E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

"ZƏNGİ" QƏZETİ

 

   

1921-ci ilin iyun ayında İrəvanda Azərbaycan dilində "Rəncbər" qəzeti nəşr edildi. Amma erməni şovinist dairələrinin məkrli siyasəti nəticəsində 1922-ci ilin dekabr ayının sonlarında "Rəncbər" qəzetinin də nəşri dayandırılır.

Bununla da azərbaycanlı oxucular  yenidən anadilli mətbuat orqanından məhrum edilir. İrəvanda və bölgələrdə yaşayan azərbaycanlı əhalinin isə qəzet nəşrinə olan tələbatı gündən-günə artırdı. İrəvan ziyalıları mədəni həyatda köklü dirçəlişin həyata keçirilməsi üçün Azərbaycan dilli mətbuatın yaranmasının zərurət olduğunu isə aydın şəkildə dərk edirdilər. 

Bir qrup İrəvan ziyalıları, xüsusən EK(b) P MK-nın yanında fəaliyyət göstərən "Azsaylı xalqlar" şöbəsinin müdiri Bala Əfəndiyev erməni şovinist dairələri qarşısında Azərbaycan dilində mətbu orqanın yaradılması haqqında dəfələrlə rəsmi şəkildə müraciət etsə də, qəzet nəşrinə icazə verməmişdilər. Amma milli düşüncəli, qeyrətli azərbaycanlı ziyalılar - Bala Əfəndiyevin, Mustafa Hüseynovun, Əkbər Rizayevin, Murtuza Muradovun, Mehdi Kazımovun təşəbbüsü, milli və siyasi iradəsi, qətiyyəti, uzunmüddətli gərgin mübarizəsi sayəsində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən 1924-cü ilin noyabr ayının əvvəlində qəzetin "Zəngi" adı ilə nəşr olunmasına icazə verilir. "Zəngi" qəzeti bu haqda yazır: "Ermənistanda şura hökuməti qurulduğu zamanlarda İrəvanda "Kommunist", bilaxirə "Rəncbər" adında qəzetlər çıxmaqda idi. Fəqət qəzetlərin davam etdirilməsi üçün ən ziyadə maddi cəhətin olmaması ikinci məsələyə də mane olurdu. Cümhuriyyətimizin təsərrüfatı artmış və bu yolda qazandığımız müvəffəqiyyət Ermənistanda yenidən bir türk qəzetinin çıxmasını meydana atmışdır. Buna görə də Ermənistan K(b) P MK əfkarı naşiri olmaq üzrə "Zəngi" adında qəzeti nəşrə başlamışdır. Qəzetin fikri və məqsədi yalnız şura türk kəndlərini xəbərdar etmək və qəzalarda olan türklərin yaşamasına yardım etməkdir".

Araşdırmalar nəticəsində məlum olur ki, bu qəzetin də nəşr edilməsinə 1922-ci illərdə Ermənistanın Xalq Maarif Komissarı, 1924-cü ildən isə EK(b) MK-nin katibi olmuş, Aşot Ohanesyan mane olurmuş. Sonralar qəzetin redaktoru olmuş Mustafa Hüseynovun İrəvanda anadilli bolşevik mətbuatının yaranması haqqında yazılarından da məlum olur ki, xaricdəki erməni lobbisi də Azərbaycan dilində qəzetin nəşr edilməsinə müxtəlif vasitələrlə maneəçilik törədirmiş. Xaricdəki erməni daşnaklarının proqramı əsasında fəaliyyətlərini müəyyənləşdirən Ermənistanın bolşevik cildinə bürünmüş rəhbərləri qeyrətli Azərbaycan ziyalılarının təkidli tələbindən sonra məcburiyyət qarşısında qalaraq "Zəngi" adlı qəzetin nəşr edilməsinə icazə vermişdi. Onu da qeyd edək ki, qəzetin erməni şovinist dairələrinin istədiyi adla deyil, Bala Əfəndiyevin təşəbbüsü ilə "Zəngi" adı ilə nəşr edilməsi məqsədəuyğun hesab edilmişdir.

