E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanımızda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatımızdan keçir. Bəzi əsərlər var ki, onlar açıqaçığına xalqımıza milli dirçəliş, oyanış hissiyyatlarını çatdırıbdır: Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın və başqalarının əsərləri. Amma digər əsərlər isə dolayısı ilə, ayrı-ayrı fikirlərlə millətimizə vətəni sevmək, vətənə sadiq olmaq, Azərbaycanı sevmək, azərbaycanlı olmaq hissiyyatlarını yaradıbdır.

Bu, bizim şairlərimizin, yazıçılarımızın əsərlərinin hamısından keçibdir. Klassik adlandırdığımız Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin, Məmməd Rahimin, Osman Sarıvəllinin, Süleyman Rəhimovun, Mehdi Hüseynin, Əbülhəsənin, Əli Vəliyevin, Mir Cəlalın, İlyas Əfəndiyevin, Mirvarid Dilbazinin də əsərlərindən yan keçməyibdir...

Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri


XX əsir milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır.Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev eyni zamanda görkəmli tədqiqatçı alim olmuşdur.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


Onun əsərləri bütöv bir dövrün mənzərəsini yaradır. O,böyük pedaqoq kimi Azərbaycan cəmiyyəti üçün minlərlə açıq fikirli tələbə yetişdirmişdir.

Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESKO-nun xoşməramlı səfiri


Mir Cəlal müəllim XX əsr Azərbaycan nəsrinin yükünü çiyinlərində daşıyan görkəmli yazıçılarımızdan biridir.

***

Mir Cəlal təbiət etibarilə necə sadə idisə, danışığı da eimi və bədii təhkiyyəsi də eləcə idi və əsas məsələ burasındadır ki, onun həm şəxsiyyətində, həm də yaradıcılığındakı o sadəlik qətiyyən primitvlik yox, müdrikliyin nəticəsi idi.

Elçin,
Xalq yazıçısı,


Müasir Azərbaycan ədəbiyyatının görkəmli təməlçilərindən olan Mir Cəlalın zəngin irsi məhz böyük həqiqətlərin sonsuz səmimiyyətlə bədii təcəssümünə əsaslanır. Təxminən əlli illik bədii yaradıcılığında Mir Cəlal öz oxucuları ilə həmişə səmimi və obyektiv söhbət aparmışdər; həyat materialını hər cür “kosmetik əməliyyatlardan” uzaq, bütün həqiqətləri ilə, gözəllik və faciələri ilə, gülməli və ağlamalı tərəfləri ilə canlandırmağı bacarmışdır. Buna görə də sovet dövründə yazılmış əsərləri bu gün də eyni maraq və məhəbbətlə qarşılanır, köhnəlmir və yəqin ki, heç vaxt da köhnəlməyəcək. Onların hər biri yazıldığı zamanın siyasi-ictimai və psixoloji-mənəvi səciyyəviliklərini dəqiqliklə, müfəssəlliklə təcəssüm etdirdiyindən, öz tarixinin bədii abidəsi, yadigarı kimi əbədiyaşardır.

***

Mir Cəlal deyəndə, hər şeydən əvvəl, gözəl romanlar və hekayələr müəllifi olan ədib təsəvvürümüzdə canlanmış olur. Çünki o, xalqımızın bədii yaddaşında ictimai tariximizin, xalq taleyinin mühüm problemlərini təhlil edən, həyat və tarix haqqında xalqı ilə ürəkdən, səmimi dəedləşə bilən, onunla sevinc və dərd şəriki olan ustad sənətkar kimi silinməz izlər buraxmışdır. “Dirilən adam”, “Bir gəncin manifesti”, ”Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər”, “Yolumuz hayanadır” kimi romanları, 292 hekayəsi və başqa janrlarda yazılmış bir çox əsəri həqiqi sənətkarın öz xalqı ilə əsl həsb-halının, dərdləşməsinin bədii nümunələridir!

Nərgiz Paşayeva,
Akademik


Mir Cəlalın yaradıcılığının şahidi olmaq, əksər əsərlərinin ilk oxucusu olmaq taleyin mənə bəxş etdiyi xoşbəxtlik idi.

