“Ədibin
evi”. Bu ev görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal
Paşayevin 1920-1940-cı illərdə yaşadığı evdir. Bu ev
onun ailəsi tərəfindən təmir edilərək ədibin anadan
olmasının 109-cu ildönümündə ev-muzeyi kimi
mədəniyyətsevərlərin istifadəsinə verilib.
Mir
Cəlal Paşayev onu yazıçı kimi məşhur edən “Bir
gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir
çox satirik hekayələrini məhz bu evin birinci
mərtəbəsində, ailəsi ilə yaşadığı iki kiçik otaqda
yazıb. Həyat yoldaşı Püstə xanımla burada ailə qurub,
ilk övladları bu evdə dünyaya göz açıb. Ədibin
1967-ci ildə yazdığı “Bakı görüşləri” adlı xatirə
məqaləsində bu evdə yaşadığı illər, həmin dövrdəki
Bakının yaradıcı ab-havası, yazıçının müasirləri ilə
görüşləri, fikir mübadilələri təsvir edilib.
“Ədibin
evi”nin yaradılmasında məqsəd bu yeri ədəbiyyat,
mədəniyyət ocağına çevirmək və bununla da Mir Cəlal
irsini davam etdirməkdir. “Ədibin evi” şəhərimizin
ən maraqlı və tarixi guşələrindən birində -
İçərişəhərdə yerləşir.
|