"Zəngi" qəzetinin nəşrinə icazə verilməsinə baxmayaraq, onun işıq üzü görməsi heç də asan olmamışdır. Qəzetin nəşrini təmin etmək üçün mətbəə, şrift, bir sıra texniki avadanlıqların əldə olunması, işçi qüvvəsinin toplanması, məqalə yazmaq və s. bu kimi meydana gələn problemlərin  həll edilməsi günün ən vacib məsələlərindən idi. Mətbəədə türkcə şriftin az olması, onun da yalnız 2-3 səhifəyə kifayət edəcəyi "Azsaylı xalqlar" şöbəsinin müdiri B.Əfəndiyevi və qəzetin digər işçilərini çətinlik qarşısında qoymuşdu. Qəzetin nəşri məsələsi, ilk nömrəsinin çıxması isə 1924-cü ilin noyabr ayının 29-a nəzərdə tutulmuşdu. Mətbəədə texniki və mütəxəssis çatışmazlığına baxmayaraq, qəzet nəzərdə tutulduğu vaxtda çıxa bilmişdi. Bala Əfəndiyevin redaktorluğu ilə 29 noyabr 1924-cü ildə 2 səhifədən ibarət olan "Zəngi" qəzetinin ilk sayı işıq üzü görür. Amma qəzetdə "Zəhmətkeş" adı ilə nəşr edilmiş "İki bayram" adlı məqalədə "Zəngi"nin nədənsə 1925-ci il noyabr ayının 29-da işıq üzü gördüyü qeyd edilmişdir. Apardığımız araşdırmalardan və "Zəngi" qəzetinin əldə etdiyimiz ilk nömrəsindən aydın olur ki, qəzet 1925-ci ildə deyil, 29  noyabr 1924-cü ildə işıq üzü görmüşdür. Qəzetin ilk və sonrakı bir neçə nömrəsi Bala Əfəndiyevin, Mustafa Hüseynovun, Murtuza Muradovun böyük əzmkarlığı və səyi ilə araya-ərsəyə gəlir.

Qəzet nəşr olunduğu ilk günlərdən azərbaycanlı oxucularda böyük maraq doğurduğundan, bu mətbu orqanın ətrafına çoxlu sayda müxbirlər, yaradıcı ziyalılar toplaşmağa başlayır. Qısa zaman ərzində Əkbər Rizayev, Əli Heydarov, Əli Şabanov, Hüseyn Münşiyev, Qulam Fərhadov, Əsgər Əsgərzadə, Məhəmməd Əzimzadə, Məcid Sultanov, Əli Rəhimov, Qəşəm Şahbazov, Həbib Məhəmmədzadə, Əhməd Əhmədov, Qasım Əliyev, Lütfullah Muğanlinski, Kərim Əhmədov, Əşrəf Yusifzadə və başqa ziyalılar qəzetin işində fəal iştirak edərək, onun ən aktiv müxbirlərinə çevrilmişdilər.

"Zəngi"nin redaktoru B.Əfəndiyev, redaksiya heyətinin üzvləri M.Hüseynov, Ə.Rizayev, M.Muradov və başqaları qəzetin maddi-texniki bazasının gücləndirilməsi, səviyyəsinin yüksəldilməsi üçün böyük əzmkarlıq göstərirdilər.

Qəzetin keyfiyyətli və qüsursuz, sanballı nəşri üçün təcrübəli mütəxəssis kadrlara isə böyük ehtiyac olduğundan B.Əfəndiyevin, M.Hüseynovun şəxsi təşəbbüsü və yardımı sayəsində redaksiyanın əməkdaşları peşə ixtisasını artırmaq məqsədi ilə Moskva, Leninqrad, Xarkov, Rostov və başqa şəhərlərdə nəşr olunan "Pravda", "İzvestiya" kimi qəzetlərin redaksiyalarında iş təcrübəsi keçməyə göndərilirdilər.