Hafiz Paşayev,
Professor


Mİr Cəlal yaradıcılığının ən üstün cəhətlərindən biri də onun təmiz, şaqraq və büllur dili idi. Onun dili, xalq danışıq tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və bədii dildir.

Bəxtiyar Vahabzadə,
Xalq şairi


Mir Cəlal üçün ədəbiyyat hava və su idi. Həmişə, hər yerdə, bütün söhbətlərində ədəbiyyatdan, sənətdən, bunların elmi təhlilindən uzağa getməzdi. Nizami, Füzuli, Mirzə Cəlil, Sabir, Cavid, Səməd Vurğun kimi sənətkarlar haqqında danışmaqdan usanmaz, doymaq bilməzdi. Ədəbiyyat tarixi yazılanların tarixi deyil, oxunanların tarixidir, deyərdi. Və öz sözləri ilə desək, “kiflənmiş ədəbiyyatı” üzə çıxarıb mübaliğəli şəkildə tərif edənləri sevməzdi. Ədəbiyyatda ən çox qiymətləndirdiyi həqiqət, müasirlik, xəlqilik, sadəlik və yığcamlıq kimi məziyyətlər, aydın dil və üslub idi. Bədii əsərlərindən ən çox istədiyi övladları qədər sevdiyi “Bir gəncin manifesti” romanından tez-tez söhbət açsa da, bunu da yazıçılığını gözə soxmaq üçün eləmirdi, roman janrında yığcamlığa əməl etmək baxımından nümunə göstərirdi... Bir də vaxtilə “Dirilən adam” romanının haqsız tənqid olunduğunu yada salardı. Başqa heç bir əsərindən söhbət salmaz, yazıçı olduğunu, nə kimi əsərlər yazdığını dilinə belə gətirməzdi. Füzuli, Mirzə Cəlil, Sabir yaradıcılığından bəhs edən elmi əsərləri üzərində cilalama işini ardıcıl davam etdirərdi. “Azərbaycanda ədəbi məktəblər” adlı doktorluq işini kitab halında görmək ən böyük arzularından idi.

***

Ədəbiyyatdan canlı həyat qədər zövq alan, şeir və sənətdən danışmaqdan əsla doymaq bilməyən, bədii əsərlərin, klassik irsin nəşri və ardıcıl təbliğini bir an belə unutmayan həssas, tələbkar, qayğıkeş bir vətəndaş olan Mir Cəlal gənc ədəbiyyatşünaslara ədəbiyyatımızın və dilimizin qeyrətini çəkməyi həmişə tövsiyə edərdi.

Firidun Hüseynov,
professor


Mir Cəlalın qəhrəmanları olduqca təbii, inandırıcı, koloritli bir şəkildə danışırlar... Mir Cəlal peyzajı da canlı və təbii verir. peyzaj əsərdəki hadisələrlə o dərəcədə bağlıdır ki, o, əsərin ayrıl-maz, üzvi bir parçasına çevrilir.

Məmməd Arif,
akademik


Mir Cəlal sakit və təmkinli bir yazıçıdır; o boş və artıq gurul¬tudan, təbiiliyi poza biləcək bir cizgi belə işlətməkdən çəkinən yazıçıdır.

Məmməd Cəfər,
akademik


Mir Cəlalın “Bir gəncin manifesti” əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının ən yüksək mərhələsi idi.

Mehdi Hüseyn,
Xalq yazıçısı


Mir Cəlal müəllim həqiqətən peyğəmbər təbiətli insan idi.Xeyirxahlıq onun canında,qanindaydı.Mir Cəlal müəllim insanpərvər idi.İstedadlı adamların qədrini bilirdi.

Nəriman Həsənzadə,
Xalq şairi


Mir Cəlal müəllim bir insan kimi çox sakit,işıqlı,müdrik simaya malik idi.Onun üzündə,gözlərinin dərinliyində daim işıqlı,munis,nurlu bir təbəssüm olardı.

