Gəncə şəhərindəki bu məktəb 1962-ci ildə istifadəyə verilib və ilk dövrlərdə 39
nömrəli beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ildə görkəmli
ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin vəfatından sonra onun
adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə
Mir Cəlal Paşayevin adı verilib. Bu təhsil ocağı nəinki Gəncənin,
ümumilikdə Azərbaycanın ən nüfuzlu məktəblərindən biridir. Məktəbin
müəllim kollektivi arasında “Tərəqqi” medalına, “Əməkdar müəllim”,
“Qabaqcıl təhsil işçisi”, “İlin ən yaxşı müəllimi” fəxri adlarına layiq
görülmüş pedaqoqlar var. Hər il məzunların əksəriyyəti yüksək balla
ölkəmizin və dünyanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olur,
Prezident təqaüdünə layiq görülür.
Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı
Sərəncama əsasən bu məktəb 2009-2010-cu dərs ilində keçirilən “Ən yaxşı
ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
Təhsil müəssisəsinin ümumi ərazisi 12 min kvadratmetrdir.
Ətrafda yaşıllıq zolağı yaradılıb, 3,2 min kvadratmetr sahə asfaltlanıb.
Dördmərtəbəli binanın foyesində ümummilli lider Heydər
Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən
fotolardan ibarət guşələr yaradılıb. Burada, eyni zamanda, smart sinif,
informatika, psixoloq otaqları, inzibati bölmə, fizika, kimya, biologiya
kabinetləri də zəruri ləvazimatla təchiz edilib.
|