"Zəngi" qəzetinin nömrələrini ardıcıl izlədikdə burada "Molla Nəsrəddin" satirik jurnalının təsiri daha çox nəzərə çarpır. Bəzi imzaların ortaqlığı, felyetonların, karikaturaların oxşarlığı, satirik məzmunlu yazıların üslubu özünü daha çox göstərir. Görünür, vaxtı ilə "Molla Nəsrəddin" satirik jurnalı İrəvanda özünə daha möhkəm yer tutub.

Qəzetin sütunlarında həkim məsləhətləri, kənd təsərrüfatının yeni üsullarla qurulması, aqronom tövsiyələri kimi yazılar müntəzəm dərc olunurdu. Qəzet yerli azərbaycanlı əhalinin qarşılaşdığı problemlərin həll edilməsində hüquqlarının qorunmasında da çox böyük rol oynayırdı. "Zəngi" qəzeti azərbaycanlı əhali arasında savadsızlığın aradan qaldırılmasına, maarif və təhsilin inkişafına, yeni türk əlifbasının təbliğinə və tətbiqinə xüsusi diqqət yetirirdi.

Qəzet öz səhifələrində partiyanın, hökumətin qarşıya qoyduqları vəzifələri də müntəzəm işıqlandırırdı. İstər İrəvanda, istərsə də başqa şəhərlərdə çıxan dövri mətbuat hər halda Sovet mətbuatı idi. Buna görə də mətbuat yalnız kommunist-bolşevik ideologiyasını təbliğ etməli və bu prinsipdən kənara çıxmamalı idi.

"Zəngi" qəzeti İrəvan Yeni Türk Əlifba Komitəsinin fəaliyyətini, yeni əlifba islahatı ilə bağlı məsələləri müntəzəm işıqlandırmışdır. Qəzetdə 1926-cı il fevral ayının 22-də 163 nəfər nümayəndənin iştirakı, B.Əfəndiyevin sədrliyi və Səməd Ağamalı oğlunun fəxri sədrliyi ilə İrəvan YTƏK-in konfransının keçirilmiş və konfransın işi ilə bağlı öz səhifələrində geniş məlumat dərc edilmişdir.

"Zəngi" qəzetində Türkoloji Qurultayın yekunları 7 səsə 101 səslə yeni əlifbanın qəbul edilməsi ilə bağlı yazılar da öz əksini tapmışdır. Onu da qeyd edək ki, Türkoloji Qurultayda iştirak etmək üçün Bakıya gəlmiş B.Əfəndiyev burada olarkən "Zəngi" qəzetini bütünlüklə latın əlifbası ilə çap etmək üçün Səməd bəy Ağamalı oğlunun və başqalarının köməyi ilə 15 pud latın şrifti çap dəzgahı alaraq İrəvana gətirmişdir.

İrəvan ziyalıları B.Əfəndiyev, M.Kazımov, M.Mirbabayev, Əkbər Rizayev, Q.Fəhradov, M.Mirbağırov və başqaları yeni əlifba islahatı ilə bağlı "Zəngi" qəzetində müntəzəm çıxış edirdilər.

İrəvanda mədəni inqilabın eninə və dərininə inkişaf etməsində böyük və danılmaz xidmətləri olan İrəvan Türk Qadınlar Klubunun da fəaliyyətini "Zəngi" qəzeti müntəzəm öz səhifələrində işıqlandırırdı. Yeri gəlmişkən, onu da qeyd edim ki, Qadınlar Klubu İrəvanda Azərbaycan mətbuatının inkişafına da öz töhfəsini vermişdir. Bülbül Kazımova, Fatma Əfəndiyeva, Ənvər Rizayeva, Şaman Süleymanova, Mənzərə Axundova, Qeyis Münşiyeva, Nabat İbrahimova, Siddiqə Babayeva, İ.Bağırova və başqaları "Zəngi" qəzetinin ən aktiv qadın müxbirləri idi. Bu fədakar qadınların İrəvanda Azərbaycan mətbuatının təbliğində və inkişafında da böyük xidmətləri olmuşdur.