Şamil Salmanov,
professor


“Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanının hər bir sözü öz tərcümeyi-halının bir hissəsi kimi görünür. Canlı və səmimi həyəcanı dərhal oxucuya təsir edir. Kitabı oxuyub örtdükdən sonra adama elə gəlir ki, özünün dünənki həyatını, həyəcan və sevinclərini sənə nağıl edən bir adamla bir neçə saat maraqlısöhbət etmisən”. Bu sitatdır. Sizin yaradıcılığınızdakı dərin səmimiyyətdən bəhs edən onlarca tənqidçi və ədəbiyyatşünasdan tək birinin qeydi.

Mir Cəlalın əsərlərində əvvəldən axıra qədər kəndə bağlı olan ağsaçlı ata-anaların, xala və dayıların surətləri əsas yer tutur. Yazıçı öz taleyini onların taleyindən ayırmır, öz qəlbində onların ürəyinin, onların ürəyində öz ürəyinin döyüntüsünü hiss edir.

İsa Hüseynov,
Əməkdar incəsənət xadimi


Mir Cəlalın insanlara,iş yoldaşlarına,ümumən onunla az və ya çox dərəcədə əlaqədar olan adamlara aydın,açıq münasibəti var idi.Adamlara şəxsi keyfiyyətinə,savadına,intizamına tapşırılan işi yerinə yetirmək qabiliyyətinə görə münasibət bəsləyirdi.

Yusif Seyidov,
professor


Şerdən,sənətdən danışanda,həmişə ədəbiyyatın bəzi problemlərinə də toxunar,nəzəri məsələləri çox sadə bir tərzdə izah edərdi.Çox vaxt bizə bu fikri aşılamağı çalışardı ki, ədəbiyyata təsadüfi gəlib çıxanlar gec-tez səhfini anlayıb uzaqlaşacaq və sevdiyi sahəni özü axtarıb tapacaqdır.

Əmirxan Xəlilov,
professor


Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır.

Qara Namazov,
professor


Mir Cəlal görkəmli ALİM idi. Alim sözünü böyük hərflərlə nəzərə çarpdırmağımın və ondan əvvəl görkəmli təyinini işlətməyimin səbəbi var. Mir Cəlal yazıçı olmasaydı belə, biz ondan elmdə müəyyən iz buraxan görkəmli bir alim kimi söz açardıq.

Vaqif Yusifli,
filologiya elmləri doktoru


Professor Mir Cəlal Paşayev geniş yaradıcılıq fəaliyyətinə malik olan bir şəxsiyyət idi: O, görkəmli yazıçı, tanınmış nəzəriyyəçi filoloq alim, nümunəvi müəllim kimi xatirələrdə əbədi yaşayır. Mir Cəlal müəllim nəzəri filoloq olmaqla yanaşı, çox gözəl müəllim kimi tanınırdı. O, təkcə bilik vermir, eyni zamanda hərəkətləri, adamlara münasibəti ilə tərbiyə edirdi

***

Professor Mir Cəlal müəllimin mülayimliyi, humanizmi onun ciddiyyətinə, obyektivliyinə qətiyyən mane olmurdu. O, bu mülayimliyi ilə yanaşı, olduqca prinsipial və obyektiv bir şəxsiyyət idi.

Şəmistan Mikayilov,
professor


“Məktəblərdə, mütləq “” İnsanlıq” bir predmet kimi təlim olunmalıdır. İnsanlıq və insanlıq fəlsəfəsi bu yazıçıdan ötrühəyat idealına çevrilmişdi. İnsanlıq və insanlıq fəlsəfəsi onun əsərlərində həmişə qırmızı bir xətlə keçirdi.

Qılman İlkin,
Xalq yazıçısı


Oxucunun etimadını, xalqın hörmətini qazanmaq o qədər də asan iş deyil. Xalq işində yüksək məsuliyyət hissi, düzlük, doğruluq, çörəyi halal, əməyə bağlılıq, sənətin mücahidi ola bilmək, böyüyə hörmət, kiçiyəmərhəmət, ailəyə sədaqətli olmaq kimi yüksək insani keyfiyyətlərlə zəngin olan gənc qələm sahibi Mir Cəlal, illər keçdikcə sözünə, nəsihətinə ehtiyac duyulan ağsaqqala çevrildi.

