Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür.
Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət
və qüssəsinin əzəməti ilə unudulmaz.
31 mart ikinci günlərdən idi.
MART SOYQIRIMI
Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3
aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının
müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran,
Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə
Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara
qarşı törətdikləri qırğın.
Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın
azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli
Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd
olunur.
Üç
gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi
ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar
etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli
günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı
hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman
(azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla
parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün
sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları,
burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları
doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da
rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması,
ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi
şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar
sırasındadır.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər
ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri
olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı
aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab
yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı
ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə
çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi
beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci
illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin,
Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları
nəzərinizə təqdim edirik:
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin
qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər
mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə
yandırılmış, əhalisi məhv edilmişdir.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan,
uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü
pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini
məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər.
Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst
edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv
edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı
dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər
arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi
məhv edilmişdir.