Sosial həyatın elə bir sahəsi yox idi ki, "Zəngi" qəzeti həmin sahəyə nüfuz etməsin. Azərbaycan dilində yeganə mətbuat orqanı olan bu qəzet İrəvanda yaşayıb, yaradan azərbaycanlı ziyalılar üçün bir növ tribuna rolunu oynayırdı.

Araşdırmalardan məlum olur ki, "Zəngi" qəzeti 29 noyabr 1924-cü ildən 1927-ci ilin dekabr ayının sonuna qədər həftədə bir dəfə nəşr olunmuşdur. Amma qəzetin gündən-günə artmaqda olan nüfuzu, geniş oxucu kütləsinin ruporuna çevrilməsi, onun kiçik formatda, həftədə bir dəfə çıxması, azərbaycanlı əhalinin mətbuata artan tələbatını ödəyə bilmirdi. Bu tələbat qəzetin böyük formatda gündəlik çıxmasını labüd etsə də, redaksiyanın kollektivi tərəfindən EK(b)MK-ya edilən müraciətlər öz həllini tapmırdı.

Amma buna baxmayaraq, 1926-cı ilin əvvələrindən qəzetin məsul redaktoru vəzifəsində çalışan Mustafa Hüseynovun siyasi və milli iradəsi sayəsində 1928-ci ilin yanvar ayının 1-dən həftədə iki dəfə 4 səhifədən ibarət olmaqla nəşr edilməyə başlayır. Hər həftə bazar və cümə günləri çıxan "Zəngi" qəzetinin nüfuzu getdikcə daha da artmaqda idi. 1924-cü ildə qəzetin tirajı 400, 1926-cı ildə 550, 1927-ci ildə 1040, 1928-ci ilin martında 2400 olmuşdur. Qəzet azərbaycanlı oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılandığından tirajının  sürətlə artmasına müvəffəq olurdu.

"Zəngi" qəzeti 1927-ci ildə İrəvan yazıçılar cəmiyyətinin nəzdində yaradılmış azərbaycanlı bölməsinin ətrafında toplaşan ədəbi qüvvələrin yaradıcılıq istiqamətlərinin müəyyənləşməsinə və inkişafına da öz təsirini göstərirdi. İrəvanda Azərbaycan poeziyasının aparıcı qüvvələri olan Nəriman Fəxri, Əbülfət Rəhimov, Adil Axundov, Abbas Tahir, Telman Nəzərli, Əli Əliyev, Cəlal Sərdar və başqa gənc şair və yazıçıların bədii nümunələrini öz səhifələrində işıqlandırırdı. Bu da mövcud dövrün ədəbi proseslərini izləmək və öyrənmək baxımından imkan verir. Qəzetin səhifələrində teatr tamaşaları haqqında resenziyalar da öz əksini tapırdı.

Getdikcə Cənubi Qafqazda aparıcı mətbuat orqanlarından birinə çevrilən bu qəzet 1928-ci ilin dekabr ayının 31-nə kimi "Zəngi" adı ilə fəaliyyət göstərmişdir. Müxtəlif vaxtlarda B.Əfəndiyevin və M.Hüseynovun redaktorluğu ilə işıq üzü görən "Zəngi" qəzeti fəaliyyəti dövründə öz vəzifəsini şərəflə yerinə yetirməyə çalışıb, ictimai-siyasi və mədəni həyatımızın salnaməsi olub. (Cəlal ALLAHVERDİYEV. Filologiya üzrə fəlsəfə doktoru, dosent //525-ci qəzet.- 2021.- 2 aprel.- S.15.)

 

<< Geri