Mirvarid Dilbazi,
Xalq şairi


Alim Mir Cəlal Paşayevin elmi əsərlərinin dili, üslubu öz qələm yoldaşlarının heç birinin dilinə, üslubuna oxşamır. Onun əsərlərində nə publisistika var, nə də qəliblənmiş elmi termini tədqiqat dili. O, elmi əsərlərini yazıçı Mir Cəlalın qələmindəki yığcamlıq və şirinliklə, amma dərin axıcı eli mühakimə tutumu olan dillə yazardı. Bu yazı indi də təkraredilməz örnəkdir.

Pənah Xəlilov,
filologiya elmləri doktoru, professor


Mir Cəlal müəllim hər şeydən əvvəl çox orijinal və qüdrətli bir pedaqoq idi. O, təbiəti, davranışı və əməlləri ilə tələblərinə ibrətli, təsirli örnək idi. Aspirant olanda da, müəllim kimi bir yerdə işləyəndə də hər bir fikrimizi, hərəkətimizi yerindəcə “redaktə” etməyi unutmazdı. Həyata, yaradıcılığa böyük amallarla, müqəddəs ideyalarla baxardı və tələbələrinə də bunu təlqin edərdi.

Təhsin Mütəllimov,
filologiya üzrə elmlər doktoru, Əməkdar Elm Xadimi


Mir Cəlal müəllim dünyasını çox tez dəyişdi. Ancaq o bir ömürdəneçə ömür yaşadı: gözəl bir alim, qüdrətli sənətkar və ən başlıcası, ləyaqətli və heç zaman unudulmayan bir insan ömrü...

Balaş Azəroğlu,
Xalq şairi


Bəli, mən onun çoxsaylı əsərlərini, bədii və elmi araşdırmalarını oxuduqca, onun manifestini görürəm. Hörmətli müəllimlərim və dostlarım, professorlar Teymur Əhmədovun, Qara Namazovun, Vaqif Vəliyevin, mərhum Firidun Hüseynovun xatirələri mənim ürəyimdəki müəllim heykəlini, sadə insan obrazını daha da nurlandırıb. Bu nurlu obraz – Mir Cəlal müəllimdir. Dodağından təbəssüm düşməyən hörmətli Mir Cəlal müəllim. Onun yazdıqları və bizə dedikləri isə mənalı bir ömrün manifestidir.

İsmayıl Vəliyev,
filologiya elmləri doktoru, professor


Elmi ədəbiyyata bələd olduqca Mir Cəlal müəllimin bir alim kimi dərin zəkasına, analatik təfəkkürünə, erudisyasına, zəhmətkeş-liyinə heyran olurdum. O, təkcə istedadlı müəllim, yazıçı deyilmiş, həm də mütəfəkkir ədəbiyyatşünas-alim imiş. Bunu mən onun ədəbi məktəblər haqqında yazdığı monumental tədqiqat əsərini, Məhəmməd Füzuli irsi, Cəlil Məmmədquluzadə realizmi, Nəriman Nərimanovun bədii yaradıcılığı və s. elmi araşdırmalarını oxuduqca, sanki kəşf etdim.

Teymur Əhmədov,
filologiya elmləri doktoru, professor


Biz – o uzaq illərin tələbələri hərdən görüşüb, bir yerə yığışanda istər-istəməz müəllimlərimizdən söz salır, hörmət və ehtiramla onları xatırlayarıq. Bu sırada Mir Cəlal müəllimin ayrıca yeri, istək mərtəbəsi var. O, öz adını bizim hər birimizin qəlbinə nurlu hərflərlə nəqş edib. Unudulmaz müəllimimizin, gözəl sənətkarlarımızın işıqlı obrazı xəyallarımızdan gələcək illərə boylanır. Fikrimizdə isə hamımızın eyni vurğu ilə dilə gətirdiyimiz sözələr qanadlanır: “Ürəyinə ürək çatmazdı, bir işıq idi Mir Cəlal müəllim!.”

Nahid Hacızadə,
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru


Mir Cəlal müəllim böyük yazıçı, böyük alim, gözəl insan kimi Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox böyük işlər görmüş, XX əsr ədəbiyyatşünaslığın məktəbini yaratmışdır.

Abdulla Abbasov,
filologiya elmləri doktoru professor