müəyyənləşdirilməli, uğurlu ad, şüar, parlaq çıxışlar və s. hazırlanmalıdır. Tərəfdaşlar cəlb edilməli, müsabiqələr, yarışlar planlaşdırılmalı, internet və KİV-dən istifadə etməklə oxucuları məlumatlandırma və ünsiyyət təşkil edilməlidir. Valideynlərin, müəllimlərin, uşaqların, gənclərin mütaliəyə cəlb edilməsi, gənclərin hüquqi maarifləndirilməsi, ailə qiraəti, unudulmuş kitabların mütaliəsi, kitabxanalara yeni kitabların alınması və s. ilə əlaqədar “Gəlin Kitab Oxuyaq” aksiyası keçirilə bilər.

Evlərə kitab ataq. Kitab idrak mənbəyi, kamillik vasitəsidir. İnsan əsl təhsili mütaliə etməklə qazanır, bu vasitə ilə öz ruhunu qidalandırır, daxilindəki mənəvi boşluğu doldurur. Çox oxuyan, mütaliə edən insan çox bilir, geniş dünyagörüşünə malik olur, cəmiyyətdə özünün layiqli yerini tapır. “Evlərə kitab ataq” adı ilə təşkil edilən kütləvi aksiya açıq kitabxanın yeni bir layihəsi ola bilər. Kitabxanaçı fəal oxuculardan və könüllü gənclərdən ibarət qrup toplayır və ərazidə yerləşən bir neçə ev seçilir. Kitabxanaçı əvvəlcədən seçdiyi ən çox oxunan və ya oxunmasını daha məqsədəuyğun hesab etdiyi kitabları müəyyən edilmiş evlərə paylayır. Kitablar ailələrə verilərkən müəyyən müddət təyin edilir və o müddətdən sonra kitablar evlərdən yığılır. Yaxşı olardı ki, evlərə kitab verilərkən ailələrin oxu marağı öyrənilsin. Bunun üçün anket sorğular hazırlanır və evlərə təqdim edilir. Növbəti aksiyaya qədər bu sorğuların nəticələri təhlil edilir. Beləliklə, Açıq Kitabxana “hər evə öz kitabı” prinsipi ilə ərazidə mövcud olan ailələrin mütaliə vərdişlərinin formalaşdırılmasına və əhalidə mütaliə mədəniyyətinin inkişafına təsir göstərir.

“Kitab qiraəti günləri” əhali və geniş ictimaiyyət arasında kitabın təbliği, mütaliə mədəniyyətini formalaşdırmaq və açıq kitabxanaya potensial oxucu cəlb etmək məqsədilə təşkil edilir. Öncədən ərazidə yaşayan yaşlılar və kitab oxumaq imkanı olmayan fiziki qüsurlu şəxslər müəyyən edilir. Onların marağına uyğun bir neçə kitab seçilir və kitabxananın gənc oxucuları tərəfindən bu kitablar oxunur. Açıq Kitabxanaya gələ bilməyən fiziki məhdudiyyəti olan insanlar üçün kitablar evə aparılır və orada qiraət edilir. Bu barədə kitabxananın saytında anons yerləşdirməklə geniş ictimaiyyəti məlumatlandırmaq lazımdır.

Yaradıcı adamlarla görüş. Bu görüşə yazıçı və şairlər, rəssam və heykəltəraşlar, teatr xadimləri, musiqiçilər, kitabxanaya yaxın ərazidə yaşayan digər yaradıcı sənətkarlar dəvət oluna bilər. Belə görüşlər zamanı yazıçı və şairlər, kitab müəllifləri imzalı kitabları oxuculara təqdim edir, dəvət olunmuş heykəltəraşlar kitabxananın yerləşdiyi ərazidə mövcud olan abidələr, yaratdığı heykəllər, rəssamlar isə çəkdikləri rəsmlər barədə söhbət açır, kitabların onların həyatındakı rolundan bəhs edirlər. Tədbirin daha canlı keçməsi üçün sənətkara fəaliyyəti və gələcək yaradıcılıq planları, əsərləri həmçinin iş prosesi haqqında suallarla müraciət edilir. Görüşdə mövzu ilə bağlı olan əyani vasitələr və eksponatlar, kitablar nümayiş etdirilə bilər. Görüşdə dəvət olunmuş sənətkarların əl işlərindən ibarət guşə, digər tərəfdə tarixi abidələrimizi nümayiş etdirən foto stend, kitablardan ibarət sərgi təşkil etmək məqsədəuyğun olardı. Görüş haqqında məlumat onun keçirildiyi vaxtdan xeyli əvvəl elan olunmalıdır ki, iştirakçıların görüşü keçiriləcək müəllifin əsərləri ilə tanış olmağa vaxtı çatsın. Yazıçı və şairlərlə, xüsusilə gənc yazarlarla müəllim və şagirdlərin, gənclərin görüşlərinin tez-tez keçirilməsi çox yaxşı olardı. Belə tədbirlər şagirdləri mütaliəyə sövq edir, bədii yaradıcılığa meyilli uşaqları ruhlandırır, gənclərə isə uğur əldə etmək üçün motivasiya verir.

Müsabiqə. Kiçikyaşlı oxucuların təşəbbüskarlığına stimul verən və onlara öz yaradıcılığını inkişaf etdirmək imkanı yaradan kütləvi tədbir formalarından biri də müxtəlif mövzularda təşkil olunan müsabiqələrdir. Ən çox kitab oxuyan oxucu, ən yaxşı rəsm, ən yaxşı inşa, ən yaxşı şeir, ən yaxşı əl işi nominasiyaları üzrə müsabiqələr həyata keçirilə bilər. Müsabiqənin təşkili bir neçə mərhələdə həyata keçirilir. Müsabiqə keçirilməzdən əvvəl onun məqsədi və şərtləri, istifadəçilərin yaş xüsusiyyətləri və imkanları dəqiq nəzərə alınmalıdır. Bundan sonra iştirakçıların siyahısı, müsabiqənin keçirilmə müddəti, müsabiqənin mərhələləri və şərtləri müəyyənləşdirilir. Müsabiqənin yekun nəticələrinin keçirilməsi üçün münsiflər heyəti təşkil edilir və münsiflər heyətinin tərkibinə müsabiqənin mövzusuna uyğun sahənin mütəxəssisləri, mədəniyyət işçiləri, kitabxana rəhbərliyi, digər təşkilatların təlim və tərbiyə işləri üzrə təmsilçiləri seçilə bilər. Qaliblər müəyyən edildikdən sonra son mərhələdə qaliblərin mükafatlandırılması həyata keçirilir. Müsabiqə təşkil edilərkən yaxşı olardı ki, ərazidə fəaliyyət göstərən məktəblər, müxtəlif yaradıcılıq dərnəkləri ilə əməkdaşlıq edilsin.

Uşaqlar və yeniyetmələr arasında “Oxudun, danış” müsabiqəsi keçirmək olar. Müəyyən dövr ərzində (1 ay və ya 2 ay) kim daha çox kitab oxuyub danışırsa qalib o müəyyən edilir. Kitabxanaçı öncədən müsabiqə haqqında kitabxananın bütün oxucularını məlumatlandırmalı və ərazidə yerləşən məktəblər, digər təhsil müəssisələri ilə birgə müsabiqəyə hazırlaşmalıdır. Kitabxanaçı öncədən müsabiqə müddətini müəyyənləşdirir və müsabiqə iştirakçılarına oxunacaq kitabları tövsiyə edir. Həvəsləndirmə məqsədilə qaliblərə kitablar hədiyyə etmək və ya fəxri diplomlarla mükafatlandırmaq olar.

Oxuduğun əsərlər haqqında fikirlərini paylaş. Bu tədbir forması mütaliəyə həvəs yaratmaqda mühüm rola malikdir. Oxunmuş əsərlərin müzakirəsini həm Açıq Kitabxanada, həm də kitabxananın saytı və ya sosial şəbəkələr vasitəsi ilə təşkil etmək olar. Müzakirələrdə gənclər oxuduqları əsərlər, onların məziyyətləri, kitabın daha çox xoşlarına gələn hissələri haqqında danışır, öz qənaətlərini həmyaşıdları ilə paylaşırlar. Belə müzakirələr gənc oxucuların dünyagörüşünə, maraqlarının formalaşmasına müsbət təsir göstərir. Kitablar haqqında fikir mübadiləsinin müsbət cəhətlərindən biri də odur ki, oxucular bir-birlərinə mütaliə üçün kitablar tövsiyə edir və beləliklə oxunan kitabların sayı müntəzəm şəkildə artır.
Oxudun rəy yaz. Kitabxanaçı həmçinin oxunulmuş kitablar haqqında oxucuların rəylərini toplaya bilər. Bu zaman oxucular kitabxananın rəy və təkliflər dəftərinə hər oxuduqları kitab haqda rəylərini yazırlar. Yazılan rəylər toplanır və onları həm saytda, həm sosial şəbəkələrdə paylaşmaq və ya çap etmək olar. Beləliklə, bu üsulla kiçikyaşlı və yeniyetmə oxucuların özünü və fikirlərini ifadə bacarıqları formalaşır, mütaliəyə həvəsləri artır. Toplanmış rəylər isə həm kitabxananın oxucularının fəallığının, həm də hər hansı bir kitabın oxunma tarixçəsinin göstəricisidir.

Açıq Kitabxanada “Hansı kitabları oxumusan?” və ya “Oxuduğun ən maraqlı kitab” yazılmış qutu yerləşdirilir. Qutunun yanında vərəqlər qoyulur. Həmin vərəqlərdə oxucular oxuduqları ən maraqlı kitabların adlarını yazıb, qutuya atırlar. Kitabxanaçı bu vasitə ilə oxucularının maraq dairəsini müəyyənləşdirir, onların mütaliəsini istiqamətləndirir. Eyni zamanda daha çox oxunan və oxucular tərəfindən bəyənilən kitabların siyahısı hazırlanır, sərgisi təşkil edilir.

“Oxudun, rəsm çək”. Kitabxanaçı həmçinin oxuculara kitab verərkən kitabı mütaliə etdikdən sonra öz təəssüratlarını rəsmlər vasitəsilə ifadə etməyi, yəni rəsmlər çəkməyi xahiş edir. Müəyyən vaxtdan sonra oxucuların çəkdiyi rəsmlər toplanıla və həmin rəsmlərdən ibarət sərgi təşkil edilə bilər. Bu üsul digər oxucuları da kitab oxumağa və kitabxanada fərdi sərgisinin təşkilinə həvəsləndirə bilər. Kitabxananın saytında bu rəsmlərin virtual sərgilərini təşkil etmək, sosial şəbəkələrdə paylaşmaq da olar.